Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Esmira Fuadın tərtibçi, öz söz və izahların müəllifi olduğu "Güney Azərbaycan uşaq ədəbiyyatı antologiyası" çap olunub. "Güney Azərbaycanda uşaq ədəbiyyatının inkişafı çağdaş ədəbi prosesin əsas prioritetlərindən biridir..." başlıqlı ön sözdə müəllif kitab haqqında ətraflı məlumat verib.
Kitabın baş məsləhətçisi Rəsul Qədiri, redaktorları Fikrət Süleymanoğlu və Süsən Nəvadeye Rəzidir. Kitabın rəyçiləri Ədəbiyyat İnstitutunun əməkdaşları professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru Elnarə Akimova və dosent Aygün Bağırlıdır. 790 səhifəlik antologiya QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyəsi və layihəsi əsasında "Elm və təhsil" nəşriyyatında işıq üzü görüb.
İlk dəfə nəşr olunan antologiyaya Güney Azərbaycan şair və yazıçılarının son yüz əlli ildə yaratdıqları zəngin uşaq ədəbiyyatı xəzinəsindən fərqli janr və üslublara aid poeziya, nəsr və dramaturgiya nümunələri daxil edilib. Bu əsərlər Güneydə uşaq ədəbiyyatının ideya-məzmun və sənətkarlıq baxımından inkişafını izləmək, qiymətləndirmək üçün faydalı qaynaqlardır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!