AMEA Naxçıvan Bölməsində Əməkdar elm xadimi, mərhum professor Hüseyn Həşimlinin “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” və “Haqq divanı” kitablarının təqdimatı olub.
Tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev professor Hüseyn Həşimlinin gərgin elmi araşdırmaları barədə danışıb. Bildirib ki, o, fədakar əməyi sayəsində Naxçıvan ədəbi mühitinin inkişaf yolları, bədii yaradıcılığın əsas istiqamətlərini, mövzu rəngarəngliyi ilə bağlı mühüm məsələləri araşdıraraq üzə çıxaran, bu istiqamətdə arxivlərdən, yüz ildən artıq bir dövrün mətbuatından çoxsaylı və müxtəlif səpkili materialları toplayan, ədəbi nümunələr əsasında ədəbiyyatşünaslıq məsələlərini ciddi tədqiq edən alim kimi yaddaşlarda həmişəlik yaşayacaq. Bu baxımdan tanınmış professorun Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndəsi, demək olar ki, ədəbi irsi öyrənilməmiş Ələkbər Qərib Naxçıvanlının yaradıcılığı haqqında etdiyi araşdırmalar, ortaya çıxardığı faktlar nadir tapıntılar sırasındadır.
İsmayıl Hacıyev qeyd edib ki, görkəmli alim Hüseyn Həşimli “Naxçıvanlı yazıçılar “Məktəb” jurnalında” monoqrafiyasında Naxçıvan ədəbi mühitinin bu tədqiq olunmamış nümayəndəsi haqqında daha geniş məlumat verib, Ələkbər Qərib Naxçıvanlının bədii irsindən bir neçə nümunəni, tərcüməçilik fəaliyyətini tədqiq edən məqalələri mətbuatda dərc etdirməyə müvəffəq olub. Tanınmış ədəbiyyatşünasın Ələkbər Qərib Naxçıvanlının həyat və yaradıcılığı, tərcüməçilik fəaliyyəti haqqında yazdığı, lakin sağlığında işıq üzü görməyən irihəcmli “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” monoqrafiyası və “Haqq divanı” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2020-ci ilin nəşr planına daxil edilib, dövlət qayğısı ilə işıq üzü görüb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, Ələkbər Qərib Naxçıvanlı 1910-1930-cu illərin ədəbi proseslərində yaxından iştirak edən, nəsr, publisistika, ədəbi tənqid və bədii tərcümə sahəsindəki səmərəli, məhsuldar fəaliyyəti ilə diqqətçəkən istedadlı, lakin unudulmuş, yaradıcılığı araşdırılmamış sənətkarlarımızdan biridir.
Qeyd olunub ki, professor Hüseyn Həşimli iyirmi beş ildən artıq müddətdə digər unudulmuş ədiblərlə yanaşı, Ələkbər Qərib Abbasovun da həyat və yaradıcılığının tədqiqi ilə məşğul olub, müasir dövr Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndəsi kimi öz elmi fəaliyyəti ilə Azərbaycan ədəbiyyatını dünyanın bir sıra ölkələrində təbliğ edib. O, uzunmüddətli axtarışlarının nəticəsi olaraq yazıçının müxtəlif janrlı bir çox əsərlərini ilk dəfə üzə çıxararaq tədqiqata cəlb edib. Yeni tədqiqat əsəri ciddi elmi axtarışların, böyük zəhmətin məhsulu olmaqla unudulmuş tarixi və ədəbi irsimizə ən layiqli töhfədir. Sağlığında Ələkbər Qərib Naxçıvanlı ilə bağlı mətbuatda onlarla məqaləsi çap olunan və onu elmi ictimaiyyətə təqdim edən Hüseyn Həşimlinin ən böyük arzusu ədibin haqqında monoqrafiyanın və əsərlərinin işıq üzü görməsi idi. Alim “Şərq qapısı” qəzetinin 12 oktyabr 2017-ci il tarixli sayında dərc olunan “Unudulmuş şairin sənət dünyası” adlı məqaləsində də yazıçının əsərlərini və onun haqqında monoqrafiyanı çapa hazırlaması barədə məlumat vermişdi.
