10 dekabr 2020-də Bakıda, Xəzər dənizinin sahilində böyük Xəzərlərin torunları zəfər paradı keçirdilər. Həmin gün Azərbaycan xalqının taleyində yeni bir dönəmin başlanğıcı oldu. Son II-III əsr ərzində savaş zəfərinin badəsindən uğur sevinci tamsınmayan bir xalqın əsgərləri Ali Baş Komandanları İlham Əliyevlə birgə qələbə marşı törəni düzənləyirdilər. Çox duyğulu anlar idi, genlərinin künclərində yatan zəfər hissini bir anda qəhrəmanlıq coşqusuna çevirən insanlar keçmiş əzəmətin həzzini yaşayır və onlara bu həzzi bəxş edən Prezident İlham Əliyevə alqışlar söyləyirdilər, çünki Bakıda, Xəzər dənizinin sahilində, böyük Xəzərlərin torunları üçün inşa edilən "Zəfər tağı"nın əsas memarı o idi. Bu böyük, tarixi gündə, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı dayanmışdı və bu iki lider bir yerdə yeni bir intibahın dirçəliş anlarını seyr edirdilər. Azərbaycan Cümhuriyyəti yaranışından bu yana bəlkə də ən sevincli anlarını yaşayırdı, çünki Sovetlər Birliyi dağılandan sonra Cümhuriyyətin ikinci dirçəlişi böyük ərazi itkiləri ilə müşayiət olunmuşdu, Qarabağın böyük bir hissəsi düşmən pəncəsinə keçmişdi. Əlbəttə, dünyada çox xalqlar var ki, bunu təbii qarşılayardı, axı Azərbaycan Respublikası bugünkü dünyada iqtisadi inkişafda olan bir ölkədir və bütün düşüncələr bir çox ölkələrdə olduğu kimi yalnız rifah məsələlərinə yönələ bilərdi. Amma burası Azərbaycandır, türk ölkəsidir və onun rəhbəri də ərəb şeyxlərindən fərqli dəyərlərin daşıyıcısıdır. Xaqan Metedən bəri 2200 il ərzində heç bir türk hökmdarı üçün vətən torpağı məsələsi alver predmeti olmadı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu sırada həmişə bu şərəfli ideyanın daşıyıcısı oldu. Onun zamanında ölkə böyük iqtisadi, siyasi və mədəni uğurlar əldə etdi, imzalar içində imza qazandı, lakin heç bir zaman o, bir an da əsir torpaqların geri qaytarılması cəhdlərindən yan durmadı. Qarabağ məsələsi hər gün onun masasının üstündə dayandı. Bununla yanaşı, əsir olan digər Azərbaycan ərazilərini də öz könül dəftərinə möhür elədi. Bir dəfə o, çıxışında İrəvanın Azərbaycan şəhəri olduğunu söyləyəndə dünyanın bütün diri canları bir-birinə dəydi. Çünki dünya bundan xəbərsizdi. Elə Azərbaycanda da çoxları dumanlı şəkildə xatırlamağa başladı ki, İrəvan bir zamanlar Azərbaycan türklərinin şəhəri olub. O bunu zəfər paradı zamanı etdiyi çıxışında da təkrar etdi, İrəvan, Zəngəzur, Göyçə Azərbaycan torpağıdır! - dedi. Prezident bunu elə-belə, Azərbaycan əhalisinə xoş gəlsin deyə söyləmədi. Bu, öz xitabından gələcəyə nəzər salan bir rəhbərin xalqa, fikir və qələm adamlarına göndərdiyi ismarış idi.
Hər millətin cızılmış fiziki sərhədlərindən başqa, könül sərhədləri də var.
Könül sərhədləri insanların yaddaş arxivində yaşatdıqları sərhədlərdir.
Sözün düzü, bu sərhədi də, bir dəfə çıxışı zamanı Başqan İlham Əliyev cızdı. O dedi ki, mən təkcə Azərbaycan Respublikasının deyil, dünyada yaşayan 50 milyon azərbaycanlının prezidentiyəm. Və nöqtə. Ariflərə bir işarə də kifayətdir... Azərbaycan türkünün könül sərhədləri cızıldı, qalanı qələm və fikir adamlarının işidir.
Sözün düzü, biz bunu gördük, Vətən savaşı zamanı gördük, azərbaycanlılar dünya boyu bir bütöv kimi qeyrət göstərdi, dünyanın çeşidli şəhərlərində Vətən savaşına qalxdılar, dövlətləri ilə, prezidentləri ilə birlik nümayiş etdirdilər. Və İlham Əliyev böyük bir xalqın başında böyük işlər üçün gəldiyini bir daha anladı, onun çıxışlarındakı qələbə notları yüksəlməyə başladı və bu gün də davam edir. Zəfər paradında onun gələcəyə xitab etdiyini gördük. O, azərbaycanlıların könül sərhədlərinin yaxın hədəflərini göstərdi, ah deyən əsir ellərin adlarını sadaladı...
