Romantizm araşdırmalarına yeni baxış - Bədirxan Əhmədli

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vurğun Əyyubun "Azərbaycan romantizmini araşdırarkən..." (Bakı, "Elm və təhsil", 2017) adlı ilk kitabı çap olunub. Buna monoqrafiya da demək olar, ancaq tədqiqatçının buraya daxil edilən  fundamental tədqiqat işi ilə yanaşı, ümumən vaxtilə çap olunaraq ədəbi mühitdə sükutu pozmuş romantizm haqda yazdığı məqalələri də yer alıb. İlk kitabı olduğunu ona görə vurğulayırıq ki, sanballı tədqiqatların, yüzdən çox məqalə müəllifinin ədəbi tənqid və ədəbiyyatşünaslığa qayıdışını reallıqda əks etdirmir. Bu kitab ədəbi, elmi, siyasi mühitin tanınmış simalarından birinin otuz illik elmi zəhmətinin yox, otuz il əvvəlki elmi fəaliyyətinin məhsulu olmasına rəğmən, indi işıq üzü görür. Bir çox sanballı araşdırmalar (şeir və hekayə təhlilləri) müəllifi buraya yalnız elmi fəaliyyətinin 80-ci illər dövrünün məhsulunu daxil etmişdir. Otuz il əvvəl "Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaşlıq lirikası (1905-1920-ci illər)" dissertasiya işi kimi yazdığı tədqiqatı elmi mühitdə böyük səs-küy yaratmışdı. O zaman  görkəmli alimlərin özü belə gənc Vurğunun elmə böyük iddialarla gəldiyinə dair fikirlər səsləndirmişdi. Doğrudan da, belə idi, həyatda olduğu kimi, elmdə də, son dərəcə iddialı, yüksək elmi-nəzəri hazırlıqlı bu gənc ədəbiyyatşünaslığımızın oturuşmuş alimləri ilə etdiyi mübahisədə fikirlərini nəinki sərbəst şəkildə deməkdən, həm də onun arxasında durub müdafiə etməkdən çəkinmir və obyektiv mövqe nümayiş etdirirdi. Halbuki bu obyektiv mövqe ona çox baha başa gələ bilər və iddiasında olduğu "filologiya elmləri namizədi" elmi dərəcəsini almaya bilərdi. Lakin V.Əyyub bu elmi dərəcəni elə özünün doğru bildiyi mövqeni (və mevqeyini!) müdafiə edərək aldı. Və nə yaxşı ki, aldı, bu onun elmə gəlişinin formal bir vəsiqəsi idi. Həyat göstərdi ki, əgər bu müdafiə bir qədər də geciksə idi, yəqin ki, ictimai-siyasi hadisələr onu belə bir formal müdafiədən vaz keçdirəcəkdi. Çünki elə bu zaman 80-ci illərin milli hərəkatı başlamış və V.Əyyub da bu hərəkatın mərkəzində özünün milli mövqeyi, obyektivliyi, güzəştə getməməyi ilə həm bu hərəkata, həm də sonrakı müstəqil dövlətçiliyin qurulmasında yaxşı nümunə göstərdi. Müstəqil Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri olaraq bu strukturun formalaşmasında, test sisteminin tətbiqində özünün inadcıl, barışmaz, obyektiv mövqeyi ilə özündən sonra da xalqın, cəmiyyətin nüfuzunu qazandı. Ancaq, bütün bunlarla Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığı özünün çox istedadlı bir nümayəndəsini ictimai-siyasi proseslərin qucağına atdı (itirdi demək istəməzdim). Hər halda, sonrakı proseslərdə onun yenidən elmə qayıtması ilə bağlı mənim israrlarıma rəğmən, bir müddət bu mühitdən aralı düşdü...

