“Nizami Gəncəvi və Şota Rustaveli" beynəlxalq layihəsinin yekunları müzakirə edilib

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu və Kembric Universitetinin birgə həyata keçirdiyi “Nizami Gəncəvi və Şota Rustaveli” beynəlxalq layihəsinin yekunları müzakirə edilib. Xatırladaq ki, layihə üç ildir davam edir və proqramda Ədəbiyyat İnstitutunu akademik İsa Həbibbəyli və Nizamişünaslıq şöbəsinin əməkdaşları təmsil edirlər.

            Onlayn şəkildə zoom proqramı vasitəsilə keçirilən iclasda çıxış edən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli layihə üzrə görülən işlər barədə məlumat verib. Akademik İsa Həbibbəyli Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin son illərdə inkişaf etdiyini vurğulayıb. O, çıxışında Nizami Gəncəvi və Şota Rustavelini Qafqaz renessansının baniləri adlandırıb. Akademik Qərb və Şərq renessansı ilə bərabər, Qafqaz renessansının da mövcud olduğunu və Azərbaycandan Xaqani Şirvani, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Gürcüstandan Şota Rustaveli bu böyük hərəkatın əsas yaradıcıları olduğunu nəzərə çatdırıb.

            İclasda çıxış edən Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyeva Azərbaycan-Gürcüstan ədəbi əlaqələrindən, Gürcüstanda nizamişünaslığın inkişafından danışıb. O qeyd edib ki, akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı tədqiqatı ilə yanaşı, Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı və digər şöbə əmədaşları layihədə üzərinə düşən mövzuları tamamlayaraq təqdim ediblər.

            İclasda layihənin Gürcüstan tərəfindən icraçıları, professor İrma Ratiani, Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor Maka Elbakidze və institutun əməkdaşları, Kembric Universitetinin professoru Çarlz Melvil, Firuzə Melvil və digərləri layihənin icrası istiqamətində öz qənaətlərini bölüşüblər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!