Qədim türk dilində gözəl bir ifadə var - eltəriş. Bu adı səpələnmiş yurdları bir mərkəz ətrafında birləşdirib dövlət quran xaqanlara verərdilər. Qədim türk dilində mənası Eli, dövləti dərləmək, bir yerə yığmaqdır. Didilib-dağılmış Azərbaycan yurdlarını bir dəfə dərləyib dövlət qurmaq missiyası Şah İsmayılın üzərinə düşmüşdü. O bunu elədi, missiyasını yerinə yetirdi. Mən həmişə belə hesab eləmişəm ki, 50 milyon azərbaycanlının lideri İlham Əliyev də belə bir missiya ilə görəvlidir. Savaş və siyasət meydanında qazanılan zəfərlərlə o göstərdi ki, o bunları etmək iqtidarındadır. Mən bunu illər öncə "Türk əsrinin türküləri"ndə deyilməmiş kəlmələri soyluyanda söyləmişəm:
Bu məmləkət ilhamlıdır tanrıdan,
İçimizdə Şah İsmayıl qutu var.
Qızıl əsrin sabahına gedirik,
Bizi dəfnə çələngləri gözləyir.
Qəhrəmanlıq göydən gələr Qurd ilən,
Pozulmayan ülkümüz var yurd ilən.
Zaman-zaman əzilmişik-əzməyə,
Qarabağı qaytarmağa vermişik.
Yemək vaxtı gəlir fateh iştahı,
İçimizə imperiyalar sığışmaz.
Qəhrəmanlıq göydən gələr Qurd ilən,
Pozulmayan ülkümüz var yurd ilən.
Bizim İlham xaqanımız eltəriş, *
Türk elini toplamağa gəlmişik.
Qızıl alma Bakıdadır, bunu bil,
Tanrı eli ülkümüzdən doğacaq.
Qəhrəmanlıq göydən gələr Qurd ilən,
Pozulmayan ülkümüz var yurd ilən.
Mən deyirəm, müqəddəsdi bu torpaq,
Azərbaycan davası var, önə dur!
Savaşdan savaşa heydərləşmişik,
Qolumuzda Şah İsmayıl gücü var.
Qəhrəmanlıq göydən gələr Qurd ilən,
Pozulmayan ülkümüz var yurd ilən.
* eltəriş - eli bir yerə toplayan.
Didilib-dağılmış torpaqları bir bayraq altına toplayan, türk dilini dövlət məqamına gətirən Heydər oğlu İsmayıl, bilərəkdən, ya bilməzlikdən türk qövmünün də, İslam ümmətinin də içində qarşıdurma ovqatı yaratdı. Prinsipcə Qızılbaşlılıq da, Osmanlılıq da çox qədim türk ülküsünün İslam qayələri ilə təzədən doğulan təzahürləri idilər. Bir ağacın iki budağı yollaşmadı, qayələr toqquşdu Allah adından. Allaha yol gedən türk torunları, Allahın adıyla düşmən oldular. Əhməd Yasəvilərin, Hacı Bektaşların ürəklərdə bəsləyib böyütdükləri böyük duyğuların yüyəni sasani dəllallarının, Həsən Sabbah xələflərinin əlinə keçdi. Azərbaycan və Anadolu türklərinin könül sərhədləri bir-birindən aralı düşdülər. Yüz illər boyu...
Və gün gəldi. Heydər oğlu İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan türk törəsinin və ümmət qayəsinin Sultan Səlim və Şah İsmayıldan başlayan pozğunluğuna son qoydular. Qəflət yuxusunda yağı pəncəsi altında inləyən İslam ümmətinə örnək göstərdilər, sünni-şiə yoxdur, İslam vahiddir, dedilər. Mən inanıram ki, onların bu xidməti başlanğıc mərhələsindədir, onun bəhrəsini gələcək nəsillər daha aydın duyacaq. Çünki "göy çökməsə, yer batmasa türk törəsi pozulmaz". Bu ər oğlanların sinəsindəki "Gil kitab"lara yazılıb, türk milləti törəlidir, Törə isə əbədi. Türk törəsi var isə, Məhəmməd ümməti də var olcaq. Bu törə də bir zamanlar Allah dərgahından gəlib axı...
Tarixdə heç bir hadisə yeni deyil və cənabi Allahın yaratdığı bu sistemdə hər şey bir ayrı formada təkrar olunur. 1500 il öncə, daha doğrusu, 24 haziran 552-ci ildə, Ötükən ormanında Aşina boyundan olan Bumın xan "Elxan" titulu ilə ağ keçə üstünə qaldırıldı və Böyük Türk kağanlığı (hakanlığı) adlı əzəmətli bir dövlət tarix səhnəsinə bərqərar oldu. Bundan sonra bu böyük dövlətin buraxdığı miras neçə-neçə böyük səltənətin ilham qaynağına çevrildi. Cəddimiz Kaşqarlı Mahmud bu barədə mübarək misralar miras qoydu bizə. "Tanrının inayəti ilə günəş türk bürclərində doğdu və göylərin bütün dairələri onların mülkləri üzərində döndü. Tanrı onlara türk adını verdi və onları yer üzünə hakim qıldı. Dövrümüzün xaqanlarını onlardan çıxardı, dünya millətlərinin idarə cilovunu onların əlinə tapşırdı, onları hamıdan üstün elədi, onları haqq üzrə qüvvətləndirdi. Türklərlə əlbir olanları və tərəfdarlarını əziz tutdu, türklərin sayəsində bütün arzularına çatdırdı, pislərin, qaragüruhun şərindən qorudu. Türklərin oxlarından qoruna bilmək üçün onların yolunu tutmaq hər bir ağıllı adama layiq və münasibdir".
