Yanvarın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Nizami Gəncəvi İli”nin açılışı münasibətilə “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” mövzusunda kitab sərgisinin açılış mərasimi və “Azərbaycan əlyazmaları Praqa Milli Kitabxanasında” adlı qədim əlyazmaları kitab kataloqunun təqdimatı keçirilib. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə, eyni zamanda, akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Böyük Britaniyanın Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzi tərəfindən ingilis dilində nəşr olunan Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının da təqdimatı olub.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, bu il ölkəmizdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar şairin yaradıcılığının təbliği və oxuculara yaxından tanıdılması ilə bağlı bir sıra tədbirlərin keçirilməsinə start verildiyini söyləyib.
Bildirib ki, görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsinin Ulu Öndər tərəfindən başlanan ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir: “Ötən illər ərzində “Nəsimi ili”, “Multikulturalizm ili” kimi neçə-neçə əlamətdar tədbirlər keçirilib, digər dahi şəxsiyyətlərimizin yubileyləri təşkil olunub. Bütün bunları Prezidentin mədəniyyətimizə, eyni zamanda, Azərbaycanı dünyada tanıdan böyük şəxslərə qiyməti kimi dəyərləndirmək lazımdır. Təəssüflər olsun ki, vaxtilə Nizaminin, Füzulinin, Tusinin və bir çox başqa mütəfəkkirlərimizin əlyazmaları Azərbaycandan daşınıb aparılıb. Oxuculara və mütəxəssislərə təqdim olunan “Azərbaycan əlyazmaları Praqa Milli Kitabxanasında” adlı kataloqda öz əksini tapan qiymətli əlyazmalar da bir vaxtlar Azərbaycandan çıxarılaraq xarici ölkələrə aparılmış və taleyin hökmü ilə nə yollarlasa Çexiyaya, Praqa Milli Kitabxanasına gəlib çıxmışdır. Təəssüflər olsun ki, 100 ilə yaxın bir müddətdə həmin kitabxanada mühafizə olunmasına baxmayaraq, Azərbaycan, türk və farsdilli Azərbaycan nəfəsli bu qiymətli əlyazmalardan heç kimin xəbəri olmamış və bu səbəbdən də onlar tədqiq olunmamışdır. Dünya kitabxanalarında mühafizə olunan Azərbaycan əlyazmalarının bu günədək nəşr olunan heç bir kataloqunda da bu əlyazmalar öz əksini tapmayıb. Ən vacibi budur ki, Praqa Milli Kitabxanasında böyük Azərbaycan şairi Nizami Gəncəvinin ən qədim əlyazma nüsxələrindən birinin mühafizə olunduğu aşkar edilmişdir”.
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, son illərdə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinin yubileyləri ilə əlaqədar, habelə milli-mənəvi dəyərlərimizə hörmətə sadiqlik əlaməti olaraq Prezident tərəfindən sərəncamların imzalanması ənənəyə çevrilib: “Əksər tədbirlərin həm də UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin və ədəbiyyatının beynəlxalq miqyasda təbliğində müstəsna əhəmiyyətə malikdir. Bu il də dünya şöhrətli şair və mütəfəkkir Nizaminin 880 illik yubileyi respublikamızla bərabər ICESCO-da, bütün dünyada, habelə TÜRKSOY tərəfindən türk dünyasında qeyd olunacaq”.
Nazir qeyd edib ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə artıq iki ildir “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatı klassiklərinə mənsub olan qiymətli əlyazmaların müəyyən olunaraq elektron və kağız nüsxələrinin gətirilməsi layihəsini həyata keçirir: “Artıq bu layihə üzrə son 2 il ərzində 53 qiymətli əlyazmanın elektron və kağız surətlərinin Azərbaycana gətirilməsi təmin olunub ki, onların arasında Türkiyə, İran, Misir, ABŞ, Avstriya, Bosniya, Çexiya, Rusiya və digər ölkələrin milli kitabxanalarında saxlanılan Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Nəsrəddin Tusi, Sahib Təbrizi və digər klassiklərimizin qiymətli əlyazmaları var. Həmin əlyazmaların içərisində dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu günədək Azərbaycan elminə məlum olmayan qiymətli əlyazmalarını da qeyd etmək olar. İnanırıq ki, həmin əlyazmalar alimlərimiz və tədqiqatçılarımız tərəfindən geniş tədqiq olunacaq. Bu il “Nizami Gəncəvi İli” olduğuna görə biz bu il böyük Nizaminin əlyazmalarının surətlərinin Azərbaycana gətirilməsinə daha çox diqqət yetirəcəyik, Nizami haqqında və onun əsərlərindən ibarət çoxlu sayda kitab çap olunacaq, fundamental biblioqrafiyalar və ensiklopediyalar hazırlanacaq”.
A.Kərimov Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzinin İdarə Heyətinin üzvü, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Azərbaycan və ingilis dillərində həmin Mərkəz tərəfindən nəfis şəkildə nəşr olunmuş, böyük rus şərqşünası Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabını nizamişünaslıq elminə böyük töhfə kimi dəyərləndirib. Nazir “Azərbaycan nəfəsli əlyazmaları Praqa Milli Kitabxanasında” adlı kataloqunu da “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində atılan dəyərli addımlardan biri hesab edib: “Bu kataloqda əksini tapan bir sıra əlyazmaların, o cümlədən Nizami Gəncəvinin “Xəmsə”sinin XIV-XV əsrlərə aid ən qədim əlyazmalarının də adı var. Çox təəssüf ki, onların əksəriyyətinin bu günədək Azərbaycanda və dünyada nəşr olunan əlyazma kataloqlarında adı yoxdur, bu səbəbdən də alimlərimiz və mütəxəssislərimiz tərəfindən tədqiq olunmayıb. İnanıram ki, Milli Kitabxanamız bu kataloqda əhatə olunan əlyazmalarının elektron surətlərinin Azərbaycana gətirilməsinə nail olacaq və onları mütəxəssislərimizin istifadəsinə təqdim edəcək”.
Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, bu il çox böyük mədəniyyət hadisələri ilə zəngin olacaq. İl ərzində “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlərlə yanaşı, işğaldan azad olunan və mədəniyyətimizin paytaxtı elan edilən Şuşada Xarı bülbül festivalı və Vaqif poeziya günləri qeyd ediləcək: “Bu tədbirlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə yardım edəcək. Bu gün Nizaminin öncə gənclərimizə tanıdılmasına böyük ehtiyac var. Bu baxımdan bugünkü tədbirdə təqdim olunan kitablar böyük əhəmiyyət daşıyır. Oksford Universitetində Nizami Mərkəzinin yaradılması və Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ingilis dilində çapını Nizami irsinin tanıdılmasında mühüm addım hesab edirəm”.
Tədbirdə Xalq yazıçıları Elçin, Kamal Abdulla, akademiklər Nizami Cəfərov, Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək Prezident İlham Əliyevin bu ili “Nizami Gəncəvi İli” elan etməsini ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsi olduğunu qeyd ediblər. Vurğulayıblar ki, Nizami Gəncəvinin zəngin bədii irsini müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməyə, onu dünyaya məhz Azərbaycan şairi kimi daha çox tanıtmağa ehtiyac vardır.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!