Yazıçı Reyhan Yusifqızının “Kompüterin kələyi” əsəri fars dilinə tərcümə olunub.
Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) İran Milli bölməsinin F.Köçərli adına Respublika Uşaq Kitabxanasına verdiyi məlumata görə, yazıçı Reyhan Yusifqızının “Kompüterin kələyi” əsərini fars dilinə uşaq yazarı, tərcüməçi, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yusefi tərcümə edib.
Qeyd edək ki, əsər 2021-ci ilin yanvar ayında Tehranda fəaliyyət göstərən “Hamşəhri” nəşriyyatının “Doçərxə” jurnalının 1025-ci nömrəsində nəşr olunub.
Xatırladaq ki, F.Köçərli adına Respublika Uşaq kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Təşkilata üzv olmaqda əsas məqsəd Azərbaycanda uşaq yazıçıları, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltmək, Beynəlxalq Uşaq Kitabı Şurası ilə ölkəmizi tanıtmaq və uşaq ədəbiyyatı sahəsində olan yenilikləri təbliğ etməklə uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir. Həmçinin uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!