İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik nümayiş etdirib. Şanlı ordumuz, igid Azərbaycan oğulları bir saniyə belə tərəddüd etmədən Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü müdrik siyasətə arxalanaraq doğma Qarabağın erməni təcavüzkarları tərəfindən azad olunması uğrunda döyüşlərə atılıblar. Azərbaycan sentyabrın 27-də başlamış əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu və Vətən müharibəsi bizim böyük zəfərimizlə başa çatdı.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları qələbə çaldığımız, 30 ilə yaxın həsrəti ilə yaşadığımız torpaqların işğaldan azad olduğu bir dövrdə “Qarabağı qarış-qarış tanıyaq” layihəsini uğurla davam etdirir.
Layihənin əsas məqsədi Qarabağın tarixi, ərazisi, təbiətinin nadir gözəllikləri, incəsənət nümunələri, mədəniyyət xadimləri, muğamı, qədim adət ənənələri, milli-mənəvi dəyərlərinə aid olan xalçaçılıq, atçılıq, ipəkçilik, zərgərlik sənətləri haqqında geniş məlumat verməkdən ibarətdir.
Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq layihə çərçivəsində “Kəlbəcər”, “Füsunkar Şuşa”, “Xarı bülbül” adda videoçarxlar “Qarabağ atları” və digər virtual fotosərgilər hazırlanıb. Bu videomateriallar illərdir həsrəti ilə yaşadığımız Qarabağı daha yaxından tanımağımıza yardımçı olub. Hazırlanan videomateriallar tək Azərbaycan dilində deyil, xarici dillərdə də tərtib olunur. “Xarı bülbül” adlı videoçarx kitabxana əməkdaşları tərəfindən İngilis dilində hazırlanıb. Bu da təbii ki, Qarabağ gözəlliklərini xarici dillərdə tərənnümünün ən bariz nümunəsi ola bilər.
Qeyd edək ki, videoçarxlar kitabxananın sosial şəbəkə hesabları vasitəsilə yayımlanır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!