Bir dəfə ortayaşlı bir şairlə mübahisə edərkən dedim:
-Ədəbiyyat zövq məsələsidir.
Cavabı olduqca düşündürücü idi:
-Poeziya qadın deyil ki, zövqə görə sevilə.
Adam fikrində olduqca qəti idi. Bu qətilik məni düşündürməyə başlarkən yenə "Ədəbiyyat qəzeti"ndə Gülsadənin şeirlərini oxuyurdum. Oxuduqca da adamın qətiyyəti ruhumun titrəyişilə həmahəng şübhə altında əzilirdi...
Ümumi götürdükdə, poeziyanın konkret, təsdiqlənmiş və dəyişilməsi namümkün olan bir tərifi yoxdur. Amma ümumilikdən xüsusiliyə bir addım atdıqda qarşında açılan hüdudsuz çəmənlikdə (ədəbiyyat -söz çəmənliyi kimidir...) poeziyadan da müxtəlif zövqlərə uyğun təriflər doğa bilir... Bu təriflər sonra bumeranq dönüşü ilə poeziyanın özünü izah etməyə çalışır. Bəli, bəli... Məhz çalışır! Çünki poeziya həmişə izaholunmazlığın özü olaraq insanı təəccübləndirir, heyrətləndirir, lazım gəldikdə üsyankar, məqamı yetdikdə itaətkar edə bilir.
Bəs, poeziyanın cinsi? Bir şeirin müəllifinin qadın və ya kişi olmasını anlamaq üçün şifrələr? Bu suallar ilk şairdən başlayaraq bu günədək bütün cavabları və qətiyyətli görünüşü ilə öyünməyə çalışan fikirləri qarşısında diz çökdürməyə qadirdir. Etiraf edirəm ki, mən də bəzən öz şeirlərimdə qadın obrazının acizliyini gizlətmək üçün ona həyatın boz rəngindən bir damcı götürüb qatıram. Və beləcə, mənim şeirlərim içərisində də sərtliyini, bozluğunu püskürən misralar özünə yer tapır. Bu isə, günümüzdə; məni tanıyan insanlar çevrəmdə varkən heç bir problem yaratmır. Amma çox yox, bir iyirmi ildən sonra həmin şeirləri ilk dəfə oxuyan birisi müəllifin cinsiyyəti barədə qara-qara düşünəcək ki, "bu şeiri yazan qadındırmı, kişidirmi?"
Demək ki, biz hələ də qınaq cəmiyyətindən qurtulmaq üçün lazımi qədər "böyüməmişik"... Elə buna görə də şeirlərimizdə xüsusi kodlaşdırmanı düzgün şəkildə ifadə etmək cürətindən kasadıq.
Gülsadə isə bu cürətlə birgə doğulub sanki... Onun hər misrası "mən qadınam" deyə hayqırmaqdan qorxmur. Onun şeirləri cəmiyyətin qınaqlarından ürpənmir. Və gənc şair şeirlərinin qadın nazıyla elə öyünür ki, istər-istəməz həsəd aparmamaq əlimdə deyil...
Sevirəm kimsəsiz küçələri.
Aylı gecələri,
Qarlı gecələri,
Yarlı gecələri...
Bir qadın psixologiyasının ən anlaşılmaz halı... Qətiyyətsiz şəkildə kimsəsiz küçələrin qoynuna atılan qadının təbiətlə yalnızlıq rəqsi; çılpaq sinəsində Ay işığının əksi və yalın ayaqlarının qarla sevişməsi... Bu soyuq, qarlı gecənin tən ortasında qəfildən baş qaldıran tənhalıq ehtirası estafeti "ikilik harmoniyası"na ötürür; "yarlı gecələr" ən sevimli zaman kəsiyinə dönür.
Bax, budur Gülsadənin şeirindəki incəsənətin alt qatı - təbiətin özü.
"Otuz beş yaş" şeirinə görə ummadığı ünü qazanmış türk şairi Cahit Sıtkı Tarancı deyirdi ki, "poeziya-sözlərlə gözəl şəkillər yaratmaq sənətidir". Bu fikirlə yola çıxsaq, onda Gülsadənin şeirlərinin hamısı yalnızca bir qadının tablosudur. Sadəcə olaraq, bu tabloların rəngi, anlamı o qadının hissləri, sevgiləri və ehtirasları ilə fərqliləşir. Biz bu fərqlilikdə azmamaq üçün bəzən bir şeiri dəfələrlə oxuyuruq; sərgi salonunda bir tablonun qarşısında saatlarla heykəl kəsilmək kimi...
Doldurub ciblərinə qırıq ümidlərini,
Günün stresini,
İşin yorğunluğunu
Yeriyəsən yol boyu...
Addım səslərinə diksinə dalğınlığın,
Tuta qolundan
"Gəlməyəcəyini bildiyin".
Dünyanın ilk qadın şairləri sırasında anılan Sappho öz şeirlərinin birində gənc qadına deyirdi ki: "Get artıq otağına, Yatağına gir, Üsulca sev, oxşa öz kişini"... Gülsadə isə öz obrazının yaşını (yaşlı və ya gənc olmasını), yaşam halını (varlı-kasıb, evli-dul olduğunu), xarakterini müəyyənləşdirməyi oxucunun öhdəsinə buraxır. Ona tablosundakı qadının yalnızca ruh halı maraqlıdır həmişə... Və şair misralarının hamısını bu ruh halını anlatmaq üçün "bağırır, qışqırır"...
Hər şey mən uşaqkən daha gözəliydi, qızım!
Çöl uşağıydıq,
Azad böyütdük ürəyimizi.
İndi küçə uşaqları çoxalıb,
öldürür ümidlərimizi.
Burdakı qadının ana olduğunu anlamaq o qədər də çətin deyil. Amma onun hansı zamanı anlatdığını bilmək üçün yenə tablonun bütün çizgilərini bəbəklərinə hopdurmalısan... Və burdaca Gülsadənin poeziyasının qadın cinsindən olduğuna artıq şübhə yeri qalmır... Çünki bütün zamanların ağrısını qucağına sıxdığı balasının təbəssümündə yaşaya biləcək böyüklükdə bir ürəyə ancaq ana sahibdir.
Gülsadənin qadın yaşamının hər ayrıntısını çılpaqlığı ilə şeirində oxucunun önünə qoyması onun fərqliliyidir, oxuyub anladığımızı olduğu kimi dilə gətirmək də bizim-oxucuların və onun şair həmyaşıdlarının fərqliliyi olsun gərək. Bu gərəkliyi duyaraq yazdığım bir neçə cümlənin sonunda da Gülsadə İbrahimli imzalı üç misra qoyuram, durğu işarəsi əvəzinə:
Ən sevməli qadını olasan,
Qışların,
Baharların...
Gəncə
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!