Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan “Ulduz” ədəbiyyat jurnalının noyabr nömrəsi işıq üzü görüb.
Xüsusi buraxılış şəklində, rəngli formatda nəşr olunan jurnalın bu nömrəsi ümumilikdə Qarabağa həsr edilib.
Jurnal Xalq yazıçısı Anarın “Erməni mifinin süqutu” sərlövhəli yazısı ilə açılır. Xalq yazıçısı Elçinin “Gecə pəncərədən görünən dağlar” adlı qısa pyesi, eləcə də Xalq yazıçısı Kamal Abdullanın “Sarı camış” hekayəsi taleyinə müharibə və köçkünlük yazılmış fərqli insanların ortaq ağrı-acılarından bəhs edir. Bu həssas məqam jurnalda yer alan Əjdər Olun “Qəbulda”, Elçin Hüseynbəylinin “Gözünə gün düşür”, Eyvaz Zeynalovun “O gün hamı xocalılıydı”, Qulu Ağsəsin “Peyğəmbərin məqbərəsində qətl”, Kamran Nəzirlinin “Qoca uşaq”, Hicran Hüseynovanın “Qaçqınçılıq”, İlqar Rəsulun “Bizim evin pilləkəni”, Sevinc Nuruqızının “Mələklə rəqs”, Pərvanə Bayramqızının "İnsanlığın hekayəsi", Xalid Kazımlının "Canavar balasına rəhm edən amansız döyüşçü", Zemfira Məhərrəmlinin "Sevgimi neylədin, Daşaltı dərəsi" kimi hekayələrində də aydın şəkildə ifadəsini tapıb.
Qeyd edilən bütün ədəbi nümunələr kədərli motivlər üzərində qurulsa da, Qarabağın azad olunacağına olan ümid qığılcımı diqqətli oxucunun nəzərindən qaçmır. Fərqli ədəbi formatlarda qələmə alınsa da, Rəşad Məcidin "Qələmsiz yazılanlar"ı, Günel Anarqızının "Sərhədsiz səma" radio-pyesi, Mustafa Çəmənlinin "Cəbhə xatirələrim... İyirmi yeddi il sonra" xatirə yazısı da bu məntiqi ardıcıllığı bu və ya digər formada davam etdirir. Qarabağda dünyaya göz açmış mərhum naşir Bəhruz Axundovun illər öncə qələmə aldığı "Torpaqsız, obasız Qarabağlıyam" şeiri yuxarıda adı keçən nəsr nümunələri ilə harmoniya təşkil edir.
Aqil Abbasın "Gamış bağa girdi, gəl" hekayəsi Qarabağın işğala qədərki qayğısız günlərinə işıq salırsa, Xəyal Rzanın "Kötük baba" hekayəsi təbiətin timsalında erməni təcavüzünün sona yetməsi təsvir edilir.
Bundan əlavə, Tural Axundovun, İradə Musayevanın və Toğrul Axundovun Qarabağ zəfərindən doğulan təəssürat yazıları da diqqətçəkən və oxunaqlıdı.
Cəlal Məmmədovun hazırladığı ənənəvi "Qısa fikirlər xəzinəsi"ndə isə Azərbaycan və türk şairlərinin Qarabağa həsr edilmiş şeirlərindən parçalar təqdim edilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!