Bayatının axırı - Məqsəd Nurun "Umud" hekayəsi haqqında

Hekayə var açıq tekstlə yazılır. Hekayə var sirli pərdələrdə. Ancaq hər iki halda janrın idarə elədiyi, hökmünü yeritdiyi məqamlar olur. Bu məqamlar ara-sıra mətnin içinə atılan, onun dərinliyində qeyb olan və lazımi məqamda üzə çıxan detallar şəklində zühur edir. Məqsəd Nurun "Umud" hekayəsindəki "üzəngi" detalı kimi.

Əvvəlcə Məqsədin təhkiyəsi, süjet qurması və hekayəçiliyi haqqında.

Məqsədin şərhində hekayə həyatdan qopardılmış, başqa bir aləmdə "dəyişdirilib" virtuallaşan bir nəsnədir, ona ancaq kənardan tamaşa edə bilərsən, olub-bitmiş, öz zamanından çıxıb bütün məkan və zamanlar boyunca yayılmış bu əhvalatlar əslində qopub-ayrıldığı dünyaya yenidən qayıtmaq və ona dərindən nüfuz etmək ehtirasıyla yaşayır. Bu ehtiras onun hər bir hekayəsində fərqli biçimdə və ritm amplitudasında gerçəkləşir.

Diqqət edibsinizsə, bizdə hekayəçilikdə, ümumən nəsrdə bir-birindən ciddi şəkildə fərqlənən iki təhkiyə yanaşması var. 1) Vurğunun hekayənin temporal-dramatik tərəfinə salındığı və 2) Vurğunun əşya və insanların təsviri üzərinə salındığı təhkiyə tipləri. İfrat təsvir hadisəçilik yaradır, ikinci halda isə dramatizm getdikcə artır, təsvirdən vaz keçib hadisəni proses kimi qavrayırıq. Təhkiyə haqqında ən yaxşı nəzəri əsər yazan müəlliflərdən biri - Jerar Jenettin fikrincə, "təsvir halında, hətta proseslərə də tamaşa kimi baxılır, bir sözlə, zamanın gedişi də sanki dayandırılır və əhvalatın məkanda gedişatına şərait yaradılır". Burada hər iki diskurs tipi dünya və gerçəkliyə baxışın iki bir-birinə əks mövqeyi kimi dəyərləndirilir. Hadisəçilik geri dönüşlə ənənəyə, onun energetik bazasına qoşulur və mətndə "poetik ləkələr" getdikcə sıxlaşır və mətn poetik, pafoslu sözlərin əsirinə çevrilir. "Təsvir ustası" hardasa, hər bir pasajda tamaşa qurmağa, dekorasiyanı dəyişdirməyə can atan müəllifdir.

Haqqında danışdığımız hekayədə hər şey proses kimi qavranılır. Ancaq necə?

Məqsədin "Umud" hekayəsində Umud təkcə insan adı deyil, semantikasının tam əksinə faciədir, faciənin oynanıldığı zaman və məkandır, insan taleyidir, onun çəkdiyi iztirablara virtual şəkildə tamaşa etməsidir.

"-... Umudun damevinin üstünə yığışırdıq, palaz salıb yun didirdik. O vaxt orda bu bayatını dedim...

- ... ))".

İnsan bir dəfə yaşayıb qurtarır, sonra onu nağıllayır, təhkiyəçi olur, sonra da ona tamaşa edir. Bu qadın, ölümlə-həyat arasında fikrən (-!) var-gəl edən insan əslində bizə daxildən təsvirlə həyat arasındakı asimmetriyanı göstərir. Mənim yaşadığım ömür bumu? Bəlkə mən onu hardasa, ömrün hansı məqamındasa itirmişəm? Bütün güc, yəni təhkiyənin daxili resursları bu itik düşən elementlərin tapılmasına, daha doğrusu xəyallar aləmində axtarılmasına cəlb edilir. Əslindəsə, bu axtarış gerçəkliklə həmin o xəyal dünyasının sərhədində baş verir, sadəcə insan bunu kəsdirə bilmir. Qoca qadın həmin o virtual aləmdə danışır, ancaq onun dediklərinə cavab verilmir, verilsə belə, mətndə müəllifin cavab yerinə qoyduğu işarələrdən o yana adlaya bilməyəcək. Yəni, susqunluq. Hekayədə əsas yeri bu işarələr və susqunluq tutur.

Haçansa öldüyü, dünyadan getdiyi torpaqları xatırlayır. Ölümlə həyatın sərhədində. Nəvəsini çağırır, vəsiyyət etmək üçün. Ancaq mətndə bu vəsiyyətlər zaman-zaman dəyişir. Çünki həmişə gedib gəzdiyi yerlərdən geri qayıdır.

"-... Sənə elədiyim vəsiyyət axırıncıdı.

-... (((".

"... Mən gətirdiyim kompyüterdə (Səftərin ad gününə noutbuk və sürətli internet zərfi bağışlamışam ) nələr varmış! Orda - Bakıda işlərin nə təhərdi? Səftər (nəticəsidi)"  mənim gətirdiyim kompyüteri göstərib (Google Earth proqramını deyir): Murovun o üzünə uç, kənd-kəsək (xaraba qalmış!) ovcunun içindəymiş - budu ha bura. Yatsa yuxusuna girməzdi. Umudun damı heç görsənmir..."

