Rafiq Hümmət - ŞEİRLƏR

ÇOBANIN ARVADI

Gecəni yatmadı çobanın arvadı.
Termosda itburnu çayı dəmlədi,
Yumşaq fətirləri selofana qoydu,
Ərinin çəkməsini, yapıncısını qurutdu,
Tüyündü irəli-geri səhərə kimi -
Əcəba nə yadından çıxdı, nəyi unutdu...

Dan üzü açılar-açılmaz
Ərini uğurladı çobanın arvadı.
Çantasını, çomağını gətirdi,
Yapıncısını kürəyinə sərdi.
"Havalar yağmurludur,
Göy guruldayanda, şimşək çaxanda,
Telefonunu söndür,
Tanrı səni ildırımdan qorusun" - dedi...

TİFLİSDƏ YAY YAĞMURU

Nə gözəl yağırdı bu gün, ilahi,
Nə gözəl çimirdi bu şəhər bu gün.
Göydə buludların bitirdi ahı,
Yerdə qəhr olurdu qəm-qəhər bu gün.

Tiflisin mən bilən küçəsi ilə
Özüm özüm ilə danışa-gülə,
Adamdan, heyvandan, quşdan aralı,
Bir azca bəxtiyar, bir az yaralı,

Yağmuru canıma sarıb gedirdim,
Sahibsiz dəlitək varıb gedirdim...
Gedirdim... getdiyim yollar dar idi,
Qulaqlar tıxalı, gözlər kor idi.

Vəzirə, vəkilə ağız açmağım
Yaman çətin idi, yaman zor idi.
...Ölmüş o sonuncu ümidə baxdım,
İlahi, nəbzində atış var idi...

...Gedirdim gözləri boşala-dola,
Nə sağa baxırdım, nə də ki sola.
Tanrı su səpirdi yanan ümidə,
Əriyən asfalta, alışan yola...

HƏSRƏT

Özün seçdin,
Özün gəldin,
Özün sevdin,
Özünü sevdirdin-
Özün getdin...

Səni sevdim,
Səni qüsursuz sevdim.
Səni mükəmməl sevdim,
Səni çox sevdim,
Səni ən çox sevdim...
Səni incitmirəm,
Səni qınamıram.
Səni yanamıram,
Səni acıtmıram,
Səni uçurtmuram...
Özün seçdin,
Özün sevdin,
Özün getdin,
Özün dönəcəksən
Sən, sən sən sən...

...SƏNƏ NƏ, ADAM...

Otur bax beləcə - əlin üzündə...
Otur - öz-özünə tamaşa elə.
Bu dünya başlayıb tamaşa ilə,
Bu dünya bitəcək tamaşa ilə.

Nədən üzülürsən? Sənə nə, adam? -
Kim kimi aldadır, kim kimi satır;
Kim kimə qoz verir, kim kimə badam,
Harda kim oyanır, harda kim yatır...

Dünyadır - nuru az, qaranlığı çox,
Ayı da, Günü də adamı sevmir.
Adammı? - Adam çox, adamlıqsa yox,
O damda böyüyən o damı sevmir.

Üzül!.. Üzülməyin qorxusu azdı,
Cana ziyandısa, qidadı ruha.
Nə olsun, bir zalım kefini pozdu,
Pozulan kefini göndər Allaha.

Yuyar gözlərindən yağan yağışlar
Qara ahları da, ağ ahları da.
Sən yalvar Tanrıya - bəlkə bağışlar
O sənə edilən günahları da.

...Gördünmü şeirmiş bu çəkdiyin ah,
Ahı çəkdirənə təşəkkür eylə.
Səni sevgi ilə böyüdüb Allah,
Otur Allahına min şükür eylə...

ŞÜKRANLIQ

Şükür sənə, şükür, Tanrım,

Yenə səhər gül qoxudu,

Yenə yolların dirildi,

Yenə quşların oxudu.

 

Yenə bir yazıq gecəni

Ümidli səhər elədin.

Şükür, Tanrım, ölü yurdu

Ayıldıb şəhər elədin.

 

Dan üzündə Günəş doğdu,

Ləçəklər yarpağa döndü.

Arılar gül-çiçəyinə,

Kəndlilər torpağa döndü.

 

Şükür sənə, şükür, Tanrım,

Ölünü diri elədin.

Məni şairdən çevirib

Hər kəsdən biri elədin...

 

RUHUM SIZLAR KİÇİK ÇÖLDƏ

Nurafizə

Nə vaxt sevgilər tən olar,

Nə vaxt dost dosta düz gələr -

Eynimə olmaz, göylərdən

Daş ələnər, ya buz gələr.

 

Yol alsam həsrət dağına,

Qırov düşər budağıma,

Gözlərimin qabağına

Bir cüt ağlayan göz gələr.

Ruhum sızlar Kiçik Çöldə,

Ətrim əriyər bir güldə,

Son ümidim ölhaöldə,

Əllərimə üç tuz gələr.

