Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Aşıqlar Birliyi bir sıra tədbirlər həyata keçirməyi nəzərdə tutur. Artıq bu istiqamətdə ilk addım da atılıb – ustadın lirik şeirlərindən ibarət kitab oxucuların ixtiyarına verilib.
Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, hələ ötən ilin sonlarından bu yubileylə bağlı hazırlıq işlərinə başlanılıb: “İlk olaraq Aşıq Ələsgərin daha çox dillər əzbəri olan lirik şeirlərindən ibarət kitab nəşrə hazırlanıb. Kitabın Aşıq Ələsgərin indiyədək nəşr olunmuş kitablarından fərqi ondan ibarətdir ki, ilk dəfə olaraq kitaba daxil edilmiş şeirlərin bütün aşıq mühitləri nəzərə alınmaqla hansı aşıq havaları üstündə oxuna bilməsi haqqında da məlumat verilir. Eləcə də, şeirlərdə işlədilmiş arxaizmlərin və ərəb-fars mənşəli sözlərin izahlı lüğəti də verilib”.
Bildirilib ki, Aşıq Ələsgər irsinin toplanması və nəşrində əvəzsiz xidmətləri olan H.Əlizadə, M.H.Təhmasib və İ.Ələsgərin indiyədək hazırladıqları kitablar və eləcə də ustad aşıqların repertuarları əsasında hazırlanmış kitab saz-söz ictimaiyyəti və aşıq sənətinin tədrisi ilə məşğul olan ixtisas məktəbləri üçün nəzərdə tutulur.
Qeyd edək ki, kitabı nəşrə hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!