Dünya xəlvət dərə deyil…
Üzeyir bağında nə qədər bəhrə!
Üzeyir xəyalı nə qədər əlvan!
Bir ömrə sığmayan bu əsərlərə
«Əfsanə» deməkdə bəlkə haqlısan.
Güman elədin ki, xəlvət dərədi;
Yırtılmaz pərdəsi bu firıldağın…
Xəbislik xəbislə artdı, törədi,
Sirrini örtməyib dünya alçağın.
Azalmaz bir zərrə divin divliyi
– Nə qədər cumuxsa cırtdanlar divə!
Gizləyə bilməzsən Üzeyir bəyi,
Onun Günəş ruhu sığışmaz cibə!
Üzeyir möhtəşəm, Üzeyir uca!
Dərədən zirvəyə uladın sanki!
«Arşın mal alan»a əlin çatınca
Kəsdirdi üstünü «Koroğlu» cəngi!
Onun söykəndiyi Füzuli dağı
Bu yurddan baş alıb dirənib göyə!
Yeriyən od olsan, ağılsız yağı,
Neyləyə bilərsən Üzeyir bəyə?
Xalqının gözündə ucalan kəsi
Min bədxah zirvədən endirə bilməz!
Simlərdə alışar millətin səsi!
— Onu tufanlar da söndürə bilməz!
Sərçəsən, Qartalın üstə şığıma,
Xamırın çürükdür, birdəfəlik qan!
Gözünə sancılan gur işığıma
Gözün kor olduqca diş qıcayırsan…
Sən ki, yaranmısan bədxahlıq üçün:
Dünyanın başını kəsmək dilərsən.
Günəşi yummağa yetişməz gücün,
Eləcə gözünü yuma bilərsən…
Son nazlama
Əngin şair Yahya Kəmal Bəyatlıya
Dünyanın nə gözəl yazıymış, Allah!
Nazlı bənövşələr saplaq üstündə…
Aləm öz kefində: quş da, böcək də;
Demə ki: mən yoxam bir dağ üstündə.
Hər təpə bir qoyun, mən çoban idim;
Yerə də, göyə də pasiban idim!
Mən hardan bilərdim: haracan idim?!
Boy atıb bitmişdim torpaq üstündə.
Palıd ocağında yanan közlərdim;
Murovu canımdan çox əzizlərdim!..
Axşamdan-səhərə sübhü gözlərdim:
Bir şeh damlasıtək yarpaq üstündə.
Dağdan-dağa qonmaq ömürlük peşəm:
Hər zirvə sirrinə aşiyan quşam!
Şahlar görmədiyi gün keçirmişəm:
Bir daxma altında, çardaq üstündə.
Bu, son gözgörüşü; bu, son nazlama;
İstər sızla, könül; istər sızlama!..
Səda verməz sazın, bir də sazlama;
Qismətin qalmadı bulaq üstündə.
Çıxar qönçəsindən söz birər-birər;
Hər kəs əkdiyini aqibət dərər.
Pərvaz qanadlardan tərlanlar törər:
Nəsil qaymaq tutar ocaq üstündə.
Baxma hər yazdığım dastan olmadı;
Qəlbim toy-düyündən, yasdan olmadı…
Qəm etmə ki: Məmməd Aslan olmadı;
Axtarsan, taparsan varaq üstündə.
Qazi Gülxanə paşa
Buludlar kişnədi, ildırım çaxdı,
Sanasan dağları göy yıxacaqdı!..
Yubanma ömrümə, Qazi Gülxanə,
Cərrah bıçağını sıyırma vaxtı!!!
Xəstəlik ölümün birər əsgəri;
Birlərdən törəyir zülmün ləşkəri.
Sən meydana çıx ki, Qazi Gülxanə:
Ölümün nəfəsi çəkilsin geri!
Tapdı mincə Qazi nicatı burda,
Qurtuldu yenidən həyatı burda!
Şairə, yazara ömür bəxş etdi..!
Nura dəyişirlər zülməti burda.
Gülxanə: Rəhmani ordunun başı!
Fəryada, zillətə, ölümə qarşı!
Ulu dərgahına pənah gətirdim:
Məni bu zülmətdən sabaha daşı!
Tibbin və Qazinin müştərək bürcü!
Gülxanə bıçağı – həyat ülgücü!
Yüz ildən artıqdır aləmə bəlli:
Cərrah bıçağında kamalın gücü!
Gülxanədə gül yox, gül həkimlər var!
Yıxılma, yıxılsan, gör ki kimlər var!
Gələni ümidli, gedəni rahat;
Sevinc ortamında təlatümlər var!
Sən Türkün fəxrisən, fəxarətisən!
Bir soyun şahlanmış kəramətisən!
Sən haqqın fərahı, sağlıq neməti;
Millətin ziqiymət bir sərvətisən!
Həyat qovğasında hər dəfə Qazi,
Sən Haqqından razı, Haqq səndən razı!