 

Lala dönsəm bu dünyada,

Dil qapatsam dosta, yada,

Ya dağdan can dostum, ya da

Bakıdan Nurafiz gələr.

 

...YAVRU QURDUM...

Duydunmu bu məsəli, yavru qurdum? -

Rüzgarlar nə qədər ağır olsa belə,

Qağayılar öz dənizlərini tərk etməzmiş.

Qartallar öz zirvələrini,

Qurdlar öz meşələrini,

Sərçələr öz həyətlərini

Cənnət misal yaylaqlara dəyişməzmiş...

 

Kişilər də belədir, yavru qurdum -

Aclığa da, səfalətə də,

Nankorluğa da, xəyanətə də,

Kinə də, nifrətə də,

İçinə qan sızan zəhmətə də

Əqidəsinə və sevgisinə bürünüb dözər...

 

Qağayıların,

Qartalların,

Qurdların,

Sərçələrın,

Kişilərin bircə adı olur, yavru qurdum!..

 

MƏNİ BİRCƏ GÜN SEVİN

Giley-güzar ha etmirəm,

Hər şey öz qismətimdi.

Nifrət etməyim də zülm,

Sevməyim də çətindi.

 

Ruhunda kin gəzdirəndən

Yüz mil uzaq gəzərəm.

Ya qurd kimi ulayaram,

Ya yalquzaq gəzərəm.

 

Pornax sevən adamların

Yeri olmaz yanımda.

Ağrı duymayan kəslərin

Ruhu gəzməz canımda.

 

Sevdiyimi bürcüm kimi,

Qalam kimi sevərəm;

Atam-anam, qardaş-bacım,

Balam kimi sevərəm.

 

...Nə olsun, imarətim yox,

Bir az kiçikdi evim -

Siz məni bircə gün sevin,

Sizi ömürlük sevim...

 

BƏLKƏ DƏ BİLMİRDİ...

Amma o bilmirdi...

Bəlkə də bilmək istəmirdi

Dünyanın ən iri şeytanına,

İblisin ən xain sərkərdəsinə

Ürcah olduğunu.

 

Bilmirəm bilirdi-bilmirdi -

Sonda çörəksiz-duzsuz qalacağını,

Aysız-ulduzsuz qalacağını,

Ən qorxulusu -

Sevgisiz-sığalsız qalacağını,

Qızsız-oğulsuz qalacağını,

Hamı tərəfindən atılacağını

Bəlkə bilirdi,

Bəlkə də bilmirdi...

 

XOCALI

Sənin birmi, beşmi, onmu dərdin var...

Bunca könül vermə dərdə, can-ciyər.

Suxumda ölərsən, Şuşa qan damar,

Şuşada ölərsən, Suxum  inciyər.

 

Ağlaya-ağlaya hayana çıxaq? -

Düşməndən intiqam, ya bac alınır.

...Ay adam, sinənə, gəl, orden taxaq,

Gözəl ağlayırsan sən Xocalını!..

 

Mən də Xocalıya çox şeir yazdım,

Çox adam topladım... xeyli ağladıq.

Şuşadan, Suxumdan uzaq səhraya

Hər il düz qırx sutka matəm saxladıq.

 

...Bizi ağlatmasın dərd gülə-gülə,

Dərdimiz dağlara, düzlərə dəysin.

Səngərdə əsgərə tuşlanan güllə

Yalandan ağlayan gözlərə dəysin!

Kilsəni İsadan ayıranlara,

Məzlum görkəm alan üzlərə dəysin!..

 

CAN DOSTUM, İSTANBULUM...

İki qitə İxtiyarı -

Qan dostum, İstanbulum,

Sevgili canım!

 

Səndən xəbər gözləyirəm,

Müjdəli bir xəbər ver.

Ürəyimi qorumağa sipər ver!

 

Qız qülləsi - Qız bürcü

Həyalı ulduz bürcü

İşıq saçır, de!

 

Yorulmuş qol-budaqlar,

Üşümüş tumurcuqlar

Çiçək açır, de!..

 

O canı hədələyən,

O qanı zəhərləyən

Zəhər uçur, de.

 

Övliyaların şəhəri,

Min bir gecənin səhəri -

Can dostum, İstanbulum...

 

CANIMIN İÇİ

İlk görüş... soyuq oda,
İşləmirdi qaz peçi.
Dedim, gəl mənə sığın,
İsin, canımın içi.

Yaxşı ki, işləmirdi
O danqalaq qaz peçi -
Sən mənə "can", mən sənə
Dedim "canımın içi".

Yüz şeirimdə sordular:
- O bəxtəvər kim, nəçi?
Dedim, mən ona canam,
O da canımın içi.

...Elə soyuyub, gülüm,
Qanım, qanımın içi -
Sənin canın ağrıyır,
Mənim canımın içi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!