Biz sadəcə ömrümüzdən itirdik - MÜSAHİBƏ

Füzuli Hüseynovla müsahibə - Samirə Əşrəf

Qəzet üçün müsahibələr edəcəyimi düşünəndə ağlıma gələn ilk ismlərdən biri, bəlkə də birincisi aktyor Füzuli Hüseynov olmuşdu. Mənə görə Füzuli Hüseynov içində nəğməsi, sənət yanğısı olan çox az sənət adamlarımızdan biridir. Özü ilə əlaqə saxlayanda müsahibə təklifimi çox xoş qarşıladı. Onunla əvvəllər də həmsöhbət olduğum üçün söhbətimizi sənət, teatr və kino üzərində qurmağı planlaşdırdım. Bilirdim ki, ürəyində danışmağa və deməyə sözü çoxdur. İlk sualımı da elə ötən söhbətdən yola çıxaraq müsahibimə ünvanladım.

- Füzuli bəy, sizinlə ötən söhbətimizin üstündən üç ildən artıq vaxt keçib. Yadıma gəlir ki, o zaman söhbətimiz bir az pessimist notlar üzərində başa çatmışdı. İndi ovqatınız, işləriniz nə yerdədi?

- Əslində pessimistlik mənim təbiətimə xas haldır. Mən materialist adamam. Rəngləri olduğu kimi həyatı necə var elə görürəm. Ona görə də əhvalım yenə elə həmin notlardadır. Hələ ki, dəyişilən heç nə yoxdur.

Ümumiyyətlə, insanın fikri dəyişə bilər, xasiyyət və düşüncə tərzi dəyişmir.

- Bəzən biz tamaşaçılar bəyənib, sevdiyimiz sənət adamları haqqında maraqlı fikirlər yürüdürük. Misal üçün bizə elə gəlir ki, sənətkarlarımız elə gözlərini şəhərdə, kübar həyatda dünyaya açıblar. Təbii ki, şəhərdə doğulan insanlar da olub. Amma mən sırf əyalətdən şəhərə gələn insanlardan danışıram. Siz də əyalət adamı olmusunuz. Bu gün keçmişdə qalan uşaqlıq,  yeniyetməlik illərinizi necə xatırlayırsınız?

- Əlbəttə, zaman-zaman nostalji hisslər olur. Mənim anam Qax rayonundandır. Ona görə bizim uşaqlığımızın çox hissəsi nənəmizin yanında keçib. İndi oralara gedəndə, oynadığım yerləri, çıxdığım dağları, çimdiyimiz çayı görəndə təbii ki, təsirlənirəm.

Amma qəribəsi odur ki, indi həmin doğma yerlərdə özümü qonaq kimi hiss edirəm. Yadırğamışam o yerləri. Elə bil o torpaqlar daha məni qəbul eləmək istəmir...

Amma torpağımı sevirəm. Hər ay da olmasa, iki aydan bir gedirəm.

- Ananız necə Bakıya - sizə qonaq gəlir?

- Əlbəttə, gedib gətirirəm. Elə bu qış iki ay burda mənim yanımda qaldı. Amma evdən bayıra çıxmır, utanır. Hərçənd anam savadlı qadın olub, müəllimə işləyib. Amma nədənsə Bakıya gələndə, heç yerə çıxmır. Mən də açığı, pis oluram. Evin içində nə qədər oturmaq olar? Ona görə də elə imkan düşdükcə özüm tez-tez gedib baş çəkirəm.

- Füzuli bəy, mən sizinlə bağlı bir nüansa toxunmaq istəyirəm. Bilirəm ki, Nəsir Sadıqzadə sizin müəlliminiz olub. Və fikir vermişəm siz bütün müsahibələrinizdə onun adını xüsusi olaraq  vurğulayırsınız. Halbuki, sizin digər tələbə yoldaşlarınızda bu fakta rast gəlməmişəm. Bu nə ilə bağlıdır?

- Nəsir müəllim mənim birbaşa müəllimim olmayıb. Sadəcə, iki il başqa müəllimi əvəz edib. Mənim tələbə yoldaşlarımın heç biri Nəsir müəllimin güclü müəllim olduğunu inkar edə bilməz. Ola bilər ki, onu özləri üçün müəllim seçməsinlər. Amma şəxsən mən Nəsir müəllimi çox gözəl dərk edib, duyurdum. Və doğrudan da o, çox savadlı və ağıllı insan idi.

