"Probel" - gündəlik

19 sentyabr

   Nobel mükafatı laureatı (1983)  Uilyam Qoldinq (William Gerald Golding) 1911-ci ildə Böyük Britaniyada doğulub. 1954-cü ildə çap olunmuş "Milçəklər kralı" əsəri 40 illik yaradıcılığı müddətində 12 roman yazan  U.Qoldinqə dünya şöhrəti qazandırıb.

“Varislər”, “Sərbəst enmə”, “Kağız adamcıqlar”, “Yaxın qonşuluq”, “”Piramida” və digər romanlarıyla XX əsrin ən görkəmli yazıçıları sırasında yer alan Uilyam Qoldinqin debüt romanına münasibətlər birmənalı deyildi. Yalnız roman geniş oxucu auditoriyası tərəfindən qəbul olunduqdan, sevildikdən sonra ədəbi tənqid onu yüksək qiymətləndirmişdi. Qeyd edilirdi ki, “Milçəklər kralı” bədbəxt uşaqlığın İncili sayılması xüsusiyyəti ilə “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin yerini tuta bilib.

  Lakin müəllif özünün bu ən məşhur əsərini ömrü boyu “darıxdırıcı və quru” hesab edib.  O, səmimi şəkildə etiraf edirdi ki, bu romanın digər kitablarını kölgədə qoymasının səbəbini anlaya bilmir...

   1963-ci ildə Sankt-Peterburqda Avropa yazıçılarının görüşündə çıxış edərkən o, romanlarında ifadə etdiyi fəlsəfi konsepsiyanı belə izah edirdi: "Həyat faktları məni belə qənaətə gətirib çıxarır ki, bəşəriyyət xəstəliyə düçar olub... Mən bu xəstəliyi axtararkən onu ən yaxın yerdə - özümdə tapıram. Bununla da insan təbiətinin anlamalı olduğumuz ümumi cəhətlərinə bələd oluram. Çünki onu dərk etməsək, nəzarətdə saxlamaq mümkün olmayacaq. Bax buna görə də mən qadir olduğum bütün ehtirasımla yazıram."


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!