Bir nurlu məşəlsən məğrur əllərdə;
Fəthin təzələnir hər həftə azı!
01 mart 2015.
Ankara (Gülxanə Əsgəri Tibb Akademiyası)
Bu da ki belə…
Bu bostanı necə əkib-becərim?!
Yağışı quruyub, su da ki belə…
Kasadlıq afətdir; nə fərqi varmış:
Ya muşovul yesin, ya da ki belə…
Kotan nədi, fil qaldırar bu qırğı!
Heç nədən yarılır dağların bağrı…
Kor quyudan nə səs bitər, nə qarğı:
Dibində boğulub səda ki belə…
Laxlamış bir iman sağ qala, qalmaz!
Pozulmuş o hörmət saqqala qalmaz!
Bir budaq ucunda çaqqala qalmaz;
Nəylə gəlir-gəlsin qada ki belə…
Bu qaçqınlıq hardan soya, nəsilə?!.
Axşam nəslə gəlir, səhər nəs ilə.
Qorxuram bu torpaq şoran kəsilə:
Göz yaşıyla doyur cada ki belə…
Sultanheydər zirvədəki pir idi!
Ağrıyla üzbəüz, qəlbi bir idi!..
Keytidağda “Qu gölü”müz qurudu;
O göl qudan getdi; qu da ki belə…
Qaneyəm dünyanın azı-çoxuyla;
Uyuşum tapaydım, ey, kaş yuxuyla;
Aradım səbrimi “Yahu-Yahu!”yla,
Qəzəbnak olmayıb Xuda ki belə…
Hər açan çiçəklə bir bahar şəndim;
Bir qom bənövşəyə can dəyişərdim…
Ömrümün boyunu ölçdüm; üşəndim:
İndidən düşmürəm ya da ki belə…
Belə xor baxmazdı bəndə Allaha:
Ulduzlar daş kimi qorxuram yağa…
Bu ormanda palıd bitməz bir daha:
Hindilər tumunu uda ki belə!..
Bu mövzu ağlıma gəldi ha sondan;
Dadanmışdım: qoşma yazam asandan.
Sonunu gözləmə Məmməd Aslandan!..
Yetər bu qədəri!… Bu da ki: Belə!!!
Qayadan qumacan
Dağın ayağından asılar daşlar;
Belə mənzil kəsər daş ağır-ağır…
Tükənmək bilməz ki, çılğın savaşlar;
Daşlaşmış canlardan kövrəklik yağır.
Soyumun daşını döşümə döydüm,
Döyə bilmədimsə, kimə nə borcu?!
Qayaya kök atıb, daşda böyüdüm;
Daş-daşla qovuşsa, daş – qala bürcü!
Çiyninə baş əysək bir-birimizin;
O daş yasdıq olar, baş yarmaz daha!
Boğmaz işığını gecə gündüzün;
Sağ-salamat çıxar axşam sabaha!..
Bir soy ki bir daşa baş qoysa əgər,
O daş millət üçün səcdəgah olar!
Kök özünü sevsə, Haqq onu sevər!
Bir soyun ayarı tam agah olar.
Qaya sədası var başın yasında:
Baş, daşın üstündə heykələ dönər!
Orxon-Yeniseyin daş-qayasında
Hələ Türklüyümün nəbzi döyünər.
Uçub getdi o günlər ki…
Hümmət müəllim Məşədihəsənliyə
Ömrü tülək tərlan ömrüydü onun:
Fəzada dövr etdi, fəzada getdi.
Gah Sultanheydərdə, Quş yuvasında:
Ha yana üz tutdu, azada getdi.
Qocalıq ölümdən betərmiş demə;
Ömür hardan-hara yetərmiş demə!..
Əkdiyin-biçdiyin itərmiş demə;
Getdi o nemət də, urza da getdi.
Bu gəldi-getdi nə, bu qovğa nədi?!
Nədən daşıb-törər bu işin bədi?!
Saxsağan daşıdı, muşovul yedi;
Nələr kimə çatdı, nə zada getdi?!
İki ombabaşı birdən zay olsa,
İki qüdrət birdən heçə sayılsa;
“Platin” qızıldan hətta yey olsa,
İki qanad bir cüt əzada getdi…
Qəza – qəza üstən: qoymur göz açam!
“Dəmir-dümür” oldu üst-üstə qılçam…
Mən quş yarandım ki: göylərdə uçam;
Bir canım neçə yol qəzada getdi…”.
Qınayır fağırı ağzı göyçəklər:
“… Zərə dəmir” – demə, nə deyəcəklər?!”
Qartalın dərdini duymaz böcəklər;
Məna toxumada, əzada getdi…
Ürəyə ismarıc
Cənnət Dəlidağda böyütdüm səni:
Çeşmələr başında, güllər içində.
Ulular ruhundan fışqırıb gələn
Bayatı mayalı dillər içində.
Çəmini tez qurdum ərşi-fələklə;
Pərvazın uyuşdu göydə mələklə;
Köksünə sığmayan bir dağ ürəklə
Necə bəxtəvərdim ellər içində.
