Yusif Nazim Ərəbsoyun şeirləri

BÖYÜMƏDİ

 

Üç böyüdü dörd oldu,

Sevgi böyüdü dərd oldu,

Toxum böyüdü bitki oldu.

Pişik böyüdü pələng olmadı,

Hər böyüyən nəhəng olmadı,

yekəpər olanı çox oldu.

Uşaq böyüdü qoca oldu,

beşik böyüdü tabut oldu.

Həyat böyüdü ölüm oldu.

İnsan böyüdü, insanlıq böyümədi.

 

SAKİT OL

Qəbiristanlıqdan

ölüm qoxusu gəlmir heç zaman,

qışda qar ətri, yazda çiçək qoxusu gəlir.

Ey adam, qəbiristanlıqda sakit ağla,

                                   şüvən salma;

burda dünyanın yuxusu gəlir!

 

ŞIRILTI

Hər kəs eşidər it mırıltısını,

qarğa qırıltısını,

göy gurultusunu…

Hər kəs eşitməz axan zamanın şırıltısını,

Əzrayıl açan qapının cırıltısını.

 

Heç kəs qulağın şəkləməsin,

ölümü bəkləməsin.

Onsuz da ölüm

ağlagəlməyən yerdə,

ağlasığmayan zamanda özü peyda olacaq.

 

ARI SÜRÜSÜ

Çəmənə uçuşan arı sürüsü kimi

uçuşurdu güllələr.

Arılar güllərdən şirə,

güllələr ürəklərdən can çəkirlər!

Arılar pətəyə döndü,

güllələr darağa dönmədi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!