İndiki Türkiyə Cümhuriyyəti bu böyük əzəmətinin sonuncu daşıyıcısı Osmanlı imperiyasının xələfidir və özündə Göy Türk, Xəzər, Qaraxanlı, Səlcuq, Osmanlı ənənələrini yaşadan bir dövlətdir. Azərbaycan Respublikası da, şübhəsiz, bu böyük ənənələrin daşıyıcısıdır, Türkiyə və Türküstan arasında əbədi bir körpüdür... Sarı dəniz sahillərindən Qara dəniz sahillərinə qədər uzanan ərazilərə nəzarət edən Böyük Türk hakanatının ən böyük tarıxi missiyası bir-birindən az xəbərsiz olan iki böyük sivilizasiyanın, Uzaq Şərq və Aralıq dənizi hövzəsi sivilizasiyaları arasında kommunikasiya yaratması oldu. Şərti olaraq "İpək yolu" adlandırılan bu kommunikasiya xətti onların xələfləri tərəfindən bu gün də inkişaf etdirilir. Sadəcə, qədim dövrlərin əsas valyutası olan ipəyi bu gün ayrı vasitələr əvəz ediblər. Bu prosesdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri əvəzsizdir. Mən deyərdim ki, bu iki liderin həyatında bir tale yaxınlığı da var. Mən təsadüflərə inanmıram, onların hər ikisinin tarixi bir missiya daşıyıcıları olduqları qənaətindəyəm. Onların hər ikisi demək olar ki, eyni vaxtda hakimiyyət başına gəliblər (R.T.Ərdoğan 2002-ci ildə, İlham Əliyev 2003-cü ildə) və sələfləri tərəfindən başladılan böyük projelərini tamamlamaq görəvi onların boynuna düşüb. Xüsusilə qeyd etmək istəyirəm ki, məhz son 17 ildə Azərbaycan - Türkiyə əlaqələri özünün bütün tarixi ərzində ən üst səviyyəyə qalxıb. Şübhəsiz ki, bunda bizim qardaş xalq olmağımızla bərabər, liderlərin şəxsi dostluğu da, tale ortaqlıqları da mühüm rol oynayır. Bunun ən bariz nümunəsi dövlət başçılarının sammitlərinin birində Türkiyə nümayəndəsinin orada iştirak etməməsindən istifadə edib Türkiyəyə hədyan yağdırmaq istəyən Ermənistan prezidenti Serj Sarkisyana cavab olaraq "Türkiyənin rəhbəri burada yoxdur, mən burdayam" söyləyən Azərbaycan Prezidenti İlham Əliyev bu qardaşlığın hansı səviyyədə olduğunu göstərdi. Onların dostluğu, qardaşlığı hər iki ölkənin insanları arasında bağların möhkəmlənməsinə böyük təkan verdi. Heydər Əliyevin "Bir millət, iki dövlət" konsepsiyası bax belə həyata keçirilir. Tarix boyu türk qövmünün bütün fəlakətləri lidersizlik zamanlarına təsadüf edib. Elə indinin özündə də hər iki ölkədə elə rəhbərlər ola bilərdi ki, hər iki xalqı düşmən edərdilər. Biz bunu tarix boyu çox görmüşük və şükürlər olsun ki, indi tamam ayrı tarix yazılır. İndi qutladığımız Qarabağ Zəfəri də Azərbaycan və Türkiyə prezidentlərinin birgə ürətdikləri bir məhsulun bəhrəsi oldu və onlar postsovet məkanında kimsənin xəyal edə bilməyəcəyini bacardılar. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə bərabər, Naxçıvana koridor açıb min illərlə türklərin nəzarətində olan qədim kommunikasiya xəttini bərpa elədilər. Buna qədər də onların birgə inşa etdikləri boru xətləri, dəmir yolları və s. bu böyük məqsədə xidmət edib...
İndi mən Xəzər dənizinin sahilində düzənlənən Qələbə paradını seyr edə-edə düşünürəm ki, Vətən savaşının sonunu simvolizə edən bu mərasim həm də gələcəyə yönələn yeni bir yolun başlanğıcıdır. Cəmiyyət üçün yeni iz açmaq tarix boyu insan qarşısında duran ən çətin vəzifələrdən olub. Mən Prezident İlham Əliyevin bu çətin yolda yeni uğurlar əldə edəcəyinə çox əminəm, çünki onun içindəki qalib ruhunu görürəm. O, təkcə Vətən savaşını qazanan bir xalqın rəhbəri deyil, həm də şərti Soros adlandırılan böyük beynəlxalq qaraguruha qalib gələn çox az çağdaş dövlət başçılarından biridir.
Yolunuz açıq olsun, cənab İlham Əliyev!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!