Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub.

Kitabın rəssamı Soltan Soltanlıdır. Nəşriyyat “Yarımçıq əlyazma” romanını “Alman oxucu bu romanda Şərqin özünəməxsus rəngini görəcək və fərqli bir tarixi dövrünə şahidlik edəcək” təqdimatı ilə oxucuların ixtiyarına verib.

Qeyd edək ki, 2020-ci ildə yazıçının “Sehrbazlar dərəsi” romanı da Almaniyada yayımlanıb.

Çap olunduğu ölkələrin sayına görə dünya ədəbiyyatının həqiqi faktına çevrilən roman - Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya, Qırğızıstan, İtaliya, Gürcüstan, Monteneqro və Yaponiyada nəşr edilib.

Azərbaycanda tənqidçilərin müxtəlif müzakirə və mübahisələrinə səbəb olan, ətrafında çeşidli ədəbi qalmaqallar yaranan bu əsər 2007-ci ildə "525-ci qəzet"in "İlin romanı", Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin "Son 10 ilin ədəbi əsəri", 2007-ci ildə "Humay" mükafatlarına layiq görülüb. “Yarımçıq əlyazma” 2015-ci il sentyabrın 21-də İtaliyanın Rikardo Tanaturri Fondunun təsis etdiyi "Scanno" mükafatının ("Skanoprize") ədəbiyyat üzrə xüsusi prizini ölkəmizə gətirib.

Xüsusilə qeyd etmək lazımdır ki, bu əsər çap olunduğu xarici ölkələrdə uğurlu nəşr həyatı yaşayaraq müxtəlif illərdə Fransada (2003, 2005), Türkiyədə (2006, 2014), Rusiyada (2006, 2013), İtaliyada (2014, 2015) təkrar çap edilib.

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!