Bilirsiniz, ona o vaxtı universitetdə də birmənalı yanaşmırdılar. Hətta ona ingilis ləqəbi də qoymuşdular. Onun qəribə, özünəməxsus şux yerişi vardı. Bildiyimə görə, onun valideynləri 37-ci ildə repressiyaya məruz qalmışdılar. Ancaq bütün bunlarla yanaşı onun pedaqoq kimi son mogikan olmasını heç kim inkar edə bilməz.

Müəllim kimi ondan çox şey öyrənmişəm. Bizimlə birgə gəlib çayxanada oturub söhbətləşir, ən xırda sualımızı belə cavablandırırdı. Və bir də o, bizə bu sənətə nifrət edərək sevməyi öyrətmişdi. Yəni bu sənətin pis, acı olan tərəflərini bizim üçün açmışdı. Onun tələbələri artıq ikinci kursda, belə deyək də, xəyali xalq artisti səviyyəsindən aşağı düşərək dərk edirdilər ki, hara gəliblər, hansı bəlaya düşüblər. Yəni mən bunların hamısını duydum. Və bu qazandıqlarım sonralar formalaşmağımda mənim üçün çox köməklik etdi. Görünür indiki müəllimlərin günahıdır ki, birinci, ikinci kurs tələbələri bir neçə seriala çəkiləndən sonra heç kimə salam vermək istəmirlər.

- Yəni qeyd etdiyiniz etapı keçmək üçün belə deyək də, müəllim nəzarəti, məsləhəti, hətta danlağı vacibdir?

- Əlbəttə. Bilirsiniz, o vaxtı bizi də səhər verilişlərinə, qiraət verilişlərinə dəvət edirdilər. Amma müəllimlərimiz bizə icazə vermirdilər. Hətta bizi sıxırdılar ki, biz kamilləşək, bütövləşək. İndi faciə ondadır ki, birinci kurs tələbələri bir neçə serialda görünən kimi özlərini dahi hesab edirlər. Mən həmişə demişəm və yenə deyirəm. Özündən razılıq artıq həmin insanın bitməsindən, inkişafdan qalmasından xəbər verir. Belə adamlar necə parlayırlarsa, eləcə də sönürlər. Mən məhz bu sirləri Nəsir müəllimdən öyrəndim.

- Müəyyən sənət adamları var ki, onları istər səhnədə, istər filmdə izlədiyim zaman onların müəyyən olunmuş tamaşaçı tərəfindən tanınmasını, dünyaya çıxa bilməməsini görəndə ürəyimdən belə bir fikir keçib: Niyə belə oldu?  Sizinlə bağlı da tez-tez bu fikirdə olmuşam. Sizcə, niyə belə oldu, nə baş verdi?

- Kimsə kiməsə qarğış edəndə deyir, səni görüm keçid dövründə yaşayasan. Bu baxımdan bir dövrdən başqa dövrə keçəndə itkilər də olur, qazanclar da. Mən heç vaxt keçmişlə yaşayan adam olmamışam. Olan, bitən hər şey keçmişdə qalır. İrəliyə baxmağı sevirəm. Təbii ki, biz də gənc vaxtı yaşlıları bəyənmirdik. Fikirləşirdik ki, yaşlanıbsa, daha sənətdən, işdən uzaqlaşmalıdır. Nə vaxta qədər oturmaq olar? Amma məsələ burasındadır ki, bizim o vaxtkı yaşımızda olan indiki gənclər ümumiyyətlə, heç kimi qəbul etmək istəmirlər və hər şeyi inkar edirlər.

Ümumi anlamda ortaya böyük işlər çıxmırsa, bu, bizim günahımız deyil. Bu peşə sahəsində olan müəllimlərin günahıdır. Deməli, bu sahəyə qarşı olan siyasət düzgün qurulmadı. Əvvəllər Moskva vardı. Bir qrup gənc gedirdi, oxuyurdu, öyrənirdi gəlirdi. İndi bütün bunlar yoxdur. Hamısı itdi, sındı, dağıldı... Bunların da düzəlməsinə, bərpa olmasına xeyli zaman lazımdır. Təbii ki, düzələcək. Çünki mən bildiyimə görə indi Amerikada, Türkiyədə xeyli təhsil alan tələbələrimiz var. Hərçənd ki, Türkiyə və digər türkdilli ölkələrin çoxu teatr sahəsində bizdən çox şeylər öyrəniblər. Düzdür, indi keçmişə baxanda, bəzi şeylər bizə gülməli gəlir. Amma nə bilmək olar, bəlkə iyirmi, otuz ildən sonra da bizə baxıb güləcəklər. Ya bəlkə heç səhnədə insanlar olmayacaq, robotlar rolları ifa edəcəklər. Amma bütün hallarda canlı ünsiyyət vacibdir. Və bu tək sənin, mənim istəyimlə olan iş deyil. Əgər kimsə sənət baxımından işini fərdi olaraq, öz istəyi üzərində qurursa, o, əvvəl-axır fiaskoya uğrayır.

