Başa vurmaqda olduğumuz ilin son akkordları altında Xalq Bank Azərbaycan xalqının mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi kimi nəcib və vətənpərvər missiyasına sadiq olaraq "Xalq Əmanəti” layihəsinin iyirminci, yubiley buraxılışını təqdim etmişdir. Xalq Bankın Baş ofisinin rəsm salonunda məhdud sayda qonaqlar - tanınmış şair və yazıçılar, naşir və ictimai xadimlər çevrəsində "Zəlimxan Yaqub. Seçilmiş əsərləri” poetik toplusunun təntənəli təqdimat mərasimi keçirilmişdir.
Kitabın təqdimatı pandemiya ilə bağlı çox dar çevrədə keçirildi. Tədbirdə millət vəkili, AMEA-nın həqiqi üzvü, kitabın Son sözünün müəllifi Nizami Cəfərov, millət vəkili, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, kitabın tərtibçilərindən Azər Turan, nəşrin redaktoru şair Səlim Babullaoğlu, Zəlimxan Yaqubun yaradıcılığının tədqiqatçısı, Azərbaycan Aşıqlar Birliyinin katibi, toplunun həmtərtibçisi Musa Nəbioğlu və şairin oğlu Bəhlul Yaqubov iştirak edirdi.
565 səhifəlik kitab nəfis tərtibata nəşr edilib.
"Xalq Əmanəti” sosial-mədəni layihəsi on il ərzində o qədər məhsuldar və yaşam qabiliyyətli oldu ki, çap olunmuş kitab və albomlardan nadir nüsxələrə malik bir kitabxana düzəltmək olar. Üstəlik, onların timsalında istər ədəbiyyat, poeziya, istərsə də rəssamlıq yaxud heykəltəraşlıq olsun, – Azərbaycan milli incəsənətinin keçdiyi şərəfli inkişaf yolunu izləmək olar. Şairin müxtəlif illərə aid fotolarının illüstrasiyası verilən kitaba onun ən yaxşı şeirləri, poemaları, poetik silsilə və böyük şəxsiyyətlərə və hadisələrə həsr olunmuş dastanları daxil olmuşdur.
Qısa ömrünün hər bir günü, şeirlərinin iztirablardan yaranan hər bir sətri ilə, niyyəti, amal və hissləri, bütün varlığı ilə Zəlimxan Yaqub sadəcə xalq şairi deyil, ümumxalq şairi adlanmağa layiqdir! İctimai xadim və müasir Azərbaycan şeirinin klassiki kimi şair gücünü doğma torpaqdan və xalq yaradıcılığından alırdı. O, xalqının zəngin folklor təfəkkürünü, yazılı ədəbiyyatın əsas ideyalarını və Azərbaycan dilinin olduqca geniş bədii imkanlarını özündə birləşdirərək ömrünü Vətənimizin milli-mənəvi dəyərlərinin tərənnümünə və Sözə xidmətə həsr etmişdir.
Zəlimxan Yaqub (Zəlimxan Yusif oğlu Yaqubov) 1950-ci il yanvarın 21-də Borçalı mahalının Kəpənəkçi kəndində doğulmuşdur. Onun ilk şeiri 1966-cı ildə sovet Gürcüstanının "Qələbə bayrağı” qəzetində çap olunmuşdur. Şair həm də praktik fəaliyyəti ilə cəmiyyətimizə xidmət edən fəal ictimai xadimlərdən biri olmuşdur. O, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1994-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv komissiyasının üzvü olmuşdur. 1995-2005-ci illərdə Zəlimxan Yaqub Azərbaycan Respublikasının birinci və ikinci çağırış Milli Məclisinin deputatı seçilmişdir. 2008-ci ildən ömrünün sonuna kimi şair Azərbaycan Aşıqlar birliyinə sədrlik etmişdir. Müxtəlif illərdə, o, Azərbaycan Respublikasının "Şöhrət” və Gürcüstan Respublikasının "Şərəf” ordenləri ilə təltif olunmuş, 2005-ci ildə "Azərbaycanın Xalq şairi” fəxri adına layiq görülmüşdür.