Vurğun Əyyubun elmə gəldiyi vaxtlar romantizm haqqında müəyyən mübahisələrin qızğın getdiyi vaxta təsadüf edirdi. Əksər nümayəndələrinin taleyinin faciə ilə bitdiyi bu ədəbi cərəyanın tədqiq olunması sarıdan sanki bəxti açılmışdı. Akademik K.Talıbzadənin "Abbas Səhhət" (1955) monoqrafiyası ilə başlayan bu "yürüş" Ə.Mirəhmədovun "Abdulla Şaiq" (1956), "Məhəmməd Hadi" (1962), M.C.Cəfərovun "Hüseyn Cavid" (1960), "Azərbaycan ədəbiyyatında romantizm" (1963), A.Zamanovun "Abdulla Şaiq" (1962), M.Əlioğlunun H.Cavidlə bağlı fundamental məqalələri və b. davam etmişdi. 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində romantizm mübahisələri yeni bir vüsət almışdı. Görkəmli alim Y.Qarayevin "Romantizmin hüdudları", Ə.Mirəhmədovun "Romantizmin hüdudlarını realistcəsinə müəyyənləşdirməli" məqalələrindəki polemik ruh və Y.Qarayevin Ə.Mirəhmədova cavab olaraq yazdığı "Mübahisənin davamı" məqalələri və b. vulqar-sosioloji tənqiddən salamat çıxmayan romantizmə yeni can, nəfəs verirdi. Ən son olaraq həmin vaxtlar İsa Həbibovun "Romantik lirikanın imkanları" (1984) monoqrafiyası (yeri gəlmişkən, tədqiqatçının bu monoqrafiya haqda vaxtilə yazdığı resenziya da kitabda yer alıb) da ədəbiyyatşünaslığın uğurlarından idi. Bütün bunlara baxmayaraq V.Əyyubun özünə tədqiqat obyekti olaraq "Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaşlıq lirikası (1905-1920-ci illər)" mövzusunu götürməsi faktiki nüfuzlu alimlərlə üz-üzə gəlməsini labüd edirdi. Etdi də...

O zaman mən Vurğun Əyyubun bu tədqiqat işini oxumuş, uğurlu müdafiəsində də iştirak etmişdim. Otuz il əvvəl yazılan monoqrafiyaya redaktorluq edərkən (rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Qorxmaz Quliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Dilbər Zeynalovadır) bir daha bunun şahidi oldum. Əslində məzmuna, müəllif mövqeyinə təsir etməyən bəzi xırda düzəlişləri nəzərə almasaq, tədqiqat işinin olduğu kimi dərc edilməsi onun əhəmiyyətini, elmiliyini və aktuallığını qoruyub saxladığını aydın göstərir. Bu o deməkdir ki, bu tədqiqat əsəri otuz ildən sonra belə öz dəyərini itirməmişdir.

V.Əyyubun bu monoqrafiyasını cəsarətlə romantizmlə bağlı vaxtilə yazılmış fundamental tədqiqatlarla yanaşı qoymaq olar, hətta deyərdim ki, sonuncu araşdırma kimi onları tamamlayır. Monoqrafiyanın birinci fəsli "Azərbaycan romantiklərinin ədəbi-estetik görüşlərində yazıçının vətəndaşlıq mövqeyi məsələsi"  romantizmin vətəndaşlıq məzmunu və keyfiyyətini meydana çıxarmağa xidmət edir. Problemi romantiklərin ədəbi-nəzəri görüşlərində və yaradıcılıq prosesində araşdıran tədqiqatçı belə bir fikrində haqlıdır ki, Azərbaycan romantikləri Avropa və rus romantikləri kimi bədii yaradıcılıq aləminə mükəmməl, ardıcıl ədəbi manifestlə gəlməmişdilər. Əslində, belə bir manifesti ayrı-ayrı əsərlərindən, məktublarından hissə-hissə toplayan tədqiqatçı Azərbaycan romantiklərinin romantizm estetik görüşləri ilə bağlı sistemli bir tədqiqat aparır. Bu cəhətdən diqqəti A.Səhhətin ədəbi-nəzəri görüşlərinin bədii ifadəsi olan Ağali bəy Nasehə yazdığı mənzum məktubu ilə "Tazə şeir necə olmalıdır?" məqaləsi arasında apardığı paralellər yeni bir qənaətə gəlməyə imkan vermişdir. Tədqiqatçının fikrincə, A.Səhhət burada həm də yeni şairin necə olması sualını qoymuş və "xalqın həyatı ilə nəfəs alan vətəndaş şair!" cavabını almışdır. A.Səhhət, M.Hadi, H.Cavid, A.Şaiq yaradıcılığında problemin izlənilməsi onların "vətəndaşlıq kodeksini" araşdırmaq üçün ən yaxşı vasitə olur. Çox doğru olaraq, romantizmin vətəndaşlıq mövqeyi yenə də A.Səhhətin "Şair, şeir pərisi və şəhərli" poemasında və M.Hadinin "Şair, hücreyi-iştiğalı və düşüncələri" şeirində axtarılır. M.Hadinin "ictimai yazıçılar" ifadəsi əslində yeni dövrdə yazıçı kredosunu açan ən yaxşı ifadələrdən hesab edilir. M.Hadinin vətəndaşlıq mövqeyini təhlil edərkən görkəmli tədqiqatçının Ə.Mirəhmədovla polemikası maraq doğurur. V.Əyyub tədqiqatçının "Hadini öz qəhrəmanlarını real gerçəkliyə dəvət etməsini, xəyal aləmindən yerə enmək çağırışını" realizm kimi qələmə verməsilə qətiyyən razılaşmır, "real həyatı əks etdirmək realizm olmadığı kimi, romantizm olmamaq da demək deyildir",-deyə M.Hadi yaradıcılığında zorla realizm axtarmaq tendensiayasına qarşı çıxır, onun sənətkar gücünün romantizmdə olduğunu müdafiə edir.