- Füzuli bəy, "Teleskop" tamaşası yetərincə maraqlı qarşılandı. "Generalın ölümü" tamaşası sizin yaradıcılığınıza nə qazandırdı. Ümumiyyətlə, nə isə qazandıra bildi?

- Hələ gənclik illərindən yazıçı Elçinin yaradıcılığını izləmişəm. Əsərlərində müxtəlif rollar da ifa etmişəm. Bu yaxınlarda onun bir hekayəsini oxudum və çox xoşuma gəldi. Mənə belə gəlir ki,  bu cür yazıçılarımız teatr üçün həmişə yazmalıdırlar. "Teleskop" pyesi də bildiyiniz kimi Elçin müəllimin əsəri idi. Təbii ki, orda başqa cür də ifa göstərmək olardı. Amma bacardığım qədər mən öz gücümü həmin tamaşaya verdim.

O ki, qaldı "Generalın ölümü" əsərinə açığını desəm, həmin tamaşa mənə sizin vurğuladığınız kimi çox şey vermədi. Amma həmin əsər çox yaxşı əsər idi. Və o əsərin taleyi çox qəribə  oldu. Rəhmətlik Vaqif Səmədoğlu məhz bu əsərinin səhnələşdirilməsini arzu etdi. Ramiz Həsənoğlu isə başqa əsəri hazırlamaq istəyirdi. Amma Vaqif müəllimin israrını görəndən sonra razılaşmışdı. Həm də çox az vaxt ərzində hazırladıq. Əsər mənə təklif olundu, oxudum və xoşuma gəldi.

Vaqif müəllimi mən çox yaxşı tanıyırdım. O, çox az yazıçılardan idi ki, özünə gülməyi bacarırdı.  Əsər özü də çox maraqlı idi. Siyasi çalarları da daha çox idi. İkinci Dünya müharibəsi iştirakçısı olan yaşlı generalın qızı ruhi xəstədi, nəvəsi isə alkoqolikdir. Yəni günahlar içində yaşayan bir adamdan törəyənlər də cəmiyyətin anormal adamlarına çevriliblər.

Bu baxımdan əsərə çox dərindən yanaşmaq lazım idi. Mən çox istəyirdim ki, həmin əsərdə sakit-sakit işləyim. Amma vaxt az olduğu üçün həmin tamaşadan çox şey götürə bilmədim.

- Bizim nəsil gözünü açanda sizi gördü, siz də bildiyimiz kimi, özünüzdən əvvəl gələn sənət adamlarını tanıyıb, sevdiniz. Bəs indi gələn nəsil kimlərlə, hansı sənət adamları ilə Azərbaycan teatrını, kinosunu sevməli, onlara inanmalıdır?

- Mənim inanıb-inanmamağıma qalsa, mən heç kimə nə isə inandırmaq fikrindən uzaq adamam. Amma reallığı nəzərə alanda hər nəslin özündən sonra mütləq şəkildə davamı olmalıdır. Misal üçün Üzeyir Hacıbəyovdan sonra biz deyə bilmərik ki, musiqi sahəmiz yoxdur. Çünki davamçıları, ardı oldu. Bizim sahəmizə baxanda onu deyə bilərəm ki, kino sahəsi hal-hazırda bizdə ölüdü. Çünki ötən nəslin ardı gəlmədi, gənclər köhnələrdən heç nə götürmək istəmədilər. Onlar daha çox kompyüter, qrafika yeniliklərinə baş qoşdular. Amma onunla da heç nə alımır hələ ki. Yəqin ki, çalxalanıb-çalxalanıb üzə nəsə çıxardacaqlar, nəsə alınacaq.

