18 sentyabr
Böyük Britaniyalı şair, tənqidçi, esseist və leksikoqraf Samuel Conson (Samuel Johnson) 1709-cu ildə doğulmuşdur. Dövrünün ən önəmli və ünlü simalarından olan S.Johnsonun adı XVIII əsrin ilk yarısı ilə bağlı ən çox hallanan müəlliflərdəndir. Ən əhəmiyyətli əsəri hesab olunan “İngilis dili sözlüyü” yalnız lüğət deyil, həmçinin müəllifin essevari düşüncələrinin də yer aldığı kitabdır. Onun çoxtərəfli fəaliyyəti və həyatı haqqında Ceyms Bosuellin (James Boswell) yazdığı 1344 səhifəlik bioqrafiya bu günə qədər ingilis dilində yazılmış ən iri həcmli bioqrafik əsər hesab olunur. Qalmaqallı fikirləri ilə hər zaman mübahisələrə səbəb vermiş Samuel Consonun “vətənpərvərlik – alçaqların son sığınacaq yeridir” aforizmi əsrlərdir ki, müzakirə obyektidir.
Sitat:
“Müəllifə sərf edir ki, onun kitabını yalnız tərifləməsinlər, həm də pisləsinlər, - axı şöhrət tordan atılan top kimidir; yerə düşməməsi üçün onu hər iki tərəfdən vurmaq lazımdır.”
“Aforizm yaratmaq bacarığı orijinal və dərin ideyalar kəşf etməkdən daha çox, bir neçə kəlmə ilə əlverişli və faydalı fikir ifadə etməkdən ibarətdir.”
“Pul xatirinə yazmamaq üçün xalis axmaq olmaq lazımdır.”
“Sirlərin başladığı yerdən yalanlara bircə addım qalır”
“Xeyirxahlıq etmək üçün uyğun zamanı gözləyən adam heç vaxt yaxşı heç nə edən deyil.”
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!