Mənim dolub-daşan nəfəsim idin;
Ləşkərlər pozmağa sən bəsim idin!
Dünyam batar olasa, qəvvasım idin;
Naçar qoyma məni yollar içində…
“Səhəri kim açır” kitabıma bir avtoqraf
Bəxtəvər başına uşaqlığımızın!
Ardınca ox çatmaz o şuxluğumuzun!
Hərəmiz bir dağın Məcnunu olduq:
Bəxtəvər başına aşıqlığımızın…
O dağlardan nə səs gələr, nə səda;
Dəlidağdan yüz il tufan əssə də.
Laçınqaya, Xor-xor bulaq, Göydərə:
Dağ ərənlər uça Sultanheydərə!
Nə zamandı gur leysana həsrətik!
Yer əyirə buludları bükdərə!
Bu büsatı bir də görək, inşallah!
Göydə görək, yerdə görək, inşallah!
Səksən nə yaşdır ki…
Bütün varlığı ilahi səslərdən yoğrulub vücuda gəlmiş
görkəmli bəstəkarımız Ramiz Mirişliyə
“Yandım, elə yandım!..” xalqa car oldu:
Ürəyin kamandır, Ramiz Mirişli.
Səni sənə qoca göstərən zalım
Yaş deyil, gümandır, Ramiz Mirişli.
“Bir xumar baxışla” gəlsə bir mələk,
Səksən nə yaşdır ki, “Ay qəlbi kövrək?!..”
Yaşı yönü geri sayasan gərək,
Ruhun ki cavandır, Ramiz Mirişli.
Allahın həbibi ulu cəddindir!
Cəddin gətirən din müqəddəs dindir!
Sənin gül ürəyin dünyadan gendir;
İnamın imandır, Ramiz Mirişli!
Hardan qulağına gələr bu səslər;
Bu şirin bəstələr, dadlı nəfəslər?!
Dəryalar, qoynunda mirvari bəslər
Xəyalın ümmandır, Ramiz Mirişli.
Sənə cilvə satır büllur gözəllər,
Səni səndən yaxşı bilir gözəllər;
Hələ görüşünə gəlir gözəllər;
Qocalma, amandır, Ramiz Mirişli!
Desən ki: “qocaldım”, yaş basar səni;
Qəhər boğar səni, huş basar səni;
Axnayar qayalar-daş basar səni,
Bədbinlik yamandır, Ramiz Mirişli.
Çatıb qaşlarını, xəyala dalma;
Təpin qocalığa, tərkinə alma!
Səksəni yola sal, keyfindən qalma,
Bu da imtahandır, Ramiz Mirişli…
Tale alnımıza Haqdan yazılı:
Bir əmrə tabeyik, sözüm hasili!
Nə qədər yaşasaq, Ondan asılı:
Qəlbinə damandı, Ramiz Mirişli.
Yasəmən işığında
Ürəklər titrədən bu nəva hardan,
Hələ cücərməmiş çöl-çəmən bu yaz.
Hardan gəlib çıxdın, binəva, hardan?!
Yaman tələsmisən, yasəmən, bu yaz?!
Bu, necə büsatmış; bu, nə cəlalmış!
Bir dəliqanlımı könlünü çalmış?!
Bu sevdadan boyun artmış-ucalmış;
Nə şux bəzənmisən, ay sənəm, bu yaz!
Bir avaz vurnuxur könül simində,
Çox naçar qalmışam gül tilsimində.
Yarışa çıxmışıq yaz mövsümündə,
Ya sən yuxalmısan, ya sinəm bu yaz.
Biz iki damlatək göylərdən düşdük,
Tale rast gətirdi: burda görüşdük.
Bir qüdrət: – İç! – dedi. Biz də ki, içdik!..
Ya tonqal çatılam, ya sönəm bu yaz.
Əhsən bu şuxluğa, bu gözəlliyə!
Hər salxımın məlhəm bir təsəlliyə!
Yüklü budaqların sınmasın deyə:
Qəbul etsən, olum əsa mən bu yaz.
Bir də görüşərik nə zaman görüm,
Sənsiz nə göy görüm, asiman görüm!..
Ömrün uzun olsun, yasəmən, görüm!
Düyünə sən qənşər, yasa mən bu yaz…
O qış yön verdi ki, bu yaza döndüm.
Əngin fəzalarda pərvaza döndüm;
Fikirlər içində qəvvasa döndüm;
Bir özgə Məmmədəm, nəsə, mən bu yaz.
Rübailər
Düşünmə: səninlə ta bitdi dünya;
İnsansız xaraba tabutdu dünya.
Cındırlı pir gördüm yol kənarında;
Qoynu-qoltuğuyla yaqutdu dünya!
Bu dağın o üzündən yaz gəlməz;
O yaza qoşulub ötkəm yaz gəlməz.
Nə vaxtadək ərş üzündən baxacaq?!
Laçınqaya çimçəşməsə, səs gəlməz!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!