22 oktyabr Ərtoğrol Cavidin doğum günüdür!

Ərtoğrol Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda anadan olmuşdur.  

Çoxşaxəli yaradıcılıq yoluna malik olan Ərtoğrol Cavid irsinin öyrənilməsi məsələsi son dərəcə aktual elmi problem kimi ədəbiyyatşünaslıq elminin qarşısında dayanan əsas məsələlərdəndir. Ərtoğrol Cavid yaradıcılığı özünün  həzinliyi, yenilikçi ruhu, kreativliyi, dolğunluğu ilə seçilir. Ərtoğrol Cavid sadəcə milli məsələləri, folkloru, Azərbaycan ədəbiyyatını deyil, həm də dünya ədəbiyyatına dair bir çox məsələlərə fərqli aspektlərdən yanaşıb.

Ərtoğrol Cavid irsinin ilk toplayıcılarından olan filologiya üzrə flsəfə doktoru Azər Turanın 2005-ci ildə nəşr olunan 500 səhifədən - “Ərtoğrol Cavid: yazıları, rəsmləri, bəstələri, məktubları”ndan ibarət ilk kitabını oxuyarkən insan burada yer alan əsərlərdə, Şərq və Qərbin qovşağında döyünən dahi Cavidin ziyasını görür. Çox böyük həssaslıqla toplanan əsərlər içərisində yer alan Ərtoğrol Cavidin dünya ədəbiyyatında ortaya çıxan ən əhəmiyyətli əsərlərə dair yazdığı şərhlər insanı heyrətləndirir. Qeyd edək ki, bu yazılar ilk dəfə olaraq həmin kitabda oxucu auditoriyasına çatdırılıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!