Azərbaycanlı rəssam Vətən müharibəsində Qələbəyə həsr olunmuş panno yaradıb

Azərbaycanın Xalq rəssamı, UNESCO Rəssamlar Federasiyasının, Rusiya Rəssamlıq Akademiyasının, Almaniya Rəssamlar Birliyinin üzvü, “Sülh Səfiri” beynəlxalq diplomunun sahibi, Almaniyada yaşayan məşhur fırça ustası Əşrəf Heybətov Azərbaycanın tarixi ərazilərinin azad edilməsi üzrə döyüş əməliyyatlarının başlanğıcından bəri “Qarabağda Qələbə Günü” adlı genişmiqyaslı panno yaradıb.

Rəsm əsəri haqqında danışan sənətçi, hər zaman Azərbaycanın qələbəsinə inandığını və bu səbəbdən dərhal çox fiqurlu panno yaratmağa başladığını söyləyib. “Bu rəsm əsərində hamımız üçün əziz olan Şuşanın bütün simvollarını təsvir etdim, onun azad edilməsi azərbaycanlıların yaralı ürəyinə məlhəm oldu. Burada pannonun mərkəzi hissəsində musiqimizin patriarxı Üzeyir bəy Hacıbəyli və Qarabağ xanının qızı Natəvan yer alır. Əlbəttə ki, dağlıq Şuşanın "Xarı Bülbül" əfsanəvi çiçəyini təsvir etməyə bilməzdim. Cəsarətli əsgərlərimiz sayəsində tarixi qələbə qazandıq və təbii ki, mən Qarabağı qoruyan xilaskar döyüşçüləri göstərməyə bilməzdim. Deməliyəm ki, bütün kompozisiya alleqoriya, metafora və rəmzlərə əsaslanır, bütün bunlar mənə çox yaxındır”, - deyə Əşrəf Heybətov qeyd edib.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kübra Əliyeva sənətkarın yeni əsərini alqışlayaraq bildirib ki, Ə.Heybətovun doğma Azərbaycana həsr etdiyi əsərləri Vətənə, onun tarixinə, təbiətinə və mədəniyyətinə sevgi aşılayır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!