Azərbaycan-Kolumbiya ədəbi əlaqələri genişləndirilir

Azərbaycan Yazıçılar Birliyində Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə kolumbiyalı yazıçı, araşdırmaçı Conrado Zuluaga ilə görüş keçirilib.

Edebiyyatqazeti.Az xəbər verir ki, Azərbaycan-Kolumbiya ədəbi əlaqələrinin genişləndirilməsinə həsr olunmuş görüşdə Kolumbiyanın Azərbaycandakı səfirinin müvəqqəti işlər vəkili Marta Galindo Pena, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, AYB katibi İlqar Fəhmi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu və başqaları iştirak edib.

Görüşdə AYB sədri Anar qonaqlara Kolumbiya ədəbiyyatına Azərbaycanda olan maraqdan söz açıb. Xalq yazıçısı qeyd edib ki, ölkəmizdə təkcə Qabriel Qarsiya Markesin əsərlərinə olan oxucu marağı və bu yazıçının əsərlərinin araşdırılmasına ayrılan diqqətə nəzər yetirsək, burada Kolumbiya ədəbiyyatına və ümumilikdə ispandilli ədəbiyyata olan münasibət aydın görünər. O, bildirib ki, Markesin əksər əsərləri Azərbaycan dilinə tərcümə edilib və ölkədə maraqla qarşılanıb. Kolumbiya ilə ədəbi-mədəni əlaqələrin daha da genişləndirilməsi bizim üçün maraqlıdır.

Daha sonra qonaq Conrado Zuluaga Azərbaycanda hər iki ölkənin mədəni əlaqələrinin genişləndirilməsinə olan diqqətdən məmnun qaldığını bildirib. Yazıçı Azərbaycanda nəşr edilən mədəniyyət dərgiləri və digər məqamlarla maraqlanıb. Qonaqlar Azərbaycanın tarixi və bu günü haqqında bilgiləndirilib.

Daha sonra Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu “Dünya ədəbiyyatı” dərgisinin Kolumbiya sayının hazırlanması ilə bağlı qonaqlarla fikirlərini bölüşüb. Onlara Azərbaycan dilində tərcüməsinə ehtiyac duyulan bir neçə kolumbiyalı qələm adamının siyahısı təqdim edilib.

Sonda xalq yazıçısı Anar Conrado Zuluagaya Xocalı faciəsinə həsr olunmuş kitab təqdim edib.

Qeyd edək ki, yazıçı, araşdırmaçı, naşir, diplomat Conrado Zuluaga Kolumbiyanın İctimai Kitabxanalar üzrə Dövlət Proqramının direktoru, Kolumbiya Milli Kitabxanasının direktoru, Eksternado Universitetinin direktoru, Kolumbiyanın Madriddəki səfirliyinin müşaviri və digər vəzifələrdə çalışıb. Peşəkar karyerasının çox hissəsini Markesin ədəbi və publisistik fəaliyyətinin öyərnilməsinə həsr edib. Markes haqqında bir neçə kitabın müəllifi olan Zuluaga onun əsərləri üzrə mütəxəssisdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!