Turan Cavidin xatirəsi anılıb

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüseyn Cavidin ev-muzeyində böyük şair və dramaturq Hüseyn Cavidin qızı, görkəmli muzeyşünas, teatrşünas, mətnşünas, Əməkdar mədəniyyət işçisi Turan Cavidin həyat və fəaliyyətini əks etdirən eksponat və kitablardan ibarət sərgi təşkil olunub.

Bu barədə Hüseyn Cavidin ev-muzeyindən məlumat verilib.

Qeyd edək ki, Turan Cavidin vəfatından 16 il ötür.

Kiçik yaşlarından həyatın ən sərt üzünü görən, atasının şərəfli adının əbədiləşdirilməsi uğrunda qətiyyətlə mübarizə aparan Turan xanım vətənpərvər insan, nurlu şəxsiyyət idi.

T.Cavid 1950-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirib. Səmərəli elmi-pedaqoji fəaliyyətlə məşğul olan Turan xanım, eyni zamanda, Cavidlər ailəsinə məxsus materialları mühafizə edib və Hüseyn Cavidin ev-muzeyinin yaradılmasında mühüm xidmətlər göstərib. O, 1991-ci ildən ömrünün sonunadək həmin muzeyin direktoru vəzifəsində çalışıb. O, muzeyin işinin təşkili ilə yanaşı, atası Hüseyn Cavidin irsinin toplanılmasında, tədqiq və təbliğində əvəzsiz rol oynayıb.

Böyük şair Hüseyn Cavidin beşcildliyini hazırlayıb oxucuların ixtiyarına vermək və bir vaxtlar Cavidlər ailəsinin yaşadığı mənzildə şairin ev-muzeyinin təşkil olunması Turan xanımın ən böyük xidmətləridir.

Vaxtilə Turan Cavidin rəhbərlik etdiyi muzeyin fondunda hazırda onun həyat və yaradıcılığına işıq tutan materiallar da mühafizə olunur. T.Cavidin fədakar elmi, ictimai fəaliyyəti, şəxsiyyəti barədə 100-ə yaxın yazılı mətn, 300-dən artıq foto və sənəd muzeyin hazırkı direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının tərtibçisi olduğu və 2014-cü ildə nəfis şəkildə çap olunan “Turan Cavid. Ömür salnaməsi” adlı kitaba daxil edilib. Bu kitab hər zaman muzeyi ziyarət edən qonaqlar tərəfindən maraqla qarşılanır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!