Monoqrafiyada "Azərbaycan romantik lirikasında vətəndaşlıq problemi"nin "vətənpərvərlik və humanizm", "romantik xəyal və azadlıq", "romantik ideal və ictimai nicat" istiqamətlərində araşdırılması müəllifə problemi köklü şəkildə araşdırmağa imkan verir. Çünki vətənpərvərlik və humanizm ümumən romantizmin başlıca problemlərindən biri olmuşdur. A.Şaiq, A.Səhhət, H.Cavid, C.Cabbarlı, M.Hadi şeirlərində vətən və onun taleyi problemi təsvir və tərənnüm obyekti kimi təhlil edilir. Lakin burada tədqiqatçı hər bir şairin özünün bu problemlərə yanaşma müxtəlifliyinə də diqqət çəkir. Tədqiqatçı çox doğru olaraq, A.Səhhətlə H.Cavidin, yaxud M.Hadinin problemi eyni prizmadan göstərməsinin doğru olmadığı qənaətindədir. Azərbaycan romantiklərinin yaradıcılığında humanizm vüsətinin təsvirinin I Dünya müharibəsi kontekstində baş vermsinin səbəblərindən biri kimi şərə etiraz motivi bu humanizmin bəşəriliyi ilə əlaqələndirməkdə tamamilə haqlıdır. Tədqiqatçı dəyərləndirmələrində ədəbiyyatşünaslardan M.C.Cəfərov, Ə.Mirəhmədov, Y.Qarayev və İ.Həbibovun fikirləri də tədqiqatçı üçün nəzəri mənbə rolunu oynayır. Tədqiqatçının A.Şaiqin "Həpimiz bir günəşin zərrəsiyiz" şeirilə bağlı fikirləri problemə yeni mövqedən baxmağa imkan verir. Bu şeir haqqında ziddiyyətli fikirlərə münasibət bildirən tədqiqatçının bu yanaşması, əslində yazıldığı dövrdə mövcud sosrealizm yanaşmasını inkar etmiş olurdu. V.Əyyubun fikrincə, "romantiklər xalqı bizim başa düşdüyümüz və işlətdiyimiz terminlərlə (proletariat və burjuaziya, kəndli və feodal) bölmürdülər. Bu onların həm də maarifçi təbiətlərindən irəli gəlirdi". Azərbaycan romantizmini birinci rus inqilabının "doğma övladı" hesab edən tədqiqatçı "romantik xəyal və ictimai azadlıq", "romantik ideal və ictimai nicat" kimi problemlərə də aydınlıq gətirir.

Monoqrafiyanın "Romantik lirikada müsbət qəhrəman sənətkar şəxsiyyətinin ifadə xüsusiyyətləri" fəslində isə tədqiqatçı Azərbaycan romantiklərinin müsbət qəhrəman yaratmaq meylinin səbəblərini araşdırır. Romantik, lirik qəhrəmanın daxili aləmi, mübarizəsi, ziddiyyətləri, çırpıntılarının ictimai səbəblərini araşdıran tədqiqatçı burada xarici və daxili mühitin də rolu olduğu fikrini müdafiə edir. Tədqiqatçı Azərbaycan romantiklərini bəzən dünya romantiklərinin təkrarı kimi göstərmək cəhdlərinə qarşı çıxır və onun dünya romantizmi ilə səsləşən cəhətləri olduğu kimi, fərqli və üstün cəhətlərini də ortaya qoyur. Bunun başlıca səbəblərindən biri kimi, Azərbaycan romantiklərinin həm də maarifçi olmaları, ağıla inanmaları, gələcəyə yönəlik nikbinliyi və ümidləri qoruyub saxlamalarıdır. Azərbaycan romantiklərinin yaradıcılığında sosial  problemlərin təzahürü, vətəndaşlıq məsələsi də tədqiqatda xüsusi yer tutur.