Zəlimxan Yaquba çox istedadlı şair idi demək, milyonlar içərisindən seçilmiş birinə bəxş edilən İlahi vergini kiçiltmək olardı. Zəlimxan Yaqubun Azərbaycan poeziyasında yerini bilməkdən ötrü onun nəhəng irsini, xalq folklorunun bütün rəng çalarlarında bərq vuran zəngin dilini və poeziyanın janr təsnifatına sığmayan çoxşaxəli yaradıcılığını öyrənmək gərəkdir: o, sözün ən geniş mənasında məhəbbət şairidir! Əgər yaradıcılığına qlobal baxsaq, sırf sevgi şeirləri azdır onun, lakin mirası heyrətamiz dərəcədə mükəmməl, ülvi mənəviyyata malik və iffətlidir. Onun hər bir şeirində bütün məxluqata və Yer üzündə əsl kamillik nümunəsi xəlq etmiş Yaradana məhəbbətdən döyünən bir ürək var.
Zəlimxan Yaqub – vətənpərvər şairdir və onun üçün Vətən təkcə təbiət və bir coğrafiya deyil, eyni zamanda onlardan doğan milli-mənəvi bir enerjidir ki, onu da şair həmişə diri, qüvvətli və dözümlü görmək istəyir, xüsusən də ölkəsi və xalqı təhlükəyə məruz qalanda.
Zəlimxan Yaqub bütün türk dünyasının şairidir! O, mənsub olduğu türk etnosunun tarix və mədəniyyətinin əla bilicisi olmaqla yanaşı, özünün yaradıcı varlığında türk xalqlarının tarix, mədəniyyət və mentalitetini təcəssüm etdirən bir xadim və mütəfəkkirdir.
Tədbiri açıb qonaqları salamlayan akademik Nizami Cəfərov "Xalq Əmanəti” layihəsinin əhəmiyyətini vurğulayaraq onu da dedi ki, bu layihə hər yeni nəşri ilə mədəniyyət xadimlərinin qəlbini fərəhləndirir və gözəl kitab və albomları əldə edənlərin təşəkkürünə səbəb olur. Akademik layihənin bundan əvvəlki buraxılışlarından danışıb, onların rəngarəngliyi və gözəl dizaynına diqqət çəkdi. Alim bildirdi ki, Zəlimxan Yaqubun yaradıcılığı ölkənin ədəbi-mədəni həyatında ona görə bir olay oldu ki, şair təkcə öz xalqının folklor təfəkkürünün mənimsənilməsi ilə kifayətlənmədi. O, həm Azərbaycan, həm də dünya ədəbiyyatının əsas bədii ideya və imkanlarını dərindən öyrənir və tədqiq edirdi, öz bədii üslubunu tapmaq yolunda gərgin, ardıcıl və məhsuldar axtarışları isə onu başqalarından fərqləndirib ona şöhrət gətirdi. Şair heç vaxt fitri istedadla kifayətlənmir, özündə təkcə Azərbaycan ədəbiyyatını deyil, eləcə də türk dünyasının bədii-mədəni və tarixi məkanını ətraflı surətdə birləşdirib dünyagörüşünü zənginləşdirməyə, elmi səviyyə və zəkasını yüksəldib dərinləşdirməyə, yaradıcılığını inkişaf etdirib mükəmməlləşdirməyə can atırdı. Bütün bunlar onun qarşısında geniş imkanlar açırdı. Könüllü kitabsevərlər cəmiyyətindəki işi ona bütün Azərbaycanı gəzib-dolaşmağa, öz xalqı ilə birbaşa ünsiyyət qurmağa və cani-könüldən ona bağlanmağa imkan verdi.
Onu təbiətcə xalqının geniş milli ictimai-ideoloji dünyagörüşünə malik mütəfəkkir şair adlandırmaq olar. Z.Yaqub deyirdi ki, "o, xalqına o qədər yaxınlaşmışdı ki, onun nəfəsini hiss edir, onunla ünsiyyət qurur, əzabkeşlərə mərhəmət duyur, ürəyi dolu olanların dərdinə şərik çıxırdı”. N.Cəfərov qeyd etdi ki, Zəlimxan Yaqub yaradıcılığının ən mühüm göstəricilərindən biri onun etnoqrafikliyidir, öz xalqına peşəkar etnoqraf-tədqiqatçı kimi gözəl bələd olan şairin qəlbi xalq folklorundan ruhlanmış, onun yaradıcılığı məzmunundan tutmuş forma və intonasiyasına qədər əsl milli ruhla qidalanmışdır.
Şairin yaradıcı mirası müasir ədəbi və ictimai mühit tərəfindən şifahi xalq ədəbiyyatının fenomeni kimi qəbul edilir. Şairin dərin inancına görə onun şeirləri dövrün tələblərinə cavab verir və insanların qaynar duyğularını coşdurub milli-ictimai şüura əhəmiyyətli təsir göstərə bilər. Təsadüfi deyil ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 50 illiyi münasibətilə şairə yazdığı məktubda demişdir: "Siz müasir ədəbiyyatımızda zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlarımızdansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi xalq yaradıcılığından ustalıqla bəhrələnməklə Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız”.
Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq Zəlimxan Yaqubu "müasir ədəbiyyatın canlı klassiki” adlandırmışdı, çünki o, hər bir yeni şeiri ilə özünün ümumtürk ədəbiyyatının qədim köklərinə bağlılığını təsdiqləyirdi.
Zəlimxan Yaqub – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında ilk dəyərli əsərləri yaratmış şair-ideoloqdur. "Böyük ömrün dastanı” adlı əsərində Onun milli dövlət quruculuğu missiyası ustalıqla tərənnüm edilir. Zəlimxan Yaqub – ana dilinin şairidir, onun zəngin söz ehtiyatı, qüsursuz poetik sintaksisi, öz gücünə görə xalq folkloruna bərabər bədii tərifləri, məcaz və təşbehləri, təzətər intonasiyaları yüksək sənət tələblərinə cavab verir. Şairin ana dilinə sevgisi heç də rəsmiyyətçi deyil, o şüar kimi səslənmir, varlığının dərin qatlarından gələrək böyük bir səmimiyyətlə öz ifadəsini tapır. Canı və qanı ilə büsbütün xalqına bağlı, onun ruhunun ifadəçisinə çevrilmiş bir şairə böyük xalq məhəbbətinin sirri də məhz bundadır. Tarix sübut edir ki, xalq içərisindən çıxan və öz taleyini millətinin taleyi kimi yaşamış şair və mütəfəkkirlər heç vaxt unudulmur, onların yaradıcılıq arxivləri də heç kimin əlinin yetmədiyi işıq üzünə həsrət dolab və fondların mühafizə olunduğu bir obyektə çevrilmir. Əksinə, onların qapısı həmişə xalqın üzünə açıqdır, eynən millətin işıqlı ruhu və qəlbi kimi.
Aşıqlar birliyinin sədri kimi Zəlimxan Yaqub aşıq sənətinin təbliği və inkişafına böyük töhfələr vermişdir. Qədim aşıq sənətinin qoruyucusu kimi o, təvazökar bir kitab satıcısından xalq şairinə qədər böyük bir yol keçmiş, öz zəhmətsevərliyinə, şairlik vergisinə və Vətən sevgisinə görə şair və aşıqların hörmətini, və ən əsası da xalqın məhəbbətini qazanmışdır. Aşıq sənətini dərindən bilməsi və onu üzvi cəhətdən qavraması Z.Yaqub şeirlərinin lirizmini və xəlqi xüsusiyyətlərini daha da gücləndirir. Onun poetikası və şeir dilinin axıcılığı bəstəkar və aşıqları onun yaradıcılığına müraciət etməyə sövq edir.
Tədbirdə Zəlimxan Yaqubun yaradıcılığı barədə ətraflı çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli qeyd etdi ki, xalqına ürəkdən, canı və qanı ilə bağlı olan, onun ruhunun ötürücüsünə çevrilən şairə böyük ümumxalq məhəbbətinin sirri onun Azərbaycançılığından, türkçülüyündən, vətənpərvərliyindən, irfanlığından, Ana dilimizə olan böyük sevgisindən irəli gəlir.
Poetik toplunun tərtibatçılarından biri, tənqidçi-publisist, əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan nəcib layihəsinə görə Xalq Banka təşəkkürünü bildirərək qeyd etdi ki, "Xalq Əmanəti” layihəsi çərçivəsində Azərbaycan tarixi, ədəbiyyatı və rəssamlığı üçün xüsusi əhəmiyyət kəsb edən kitablar buraxılmışdır. Tərtibçi Azərbaycan poeziyasına həsr olunmuş nəşrləri, məsələn, Mirzə Şəfi Vazehin əsərlərinin toplusunu, Azərbaycan aşıq poeziyası antologiyasını, Mikayıl Müşfiqin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün və Hüseyn Arifin şeirlər toplusunu xüsusilə vurğuladı. Hazırki iyirminci yubiley nəşri xalq şairi Zəlimxan Yaqubun yaradıcılığına həsr olunmuşdur,- deyə Azər Turan bildirdi, - və mən hesab edirəm ki, bu kitab Zəlimxan Yaqubun yaradıcılığını, şairin poetik obrazını daha aydın, bütün zənginliyi ilə göstərən bir nəşrdir. Kitabda Xalq şairi Zəlimxan Yaqubun ömür yoluna və poetik yaradıcılığının bütün tərəflərinə işıq salınıb.
