Xalq yazıçısı Elçinin iki kitabı Almaniyada nəşr olunub

Alman oxucuları Xalq yazıçısı Elçinin əsərləri ilə yaxından tanışdırlar. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Baş” romanı Almaniyada bir neçə dəfə nəşr edilib. Eləcə də Xalq yazıçısının hekayələri və povestləri toplanmış kitabları ölkənin müxtəlif nəşriyyatlarında işıq üzü görüb. Elçinin seçilmiş pyeslərindən ibarət kitabı da alman oxucularına təqdim edilib. Onun dramaturgiyası nəsr əsərləri ilə birlikdə, görkəmli ədibin yaradıcılığı haqqında alman oxucularında dolğun təsəvvür yaradıb.

Bu günlərdə nüfuzlu “Epubil” və “Pem” nəşriyyatları Elçinin hekayələrindən ibarət daha iki kitabını nəfis şəkildə nəşr edib. “Sarı gəlin” adlı kitaba müəllifin eyniadlı hekayəsi ilə bərabər, bir sıra məşhur əsərləri, “Missiya” adlı kitaba isə onun son illərdə yazdığı hekayələr toplanıb. Kitablarda ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Həm “Epubil”, həm də “Pen” nəşriyyatlarının nəşr etdiyi əsərlər Avstriya və İsveçrə kitabxanaları tərəfindən alınır, eləcə də “Amazon”, “Buchkatalog”, “Thalia”, “Higendubel”, “Veltbild” kimi Avropanın ən məşhur internet satış firmaları da bu kitabları əldə edir.

Hər iki kitabdakı əsərləri türkoloq K.Hermann Kiehl alman dilinə tərcümə edib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!