“Azərbaycan” jurnalının noyabr nömrəsində...

.Neçə gündür havalar bir az soyuyub, arabir yağış da yağır. Fikrim cəbhədə, döyüşçülərimizin yanındadır. Onların yolu indi dağlaradır...

Bu sətirlər “Azərbaycan” jurnalının noyabr nömrəsində İntiqam Qasımzadənin qızıl tariximizin 44 günlük zəfər yürüşündən, Şuşalı xatirələrindən bəhs edən yazısındandır.

Jurnalın “Qarabağ Azərbaycandır!” rubrikasının bu ilk yazısını Südabə Ağabalayevanın “Xüsusi təyinatlı söz” məqaləsi davam etdirir. Müharibə mövzulu şeirləri ilə müxtəlif nəsillərə mənsub müəlliflər – Rəsul Rza, Böyükağa Qasımzadə, Ənvər Əlibəyli, Ağacəfər Həsənli, Qəşəm Nəcəfzadə, Asif Asiman xalqımızın haqq savaşında səfləniblər.

“Poeziya otağı”nda oxucuları Qəşəm Nəcəfzadənin müxtəlif mövzulu şeirləri, Rəfail Tağızadənin “Koronavirus silsiləsi”ilə bağlı poetik düşüncələri gözləyir. Kəmaləddin Qədimin, Rizvan Nəsibin şeirləri də bu nömrədə təqdim olunur.

Mənzər Niyarlının “Bir adamlıq qəbir” hekayəsi pandemiyanın insan xislətinə işıq tutan yönlərini açmağa çalışır.

Fidan Rzayevanın tərcüməsində Bertold Brextin “Qalileyin həyatı” pyesi günümüzün ovqatına bələdçilik edir: “Bizim üçün hələ hər şey qabaqdadır”.

Nizaməddin Mustafanın “Türk – İslam mədəniyyətinin cüt gücü: şeir və musiqi” publisistik yazısı humanitar siyasətin ziqzaqlı yoluna işıq tutur.

Tənqidçi Nərgiz Cabbarlı ötən ilin romanlarını təhlil edir.

Jurnalın “Tənqid və ədəbiyyatşünaslıq” rubrikası yenə də bir–birindən maraqlı yazılarla zəngindir. Ənənəvi “Kitab rəfi” yeni nəşrləri tanıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!