Yazıçı Cavid Zeynallının “Şükriyyə” kitabı işıq üzü görüb

Yazıçı Cavid Zeynallının “Şükriyyə” adlı yeni kitabı işıq üzü görüb. Kitabda müəllifin “Şükriyyə”, “Tanrı quşu gəlmədi”, “Ölümə gedən” adlı pyesləri, “Sergi ata” (L.Tolstoy), “Varavva” (P.Lagerkvist), “Əsirin qayıtması” (A.Morua) və “Cəmilə” (Ç.Aytmatov) əsərlərinin səhnələşdirmələri yer alıb.

Bu barədə  yazıçı özü məlumat verib.

Cavid Zeynallı bildirib ki, kitabı Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanıma vəfa borcu sayır:

“Şükriyyə xanımın həyatını dərindən araşdırandan sonra onun faciəsinin sənət həllini məhz səhnədə təsəvvür elədim. Əlbəttə, gələcəkdə bu material əsasında ssenari də yazmaq olar. İmkan düşən kimi bunu edəcəyəm. Şükriyyə xanım Azərbaycan qadınlığının ləyaqət simvoludur və inanıram ki, bu pyes əsasında hazırlanan tamaşanı tezliklə səhnədə görə biləcəyik. Digər iki pyesdən biri - "Ölümə gedən" birpərdəli pyesdir və Mədəniyyət Nazirliyinin dramaturgiya müsabiqəsinin qalibi olub. "Tanrı quşu gəlmədi" pyesi isə keçmişinin əzablarını çəkən insanın faciəsi haqqındadır. Kitabda dünya ədəbiyyatının dörd məşhur əsərinin səhnələşdirməsi yer alıb. Bu əsərlər mənim çox sevdiyim əsərlərdir və onların hər biri Azərbaycan səhnəsinə yalnız başucalığı gətirər. Açığı, səhnələşdirmələrin pyeslərlə bərabər bir kitabda çap olunmasına tərəddüd edirdim, amma dostlarla məsləhətləşəndən sonra tərəddüdə yer qalmadı. Səhnələşdirmə böyük əziyyətdir. Üstəlik, rejissorlar üçün hazır materialdır. İnanıram ki, həm pyeslər, həm də səhnələşdirmələr rejissorların diqqətini çəkəcək”.

“Mücrü” nəşriyyatında çap olunan kitabın redaktoru Həmidə Nizamiqızı, naşiri isə Müşfiq Xandır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!