Beynəlxalq Türk Akademiyası 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsini alqışlayıb.
Akademiya bununla bağlı açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyi şərəfinə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi əhəmiyyətli hadisə kimi bütün türk dünyasında xüsusi rəğbətlə qarşılanıb.
“Beynəlxalq Türk Akademiyası olaraq Prezident İlham Əliyevin qərarını təqdir edir, dahi şair və mütəfəkkirin 880 illik yubileyini təşkilatın 2021-ci il üçün Fəaliyyət Planına daxil etməklə bu qərara dəstəyimizi bildiririk.
Nizami Gəncəvi insanlıq üçün böyük xəzinə olan yaradıcılığı ilə təkcə Azərbaycanın və türk dünyasının deyil, bütün bəşəriyyətin əvəzsiz mənəvi sərvətinə çevrilmişdir. Onun yaradıcılığının tədqiqi və dünya miqyasında təbliği Beynəlxalq Türk Akademiyasının da prioritetləri sırasındadır. Hesab edirik ki, müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliği baxımından “Nizami Gəncəvi İli” çərçivəsində keçiriləcək tədbirlər əhəmiyyətli beynəlxalq əməkdaşlıq platforması formalaşdıracaq, böyük mütəfəkkirin irsinin daha ətraflı tədqiqinə önəmli töhfə olacaqdır”, - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, Akademiya “Türk dünyası ədəbiyyat antologiyaları” seriyasından 2018-ci ildə nəşr etdiyi “Azərbaycan ədəbiyyatı antologiyası”nı da məhz dahi şairin əsərləri ilə başlayıb.
Xatırladaq ki, ötən il dekabrın 30-da Nizami Gəncəvinin əsərlərində təbliğ edilən ümumbəşəri dəyərləri dünyada daha geniş miqyasda yaymaq istiqamətində fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu çərçivədə 2021-ci il ərzində beynəlxalq aləmdə birgə tədbirlərin təşkili planlaşdırılıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!