Kəlbəcər rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər şəhəridir.
Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.
15 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edildi.Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması,ərazinin böyüklüyü və humanizm göstərilmişdir.
Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir.Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır.
Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.
"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir.Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.
Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcərdə "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!