Uşaq bunu özünəməxsus şəkildə izah edir: Qızıl Qaya üstünü örtüb, ona görə. Məsələ Umudun damıdı, ora görsəndimi, hər şey yaxşıdır, demək. Ancaq necə olsun? Təhkiyə dolanbac yollarla irəliləyir, daha doğrusu, geri qayıdıb təzədən getdiyi yolu qət edir. Bu minvalla keçmişdən ayrı-ayrı qırıntı və fraqmentlər sanki sirli bir qüvvənin gücünə eyni nöqtəyə axışır, birləşmə, uc-uca bitişmə anında ayrılıb hərəsi dünyanın bir küncünə düşür. Bir də: vəsiyyət elə şeydi ki, gərək yadında saxlayasan. Vəsiyyəti geri götürəndə də şahid-sübut olsun gərək, vəsiyyəti geri götürdüyünü şahidin gözlərinə baxıb deyəsən. Ancaq bu adam ölə bilmir, çünki nə zaman öldüyünü xatırlamır. Bir qəribə məqam: hər dəfə əzrayıl canını almağa gələndə, ruhu Murovun o üzünə uçur. Mətndə "uçuş" bir detaldır, semantikası təhkiyə boyunca açılır: Google Earth-ə baxanda Murovun o üzündən necə qaçdıqları yadına düşür. Hadisələr paralelləşir. Ancaq bu aldadıcı təsvirdir, paralelləşmir, çarpaz düşür. Yəni, Google Earth-dən baxanda hər şey gözün önündən elə sürət amplitudasında keçir ki, sanki gözünü qırpırsan. Bu elə o torpaqlardan vertolyotla qaçmağa bənzəyir, kirpiklərini qırpdıqca hər şey - sənə əziz olan bütün nəsnələr, xatirələrin belə gözündən yerə düşür, sənsə ha illah eləsən də ordan ayağını torpağa basa bilmirsən.  Hekayədə belə paralel kimi görünən, ancaq tez-tez, lap o uçuş zamanı olduğu kimi çarpazlaşıb ayrılan detallar çoxdur. Məsələn, yazının əvvəlində xatırlatdığımız "üzəngi" detalı. Diqqət edin:

"... Bir dəfə, təzə gəlin vaxtları, çaydan keçirmişlər, iri çaydı, kəndin qırağından axır. Kənddən bir kişi atını yaxınlaşdırır, düşür, üzəngisini basıb üzünü qırağa döndərir (qeyrətli kişi belə eləməlidi) və deyir, ay bacı, bilirəm sən Səftərin (babamdan əvvəl... tam əvvəl olmasa da, birinci əriydi) arvadısan, bizim kəndin gəlinisən, min, keçirdim, sən də mənim bacım: -... dedim Səftərin arvadı başqa üzəngiyə ayaq basmır, çaydı axıb gedər, biz də çirmələnib keçərik, uzağı onun arvadını da alıb-aparar... Səftərin başına sadağa:

- ... yazıq Səftər, onu da vurğun vurdu...

- ... ((("

Bu yarım mötərizələrin mətndə açılmasına və bağlanmasına diqqət edin. Sonra, yuxarıdakı pasajda "babamdan əvvəl... tam əvvəl olmasa da birinci əriydi" cümləsini diqqətdə saxlayın.  Məqsədin qırıq-qırıq cümlələrində, dialoq əvəzinə qoyduğu işarələrdə qəribə enerji var.  Mətndə (kiçik bir mətndə) bütün ayrı düşən, sanki yüz illərdi bir-birindən uzaqlaşan fraqmentlər, onları nişan verən detallar ("uçuş, "üzəngi" və "sərgərdan") hansısa enerji və gücün sayəsində gəlib bir virtual nöqtədə birləşir. Beləliklə, Səftəri niyə vurğun vurması kimi mətləblər də kifayət qədər aydınlaşır və qəlizləşir. İki bir-birinə zidd şeyin yanaşılığı hekayədə təhkiyəni daxilə, səs və ün yetməyən dərinliklərə yönəldir.

"... Hər dəfə əzrayıl canını almağa gələndə ruhu tezcə Murovun o üzünə - oralara gedir. Öyrəşib. Çaylaqları gəzir: qayaları, mağaraları, günbəzləri görür... mənim gətirdiyim kompyüterdəki şəkillərdə (Google Earth proqramı) nə varsa, yuxarıdandı, elə bil vertolyotda uçursan (qaçaqaçdan qabaq vertolyota da minib) - ha istəsən, aşağı düşə bilmirsən. Amma canı çıxmağa gələndə (zəhrimar can!), istədiyi qədər uçur, can çıxmağa gəlməsə, o yerlərə uça bilməz. Orda erməni ruhları da yoxdu, bizimkilər də... bir-birini gəmirib qurtarıblar... Heç zad yoxdu. Bircə dənə ruh görmədi ki, ona ilişən olsun, ya bizimkilərdən üzəngisini basan:

- ... bax o kimsəsizlikdə də üzəngimi basan olsaydı, çayı keçməzdim!

- ...)))...)))"

Sonda janr "dəyişir", hekayə bayatıya dönür. Əvvəldə çəkilməyən bayatının içindən çıxan hekayə sonra özünə qayıdır. Bütün əzab və iztirablar (insanın bir ömürdə çəkə bildikləri) bir nöqtədə düyümlənir...

Yəni, bu da axırı...

 

Cavanşir YUSİFLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!