Rusiya, Gürcüstan, Türkiyə bu barədə özünü qoruya bildi. Misal üçün 90-cı illərin əvvəllərində heç nəyi olmayan Türkiyə indi teatr və kino sahəsində inanılmaz yeniliklər edirlər. Bizdə isə bir az başqa cürdü. İstər film, istərsə də serial olsun. Müəyyən qədər məbləğ ayrılır ortada isə normal iş olmur. Çünki sənətə, peşəkar aktyora doğru yanaşma olmur. Peşəkar qalır bir kənarda, gedirlər qeyri-peşəkarı gətirib seriala və ya filmə çəkirlər. Olmaz ki, indi çəkilən seriallarla yanaşı bir film də, misal üçün Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım haqqında çəkilsin. Bunun nəyi pis olar? Axı tamaşaçıya da bir alternativ vermək lazımdır ki, hansı yaxşıdır, hansı pisdir seçimini edə bilsin. Və yaxud da Qarabağ müharibəsi haqqında ortaya qoyulan filmlərimiz hanı? Bunun üçün xaricdən rejissor, aktyor dəvət etməklə deyil. İnanın o, rejissor biz isətəyən kimi, bizim ürəyimizi tərpədən kimi çəkməyəcək. Çəkə bilməyəcək! Çünki bunu çəkən bizim içimizdən olan, psixologiyamızı bilən, ürəyi yanan biri olmalıdır. Belə adamlar da var. Sadəcə, onlara qarşı bu gün saymamazlıq var.

- Gülbəniz Əzimzadənin "Müqəddəs oda yanaram" filmində bəxti gətirməyən yazıçı obrazını ifa edirsiniz. Ədəbiyyata münasibətiniz necədir? Müasir ədəbiyyatımzı, yazalarımızı izləyirsiniz?

- Vaxt olduqca, imkan düşdükcə təbii ki, izləyirəm. Şərif Ağayarın, Seymur Baycanın, İlqar Rəsulun, Qan Turalının maraqlı yazıları olur. Seymur Baycan bir az qəribə yazır. Amma onun ironiyası çox xoşuma gəlir.

Əziz Nesini həm şəxsiyyət, həm də yazıçı kimi çox sevirəm. Bu yaxınlarda "Tarzan" hekayəsini oxudum. Erix Mariya Remarkın "Borc həyat" romanını çox sevirəm. Amma vaxt azlığından mənim üçün hekayə janrı daha münasibdir. Bu səbəbdən imkan düşdükcə publisist yazılar, hekayələr oxuyuram.

İran rejissoru Abbas Kiorustami nə inqilab dövründə, nə də ondan sonra heç vaxt İranı tərk etməmişdi. Bunun səbəbini soruşduqda isə belə cavab vermişdi: "Bir ağacı kök saldığı yerdən çıxarıb başqa yerdə əksəniz, həmin ağac meyvə verməz, versə də, o meyvələr öz yerindəki qədər gözəl olmaz. Mən də ölkəmi tərk etsəydim, həmin ağac kimi olardım."

- Biz bilirik ki, sizin də həmişə başqa ölkədə yaşamaq imkanlarınız olub. Həmin ağac misalını sizə də aid etmək olar?

- Bilirsiniz, artıq mənim o yaşım deyil. İndi həmin ağacın hardasa başqa yerdə bitməsi, yaşıllaşması üçün nə qədər zaman lazım olacaq.  Buna isə artıq mənim vaxtım yoxdu. Cavanlıqda getdim. Amma sonra gördüm ki, orda yaşaya bilmirəm. Orda olan heç nə mənim olmur. Yaşamaq üçün mənim hər cür maddi imkanlarım olub. Sadəcə, adam qəribçiləkdə çox sadə və bizə indi cılız görünən şeylər üçün darıxır.  Adi bir çayxanada, ya kababçıda oturmaq, saatlarla söhbət etmək üçün adam darıxır. Adam uzaqda olanda hansısa bir ağacın belə həsrətini çəkə bilər. Bu səbəbdən də mənə elə gəlir ki, insan başqa yerdə yaşamaq üçün orda doğulmalıdır, ya da formalaşmalıdı. Bu da 20-30 yaş dövrünə təsadüf etsə, bəlkə nə isə alınardı. İndi artıq gecdi...

Hərdən fikirləşirəm, bəlkə çıxıb gedim. Amma bayaq dediyim müəyyən şeylər, anamın yaşlı olması məni saxlayır. Biz sadəcə olaraq ömrümüzü yedik, ömrümüzdən itirdik. Başqa heç nə...

 

Söhbətləşdi: Samirə ƏŞRƏF


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!