Monoqrafiyanın üstün cəhətlərindən biri romantizmə yeni mövqedən baxış və Azərbaycan romantizminin bütün problemləri ilə  təhlilə cəlb edilməsidir. Bu araşdırmadan sonra yazılan tədqiqatlarda həmin problemlərə yenidən qayıdılması və yeni elmi-nəzəri, estetik mövqedən tədqiq edilməsi V.Əyyubun bir ədəbiyyatşünas olaraq tədqiqatının əhəmiyyətini daha da artırır.

Kitabda V.Əyyubun problemlə əlaqəli bir neçə elmi məqaləsi də verilmişdir. Bu məqalələr də bu və ya digər şəkildə romantizm və onun müxtəlif problemlərini əhatə edir. Hətta mən deyərdim ki, bu məqalələr müəyyən mənada bir nəzəriyyəçi alim kimi V.Əyyubun tədqiqat işində toxuna bilmədiyi problemlərə aid fikirlərini, düşüncələrini tamamlayır. Həm də bu məqalələrdə qoyulan problemlər haqqında ya ilk dəfədir yazılır, ya da yeni rakursdan dəyərləndirilir. "Vurğunun romantikası", "Satirikin romantkası", "Hüseyn Cavid dramaturjisində Gürcüstan ve gürcülər", "Azərbaycan romantiklərinin yaradıcılığında I.Cahan savaşı" məqalələrini birləşdirən ümumi cəhət problemə yeni yanaşma və dəyərləndirmədir. Sonuncu iki məqalə Türkiyədə müxtəlif simpoziumda məruzə edildiyindən yerli türkcədə verilmişdir. Əvvəlki iki məqalə isə vaxtilə mətbuatda dərc edilmişdir. Bunu ona görə vurğulayırıq ki, sonralar müəllifin toxunduğu bu problemlər müxtəlif ədəbiyyatşünaslarımız tərəfindən yenidən gündəmə gətirilmişdir. Bu cəhətdən "Vurğunun romantikası" məqaləsi yeni elmi yanaşmanı özündə ehtiva edir. Doğrudur, V.Əyyuba qədər də S.Vurğun romantikası təhlilə cəlb edilmişdi, ancaq sosrealizm daxilində ona obyektiv qiymət vermək mümkün olmamışdır. Əlbəttə, romantika ədəbiyyatın müxtəlif dövrlərində bu və ya digər şəkildə təzahür etsə də, sovet ədəbiyyatında (xüsusilə S.Vurğun yaradıcılığında!) tamamilə yeni bir keyfiyyət qazanmışdır. Bu keyfiyyətin S.Vurğun poeziyasında daha qabarıq özünü göstərdiyini önə sürən tədqiqatçı bunun obyektiv və subyektiv nədənlərini ortaya çıxarmağa nail olur. 20-ci illərdə romantizmin təsiri altında bəzi poetik nümunələr yaradan S.Vurğun yaradıcılığında romantikanın getdikcə yeni bir keyfiyyət qazanmasını şərtləndirən amillər detallı şəkildə əsaslandırılır: "S.Vurğun klassik romantizmin fikri dərinliyi, coşqun hissiyyatı ilə xalq ədəbiyyatı dilinin duruluğunu, sadəliyini birləşdirərək gündəlik həyatın əvəzsiz mənası, adinin sonsuz gözəlliyi haqqında romantik nəfəsli nəğmələrini oxudu. Onun romantik ilhamı bizi əhatə edən dünyanın ən adi hadisə və predmetlərini, gerçəkliyin özünün gözəllik sirlərini, kamilliyini, insan qəlbinin hamıya tanış olan hisslərini poeziyanın obyektinə çevirdi".

Məqalədə S.Vurğun yaradıcılığının yeni mərhələdə dərki məsələsinə də nəzər yetirilir və onun yaradıcılığındakı pafosuna "ağız büzənlər"ə tutarlı cavablar verilir. Düşünürəm ki, V.Əyyub hələ 80-ci illərin ortalarında S.Vurğun yaradıcılığı haqqında bu məqaləni yazmaqla, həm də yeni mərhələdə sənətkar və zaman, sənət və onun dərki məsələlərinə yeni münasibət bildirmiş oldu. Təəssüf ki, ədəbi tənqid bu cür metodoloji səhvləri bu gün də etməkdədir.