İnanıram ki, Xalq Bank “Xalq Əmanəti” layihəsində bu şərəfli missiyanı davam etdirəcək. Z.Yaqubun poetik irsi çağdaş türk dünyası poeziyasında ən mühüm yerlərdən birini tutur. Şairin nəhəng mirasından tərtibçilərin rəyincə ən yaxşılarının seçilib götürülmə meyarlarına toxunaraq Azər Turan onu da qeyd etdi ki, üstünlük Azərbaycançılıq ideologiyasına cavab verən əsərlərə verilmişdir. Beləliklə, biz Z.Yaqubun həyat və poeziya yoluna işıq salmağa çalışdıq və mən inanıram ki, bu kitab oxucuların sevə-sevə qəbul edəcəkləri bir hədiyyə olacaq.
Azərbaycan Aşıqlar birliyinin katibi, əməkdar mədəniyyət işçisi, Z.Yaqub yaradıcılığının sadiq tədqiqatçısı Musa Nəbioğlu “mən xalq şairinin çox kitabını nəşrə hazırlamışam, ancaq etiraf etməliyəm ki, bütün bu kitabların arasında mənim üçün ən əzizi və qiymətlisi bizim "Xalq Əmanəti” layihəsi çərçivəsində üzərində işlədiyimiz nəşrdir”. İlk öncə, ona görə ki, bu toplu şairin vəfatından sonra onun əsərlərinin ilk böyük nəşridir. Diqqətçəkən məqamlardan biri də odur ki, bu toplu on ildir gerçəkləşməkdə olan bu layihənin iyirminci, yubiley buraxılışıdır.
Bütün Z.Yaqub poeziyası vurğunları və pərəstişkarları adından Musa Nəbioğlu layihə iştirakçılarının hamısına sonsuz təşəkkürünü bildirdi və qeyd etdi ki, toplu üzərində işləyərkən onlar Azər Turanla birlikdə çalışıblar ki, seçilmiş poetik nümunələrdə şairin yaradıcılığının bütün aspekt və xüsusiyyətləri öz əksini tapsın. Tərtibçi əlavə etdi ki, kitaba həmçinin söz ustasının keçdiyi həyat və çətin yaradıcılıq yollarını göstərən «Alın yazım, taleyim, - yaradıcılığım» adlı esse də daxil olmuşdur. M.Nəbioğlunun sözlərinə görə, bu esse oxucular üçün bənzərsiz Zəlimxan Yaqubun ülvi poeziyasının gözəl dünyasına bir bələdçi olacaqdır!
Tədbirin yekununda ailəsi adından şairin oğlu Bəhlul Yaqubov çıxış etdi:
- Z.Yaqubun şeirlər toplusunun nəşr olunduğunu eşitdikdə mən böyük minnətdarlıq və sevinc hissi duydum. Kitab çox gözəl cildlənmiş, topluya daxil edilmiş əsərlər hörmət, məhəbbət və böyük məsuliyyət hissi ilə seçilib yığılmışdır. Zəlimxan Yaqubun oğlu və ailəsinin nümayəndəsi kimi, bu mənim qəlbimdə sonsuz fəxarət və bütün yaradıcı heyətə dərin minnətdarlıq hissi doğurur.
Şairlərin bir çoxu özünün incə daxili təbiətinə görə öncəgörən olur və atam bir neçə il əvvəl Azərbaycanın Qarabağın azad olunmasındakı möhtəşəm qələbəsini sanki görmüşdü, özü də hər bir rayonun azad edilməsini ayrıca. Z.Yaqub harada olmasından asılı olmayaraq baş verən bütün hadisələrə hay verirdi. O, bir dəfə yazmışdı:
Doğan günəşdir sökülən danın
Alar qisasını tökülən qanın.
Ucaldar başını Azərbaycanın
Qələbə, qələbə, ancaq qələbə!
Və gerçəkdən də bu qələbəsi ilə cənab Prezident İlham Əliyev və bizim qəhrəman ordumuz ölkəmizin başını bütün dünyada ucaltdı və mən şübhə etmirəm ki, Zəlimxan Yaqubun ruhu bizim bu tarixi qələbəyə sevindi, axı o, bunu öncədən duymuş və şeirlərində tərənnüm etmişdi!
Qeyd edək ki, "Xalq Əmanəti” layihəsi ASC "Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, Tağı Tağıyev, eləcə də Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr olunmuşdur. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri” kitabı, "Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin, dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində "Bütün əsərləri” işıq üzü görmüşdür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!