Kitabxana “12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür” adlı sərgi təşkil edib

Hər il 12 noyabr – Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu gün ilk Milli Konstitusiyamızın qəbul edilməsindən 25 il ötür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış Milli Konstitusiya çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açıb, dövlət quruculuğu, iqtisadiyyat və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təsir göstərib. Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “12 Noyabr Azərbaycan Respublikası Konstitusiya Günüdür” adlı virtual sərgi açıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənəd, Azərbaycanın görkəmli şəxsiyyətlərinin Konstitusiyamız haqqında fikirləri, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, Azərbaycanın dövlət rəmzləri, Konstitusiya hüququ haqqında kitab və dövri mətbuat materialları nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tam mətnləri ilə verilib.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/12Noyabr_Konstitusiya_gunu/index.htm linkindən istifadə edə bilərlər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!