İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulmuşdur.
ÜZÜM
Düzüm- düzüm
Ağ üzüm,
Günəşin damlasısan,
Sən də ana torpağın
Qənd-şəkər balasısan!
Baxımsız qoymaq olmaz,
Üzümdən doymaq olmaz.
BALACA TURAL
Beşcə yaşı var
Hələ Turalın,
Amma nə qədər
Çətin sualın
Cavablarını
Bilir əzbərdən.
Qəribə sözlər
Uydurur hərdən.
Bala pişiyə
Bir kəlmə “miyoş”
Ad verib Tural.
Evə bir kirpi
“Tikanlı qonaq”
Gətirib Tural.
Deyir yaxşı bax,
Nənə bu kirpi
Yumru yumaqdır.
Turala bundan
Anası corab
Toxuyacaqdır...
Şəkillər yığır,
Öyrənir çoxlu
Heyvan adları;
Ən çox bəyənir
Köhlən atları;
Deyir: özümə
Bir at alacam!
Böyüyüb mən də
Çapar olacam!..
BADAM
Bahadur babam
Əkibdir badam.
Deyir bu ağac
Hər bağda bitməz.
Münbit olmayan
Torpaqda bitməz!
Bağa çağırar
Bənna atamı.
Qorxur ki, külək
Sındırar cavan,
Pöhrə badamı.
Yeldöyər səmtə
Çəkir daş hasar;
Qumla basdırar
Onu gilavar.
HAMI ŞEİR SÖYLƏYİR
Aysel kitab oxuyur,
Kitabdan doymur Aysel,
Kitabları əlindən
Heç yerə qoymur Aysel.
Aysel bilən şeirləri
Ana da əzbərləyir.
Aysel bir sözü çaşsa,
O sözü ana deyir.
Onun oyuncaqları
Şeirlərlə əylənir.
Aysel oxuyan şeiri
Evdə hamı öyrənir.
Hələ təkcə budurmu?
Həyətdəki uşaqlar,
Ayselgilə həmişə
Gələn əziz qonaqlar,
Aysel bilən şeirləri
Onlar da əzbər deyir.
Bir də görürsən hamı
Xorla şeir söyləyir.
Yazılıb doğma dildə,
Bu şeirlər şirindir.
Bəlkə bununçün belə
Aysel olub şirindil...
Tumarlayıb saçını,
Tərifləyib biz onu,
Soruşuruq Ayseldən
Gələcək arzusunu,
Fərəhlənir:
Böyüyüb
Müəllim olacam mən.
Sizə də öyrədirəm
Dərslərimi indidən!
Dəvələr
Nənənin evində gəbə var.
Gəbənin üstündə
dəvə var,
Dəvənin belində
təpə var,
Təpənin üstündə
nəvə var.
Dəvənin yunundan toxunur gəbələr,
Dəvənin üstündə dayanır təpələr,
Təpələr üstündə oynayır nəvələr.
Armud
Dağın yamacı...
Yamacda bitib
Armud ağacı.
Bıtraq kimidir
Ağacda armud,
Düşsə gillənər
Yamacda armud.
Ayı armudu
Görüb sevindi,
Mayallaq vurdu:
Armud mənimdi!
Armud mənimdi!!
Budaqlarını çəkib əyərəm,
Çıxıb başına,
Bir-bir yeyərəm!
Qarğa armudu
Görüb sevindi:
Qar-r-alıb budur,
Armud mənimdi!
Q-armud mənimdi!!
Xətrim istəsə Dimdikləyərəm,
Qonub budağa
Bir-bir yeyərəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!