V.Əyyubun "Satirikin romantikası" məqaləsi də nəzəri baxımdan əhəmiyyətlidir. Doğrudur, ona qədər Sabir romantikası ilə bağlı müəyyən fikirlər deyilmişdi (Cəfər Xəndan, Əziz Mirəhmədov, Yaşar Qarayev və b.), ancaq tədqiqatçı burada məsələnin qoyuluşu və elmi-nəzəri həllində yeni bir addım atmışdır.  Tədqiqatçının fikrincə, Sabir o tipli böyük sənətkarlardandır ki, yaradıcılığında realizmlə romantika birləşmiş haldadır. Yaradıcılıq baxımından klassik romantik poeziyamızdan süzülüb gələn satirikin romantizm cərəyanının nümayəndələri ilə bir yerdə yaşayıb-yaratması, qarşılıqlı təsirlənmələrin onun öz yaradıcılığına da təsir göstərdiyini bildirir. "Səttərxanədir", "Beynəlmiləl", "Şimdi fürsət var ikən bir iş gör istiqbal üçün", "Ruhum" və s. şeirlərində romantikanın aparıcı olduğunu önə sürən tədqiqatçı "Neylərdin, ilahi?!" şeirini satirik əsər olaraq təhlil edən ədəbiyyatşünaslarla razılaşmır. Məlumdur ki, Sabirin tədqiqatçılarının bəziləri bu şeirdə "lirik-fəlsəfi", "lirik-romantik" meyillər görsələr də, satirik əsərləri sırasına daxil etmiş və satirik şeir kimi təhlil etmişlər. V.Əyyub isə bu şeirin həm məzmununa, həm də ifadə vasitələrinə görə onun satirik şeir olmadığını əsas gətirir və fikrini şeirdə nə satirik vəziyyət, nə də rişxənd, kinayə, istehza, məsxərə kimi satirik ifadə vasitələrinin olmaması ilə əsaslandırır. Tədqiqatçının belə bir fikri də doğru səslənir ki, Sabirin Füzuli qəzəllərinə müraciəti də onun yaradıcılığında romantik keyfiyyəti artırır.

V.Əyyubun romantizm və romantika ilə bağlı araşdırmaları yalnız bunlarla məhdudlaşmır, ədəbi-elmi mühitdə bu barədə dərc edilən tədqiqatlara yazdığı rəylərdə, resenziyalarda da davam edir. Bu cəhətdən tədqiqatçının İsa Həbibovun (Həbibbəyli) "Romantik lirikanın imkanları" (Bakı, Yazıçı, 1984) monoqrafiyasına yazdığı "Romantik lirikanın tədqiqi", Vəli Osmanlının "Azərbaycan romantikləri" (Bakı, Yazıçı, 1985) monoqrafiyasına "Azərbaycan romantizmi öyrənilir...", Əziz Mirəhmədovun "Məhəmməd Hadi" (Bakı, yazıçı, 1985)  monoqrafiyasına "Romantik şairin tədqiqi", Kamal Talıbzadənin "Abbas Səhhət" (Bakı, Gənclik, 1986) monoqrafiyasına yazdığı "Abbas Səhhət" resenziyaları elmi tutumu və problemi qiymətləndirmə meyarları baxımından diqqəti cəlb edir. Göründüyü kimi, gənc ədəbiyyatşünas və tənqidçi problemlə bağlı heç bir tədqiqatı nəzərdən qaçırmamış və onların gərəkən qiymətini verməyə çalışmışdır. Romantik lirikanı elmi-nəzəri cəhətdən yeni aspektdən araşdıran İ.Həbibovun monoqrafiyasındakı yeniliklər, problemlərin qoyuluşu və həlli müəllifə tədqiqatı "XX əsr Azərbaycan romantik lirikasının tədqiqində ilk addım" kimi qiymətləndirməyə imkan vermişdir. K.Talıbzadə, Ə.Mirəhmədov, V.Osmanlının tədqiqatlarının da məziyyətlərini göstərməklə kifayətlənməmiş, bəzi məqamlarda belə bu görkəmli alimlərlə razılaşmamışdır. Bütün bunlar V.Əyyubun Azərbaycan romantizmi və onun müxtəlif problemlərini sistemli və davamlı şəkildə araşdırdığını göstərir. Nəzərə alsaq ki, bu araşdırmalardan sonra  romantizmlə bağlı çox az tədqiqatlar aparılmışdır, onda V.Əyyubun otuz ildən sonra dərc edilən kitabının əhəmiyyəti bir daha aydın olar. Bu araşdırmalar ədəbiyyatşünaslığımızda olan bu boşluğu doldurmaq baxımından olduqca əhəmiyyətlidir. Tədqiqatdan çağdaş ədəbiyyatşünaslarımız, müəllimlər, magistr və doktorantların yararlanacağına, gecikmiş olsa da, mütəxəssislər tərəfindən elmi mühitdə dəyərləndiriləcəyinə heç bir şübhə etmirik.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!