Nur-Sultanda Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil edilən "Türk dünyası: Tarixi - mədəni İrs" konfransı çərçivəsində eyniadlı fundamental elmi əsərin təqdimatı keçirilib.
Qazaxıstanın birinci prezidenti -Elbası Nursultan Nazarbayevin “Ön söz”ü ilə nəşr edilmiş fundamental əsərdə məşhur səyyahlar tərəfindən yaradılmış qədim xəritələr, eləcə də əcdadlarımızın zəngin mədəni irsini nümayiş etdirən mühüm məlumatları yer alıb.
Atlas N.Nazarbayevin "Böyük çölün yeddi özəlliyi" adlı proqram məqaləsinin əsas müddəalarını əks etdirən altı tematik bölmədən ibarətdir.
Tədbirdə atlas haqqında videoçarx nümayiş olunub. "Türk dünyası nadir sivilizasiyadır; onun minillik tarixi Mərkəzi Avrasiyanın nəhəng məkanında cərəyan edərək bütün Avrasiya materikinə toxunur. Türk xalqlarının yaratdığı böyük dövlətlər Avrasiyanın siyasi xəritəsini əsrlərboyu müəyyənləşdiriblər", - deyə videoçarxda bildirilir.
Beynəlxalq Türk Akademiyasının prezidenti bildirib ki, əsası Azərbaycanın Naxçıvan şəhərində qoyulan və Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində yerləşən Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi beynəlxalq konfransın da əsas məqsədi türk xalqlarının dövlətçilik tarixinə yenidən nəzər salmaq, onun tədqiqini yenidən aktuallaşdırmaqdır. Konfrans çərçivəsində təqdim olunan “Türk dünyası: Tarixi-mədəni İrs” atlası da türk dövlətlərindən olan alimlər tərəfindən hazırlanıb və Uzaq Şərqdən Avropanın mərkəzinə qədər uzanan böyük coğrafiyadakı tarixi mirası əhatə edir.
Qeyd edək ki, “Türk dünyası: Tarixi-mədəni İrs” atlasında digər türkdilli dövlətlərlə yanaşı, Azərbaycanın tarixinə, maddi-mədəni mirasına geniş yer ayrılıb. Burda dünyanın nüfuzlu arxivlərindən və mənbələrindən tarixin müxtəlif dövrlərinə aid nadir xəritələr əks olunub, Qobustan qayaüstü rəsmlərindən tutmuş, Saklar dönəminə aid Mingəçevirdə tapılan qədim tarixi nümunələr, yenicə işğaldan azad etdiyimiz Xudafərin körpüsü, Naxçıvandakı Möminə Xatun türbəsi, Şirvanşahlar sarayı, İrəvandakı Azərbaycana məxsus tarixi Göy Məscid, Qarabağ atları, habelə müxtəlif azərbaycanlı tarixi şəxsiyyətlər barədə məlumatlar və digər önəmli informasiyalar cəmlənib.
Qeyd edək ki, atlasın xəritələri türk, ərəb, fars, Avropa və Rusiya alimləri tərəfindən tərtib edilmişdir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!