Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda növbəti dəfə Mahmud Kaşğarlı adına Beynəlxalq Fondun təsis etdiyi “Mahmud Kaşğarlı” mükafatının təqdimat mərasimi keçirilib.
Bugünkü təqdimatda xalq yazıçısı Çingiz Abdullayev və hüquq elmləri doktoru, professor İlham Rəhimov “Mahmud Kaşğarlı” mükafatı ilə təltif ediliblər.
Fondun Azərbaycan üzrə sədri, “Ulu çinar” jurnalının baş redaktoru Elxan Zal geniş nitqlə çıxış edib. O bildirib ki, türk dünyasına xidmətə görə 2007-ci ildə təsis edilən bu mükafat indiyədək bir çox tanınmış simalara verilib:“Beynəlxalq mükafat komissiyasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tatarıstandan elm və mədəniyyət adamları yer alıb”.
Tədbirdə çıxış edən mükafatçılar nitq söyləyərək, mükafat üçün öz təşəkkürlərini bildiriblər.
Bir çox ölkələrdə mükafatlara layiq görüldüyünü deyən İlham Rəhimov Beynəlxalq Mahmud Kaşğari mükafatının Azərbaycanda aldığı ilk mükafat olduğunu vurğulayıb:
“Azərbaycanda birinci dəfədir ki, mükafata layiq görülürəm. Bu mənim üçün ən dəyərli mükafatdır.”
Digər mükfatçı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev də çıxış edərək bu mükafatın yüksək hesab etdiyini bildirib: "Mən fəxr edirəm ki, bu mükafatı alanlar siyahısındayam”.
Xalq şairi Sabir Rüstəmxanlı mükafat alanları təbrik edib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!