Surə Seyid vurğulayıb ki, sağlığında bu arzusunu reallaşdıra bilməsə də, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunan bu iki kitab görkəmli alim Hüseyn Həşimlinin elmi axtarışlarının bəhrəsi olaraq həyata vəsiqə aldı. Naxçıvan ədəbi mühitinin tanınmış simalarından olan Ələkbər Qərib Naxçıvanlının şərəfli ömür yolu, bədii yaradıcılığı, ədəbi-tənqidi və publisistik irsi, tərcüməçilik və naşirlik fəaliyyətini elmi təhlil süzgəcindən keçirən görkəmli alimin bu tədqiqat əsəri XX əsr Naxçıvan ədəbi mühitinin tədqiqatçıları üçün də əvəzsiz bir tapıntıdır.
Bildirilib ki, kitabda Ələkbər Qərib Naxçıvanlının müxtəlif illərdə yazdığı bədii əsərləri, o cümlədən yeddi hekayəsi və bir povesti, səkkiz publisistik və ədəbi-tənqidi yazıları, görkəmli alim və tədqiqatçı Əziz Şərifə ünvanladığı məktubu, görkəmli rus yazıçısı N.M.Karamzindən etdiyi “Bədbəxt Liza” əsərinin tərcüməsi və əsərlərinə yazılmış iki resenziya toplanaraq geniş oxucu kütləsinə təqdim edilib. Monoqrafiyanın “Ön söz”ündə müəllif yazır: “Ələkbər Qərib Naxçıvanlının çoxşaxəli sənət yolunun, səmərəli və məhsuldar yaradıcılıq fəaliyyətinin ətraflı şəkildə tədqiqi, bütövlükdə, 1910-1930-cu illərin ədəbi prosesinin müxtəlif məqam və problemlərini, ədəbi-publisistik irsimizin bir sıra unudulmuş səhifələrini də aydınlaşdırmağa imkan verir”.
Əminliklə qeyd etmək olar ki, “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” və “Haqq divanı” adlı yeni nəşrlər gənc alimlər və tədqiqatçılar üçün məxəz rolunu oynamaqla yeni əsərlərin yaranmasına, elmi baxışların formalaşmasına və yeni ədəbi düşüncələrin işıq üzü görməsinə səbəb olacaq.
Təqdimat mərasimində AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, institutun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov, Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucova çıxış edərək görkəmli ədəbiyyatşünas alim Hüseyn Həşimlinin, Naxçıvan ədəbi mühitinin tanınmış simalarından olan Ələkbər Qərib Naxçıvanlının həyat və yaradıcılığından, yeni işıq üzü görən tədqiqat əsərlərinin əhəmiyyətindən geniş söhbət açıblar.
AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev görkəmli ədəbiyyatşünas alim Hüseyn Həşimlinin ailə üzvləri adından kitabların ərsəyə gəlməsində çəkilən zəhmətə, göstərilən yüksək qayğıya görə dövlətimizə, bu işdə əməyi olanlara minnətdarlıq edib.
Qeyd edək ki, elmi redaktoru və rəyçisi filologiya üzrə fəlsəfə doktoru Surə Seyid olan, 4 fəsildən ibarət “Unudulmuş yazıçı Ələkbər Qərib Naxçıvanlı” monoqrafiyasında görkəmli sənətkarın həyat və yaradıcılığı, tərcüməçilik fəaliyyəti geniş şəkildə təhlil olunub, “Haqq divanı” adlı kitab vasitəsilə Ələkbər Qərib Naxçıvanlının indiyə qədər elmi-ədəbi ictimaiyyətə məlum olmayan bədii-publisistik əsərləri oxuculara çatdırılır. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla işıq üzü görən hər iki nəşr gənc alimlər və tədqiqatçılar üçün fundamental baza rolunu oynayır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!