Ədəbiyyat Muzeyində keçirilən beynəlxalq konfrans yeni ideyalarla zəngin olub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Klassik Azərbaycan ədəbiyyatı və incəsənətinin milli özünütəsdiqdə və Mərkəzi Asiyadakı mədəni tərəqqidə yeri” mövzusunda 3 gün ərzində keçirilən beynəlxalq elmi konfransın dekabrın 28-də son plenar iclası reallaşıb.
AZƏRTAC xəbər verir ki, ölkənin elmi həyatında əlamətdar hadisəyə çevrilən, Avropa və Asiyanın təhsil və elm mərkəzlərindən bir sıra tanınmış alimlərin, Azərbaycanın aparıcı elmi-tədqiqat müəssisələri və ali məktəblərindən tədqiqatçıların qatıldığı beynəlxalq konfrans 300-dək məruzəni əhatə edib.
 
Koronavirus pandemiyasının doğurduğu məhdudiyyətləri nəzərə alaraq Nizami Muzeyinin "İstiqlal” zalında dekabrın 23-də beynəlxalq konfransın ilk plenar iclası keçirilib. Dekabrın 24-25-də mühüm elmi tədbirin 10 bölməsi üzrə müzakirələr videokonfrans formatında davam edib.
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 80 illiyi münasibətilə təşkil olunmuş beynəlxalq konfransın onlayn formatda davam edən iclaslarında həm yerli, həm də xarici iştirakçıların Azərbaycan, rus, fars və ingilis dillərində təqdim etdiyi məruzələr lokal, regional, eləcə də qlobal ədəbi-mədəni problemlərlə bağlı olub. Məruzələrin böyük hissəsi Azərbaycan və onun ədəbi-mədəni dəyərlərinin orta əsrlərdən bəri Mərkəzi Asiyadakı transfer proseslərinə təsiri məsələlərinə həsr olunsa da, bir qismi Yaxın və Orta Şərq xalqlarının əbədiyaşar əsərləri və şəxsiyyətləri barədə elmi yeniliklərlə dolu bir sıra araşdırmaları əhatə edib.
Filologiya elmləri doktorları, professorlar Xəlil Yusiflinin "Nizami Gəncəvinin Atabəy Məhəmməd Cahan Pəhləvana cavabı”, Rəhilə Qeybullayevanın "Ədəbiyyat antropologiyası: Azərbaycan cəmiyyətində qadın və evlilik modelləri”, Nizami Məmmədovun "Abayın bədii-fəlsəfi konsepsiyasında üç mənbənin rolu”, filologiya üzrə fəlsəfə doktorları Səadət Şıxiyevanın "XIX əsr Azərbaycan və Türkiyə ədəbiyyatında əlifnamələr”, Nəzakət Məmmədlinin "Əttar və Gülşəhrinin "Məntiq üt-teyr” əsərlərinin müqayisəli təhlili”, Vüsalə Musalının "Klassik Azərbaycan ədəbiyyatının elektron qaynaqları” mövzularında məruzələri ətrafında geniş müzakirələr aparılıb.
Konfransın dilçilik bölməsində çıxış edən tədqiqatçılardan professor Buludxan Xəlilovun "Əl-Farabi dil elmi barədə”, professor Əsmətxanım Məmmədovanın "Nizami əsərlərində fonetik-qrafik variantlı leksemlər”, İrandan olan tədqiqatçı xanım Pərvin Nahidinin "Əruz vəzni bəhrlərinin Saib Təbrizi şeirlərində işlənmə tərzi” və başqa məruzələr dilşünaslığın aktual problemləri kontekstində nəzərdən keçirilib.
Dekabrın 28-də həm canlı, həm də onlayn formatda tədbirə qatılan məruzəçilərin iştirakı ilə keçirilən yekun iclasda akademik Rafael Hüseynov konfransın gedişi, nəticələri, buradakı maraqlı çıxışlar barədə fikirlərini bölüşüb. O, İrandan, Qazaxıstandan, Avropa ölkələrindən konfransa qatılan alimlərin təqdim etdiyi məruzələrdə Azərbaycan ədəbiyyatı və incəsənətinin müxtəlif aspektlərdə təhlilinin Mərkəzi Asiyadakı mədəni tərəqqinin ümumi mənzərəsini daha aydın görməyə xüsusi töhfə olduğunu vurğulayıb: "Azərbaycan xoşbəxtdir ki, lap çoxdan ümumdünya səciyyəsi daşıyan bu qlobal gedişatda məhz dahi şəxsiyyətlərinin və ölməz əsərlərinin sayəsində özünü həm ən yüksək ləyaqət və şərəflə ifadə və təsdiq edə bilib, həm də çox ölkələri, çox xalqları əhatə edən bu bəşəri cərəyana daim öz həlledici, inkişafı sürətləndirən töhfələrini verməyi bacarıb”.
Akademik qeyd edib ki, bu beynəlxalq konfrans bütün ayrıntıları və bütövlüyü ilə həmin möhtəşəm yolu bir daha seyr və təhlil etmək fürsətidir.
Konfrans materialları PDF formatda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin saytında yerləşdirilib. Məruzələrin nəfis tərtibatda buraxılmış çap variantı isə konfransda əyani iştirak edən alimlərə təqdim olunub.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!