Sentyabrın 29-da Bakıda görkəmli türkoloq-alim Nemət Kelimbetovun ana dilimizə tərcümə edilən “Türk xalqlarının qədim ədəbi abidələri” kitabının təqdimatı keçirilib.
Tərcümənin təşəbbüskarı Əməkdar İncəsənət Xadimi Çingiz Əlioğlu V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində təqdim edilən kitabın məziyyətlərindən danışıb. Vurğulanıb ki, kitabı rus dilindən Azərbaycan dilinə fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı tərcümə edib.
Kitabın Qazaxıstan və bütün türk dünyasının elmi fikri üçün böyük əhəmiyyətə malik olduğunu deyən Ç.Əlioğlu bu elmi monoqrafiyanın tarixi dəyərini xüsusi qeyd edib.
Bildirilib ki, ötən 20 il ərzində qazax tarixini, XV əsr qazax xanlığının formalaşmasını daha dərin tarixi dövrlərlə zənginləşdirmək üçün müxtəlif cəhdlər edilib. Ancaq N.Kelimbetov müxtəlif zamanlarda türk dünyası regionunda yaşayan xalqlara aid ədəbi abidələrin formalaşmasının ümumi qanunauyğunluğunu tapmağa böyük cəhdlər göstərib. Əsl tədqiqatçı-alim kimi Nemət Kelimbetov qazax xalqının mədəni zənginliyinin dərin qatlarını ardıcıl, hərtərəfli araşdırıb.
Diqqətə çatdırılıb ki, kitabda bir tərəfdən türkdilli birlik, digər tərəfdən köçəri ənənələr xətti ilə ümumi inkişaf konsepsiyası təqdim edilir. N.Kelimbetovun bu monoqrafiyası təqdim edilən konsepsiyanın ardıcıl və sistemli müdafiəsi, türkdilli ədəbiyyat abidələrinin dərin qatları ilə tanış olmaq, onların ümumi qanunauyğunluqlarını anlamaq baxımından oxucular üçün maraqlı vəsaitdir.
Tərcüməçi Faiq Xudanlı kitab haqqında fikirlərini bölüşərək onun tərcümə edilmə prosesindən danışıb. Belə elmi monoqrafiyaların tərcümə edilməsinin çətin, eyni zamanda, şərəfli bir iş olduğuna nəzər çəkən F. Xudanlı alimin elmi yaradıcılığının əlçatmazlığından bəhs edib.
Qeyd edilib ki, kitabda müəllifin əsas məqsədi türk xaqanlığı dövründə yazılmış sak və hun qəhrəmanlıq dastanları ilə qazax qəhrəmanlıq dastanları arasında sıx əlaqəni göstərməkdir.
Tədbir kitabın müzakirəsi ilə davam etdirilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!