V Bakı Beynəlxalq Kitab Sərgi–Yarmarkası - 28-30 sentyabr

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən 30-dək Bakı İdman Sarayında V Bakı Beynəlxalq Kitab Sərgi–Yarmarkası keçiriləcək.
Sərgi-yarmarkada iştirakla bağlı 100-dək yerli, 40-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatlar qeydiyyatdan keçib.
Üç gün davam edəcək (saat 10:00-dan 18:00-dək) sərgi-yarmarka zamanı yerli və xarici nəşrlərin nümayişi və satışı ilə yanaşı, tanınmış yazarların oxucularla görüşü, kitab təqdimatları, yerli və xarici naşirlərin işgüzar toplantıları və digər çoxsaylı tədbirlər baş tutacaq.
Sərgi-yarmarkaya ziyarətçi qismində qatılmaq və həmin tədbirlərdə iştirak sərbəstdir.
Tədbirin proqramı olduqca zəngindir. Belə ki, sərgi–yarmarka çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin “Avtomat Kitab Köşkü”, “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihələrinin təqdimatının, Rusiyanın “ASKİ” Naşirlər Assosiasiyası və MDB-yə üzv dövlətlərin nəşriyyatlarının toplantısının, Kitabxanaçıların VI Ümumrespublika müşavirəsinin, Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasının, kolumbiyalı yazıçı Konrado Suluaqanın təqdimatında yazıçı Qabriel Qarsia Markezə həsr olunmuş “Tənhalığın Yüz İli” adlanan bir möcüzə” adlı tədbirin, “TÜRKSOY-Azərbaycan” və “Molla Pənah Vaqif dünya dillərində”, ingilis dilində nəşr olunmuş Nizami Gəncəvi “Leyli və Məcnun” kitablarının, gənc yazarların “imza günü”nün, “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” adlı beynəlxalq elmi konfransın, Moskva şəhərinin 870 illik yubileyinə həsr olunmuş tədbirin və çoxsaylı görüşlərin, təqdimatların keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!