“Ruhi Bağdadi yaradıcılığında ictimai motivlər” monoqrafiyası çapdan çıxıb

 

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşı, yazıçı-publisist, ədəbiyyatşünas Şöhrət Səlimbəylinin “Ruhi Bağdadi yaradıcılığında ictimai motivlər” monoqrafiyası “Avropa” nəşriyyatında çapdan çıxıb.

Nəşrin elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov, redaktorları filologiya elmləri doktoru Raqub Kərimov və filologiya elmlər doktoru, professor Yaqub Babayevdir. Monoqrafiyanın rəyçisi və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı yazır: “XV-XVI əsrlər Bağdad ədəbi mühitinin zənginliyində azərbaycanlı şairlərin müstəsna rolu olmuşdur. Onların zəngin yaradıcılığı, dövrün ədəbi-mədəni mühitində oynadığı funksiya bütünlükdə ədəbi-mədəni mühitin axarına istiqamət vermişdir. İ.Nəsimidən sonrakı dövr kimi səciyyələnən bu mərhələ M.Füzulinin və çağdaşlarının timsalında özünün ən möhtəşəm uğurları ilə təmsil olunur. Geniş kontekstdə Şərq ədəbiyyatını əhatələmək gücü ilə səciyyələnir. Onu da əlavə edək ki, bu möhtəşəmlik təkcə poeziya baxımından deyil, həm də elmin müxtəlif sahələrinin əldə etdiyi nailiyyətlərlə təmsil olunur. Poeziya isə onun aparıcı xətti kimi daha qabarıq şəkildə diqqət önünə gəlir. Bu isə poeziyanın işləkliyi və əhatə, təsir dairəsi ilə bağlı olub daha geniş sferanı təmsil edirdi. Təəssüf ki, bu zənginlik Azərbaycan ədəbi-nəzəri fikrini son dövrlərə qədər sistemli şəkildə məşğul etməmiş və bütün aspektləri ilə təhlilə gətirilmək imkanını ortaya qoya bilməmişdir. Azərbaycanın dövlət müstəqilliyi bütün istiqamətlərdə xalqın mədəniyyət tarixinə yenidən baxışı və daha həssaslıqla yanaşmaları zərurətə çevirdiyi kimi, onun müəyyən qaranlıq səhifələrinə aydınlıq gətirməyi aktuallaşdırmışdır. Bu baxımdan Şöhrət Səlimbəylinin “XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti” (2018), “Nəsimi və ardıcılları: Üsulu–Ruhi Bağdadi” (2019) kitabları mühüm önəm daşıyır.

Bağdad mühiti ilə bağlı ədəbiyyatşünas Şöhrət Səlimbəyli yenə də araşdırmalar aparıb və “Ruhi Bağdadi yaradılıcığında ictimai motivlər” kitabını araya-ərsəyə gətirib. Kitab ədəbi-nəzəri fikrin XVI əsr Bağdad mühitində yaşamış, türkcə yazıb-yaratmış şairlərin yaradıcılığına həssaslığın göstəricisidir”.

Monoqrafiyada vurğulanır ki, XVI yüzillikdə Füzuli və Əhdidən sonra Bağdadda Azərbaycan ədəbi mühitinin yetirdiyi, türkcə əsərlərinin toplusu, əlyazmaları əldə edilən üçüncü böyük sənətkar Ruhi Bağdadidir. Ruhinin dünyagörüşü, demək olar ki, öz dövrünün ictimai həyatını əks etdirir. Bağdad ədəbi mühitində yaşamış sənətkarlar içərisində Füzulidən sonra lirikada ictimai motivlər, haqsızlığa, ədalətsizliyə qarşı etiraz notları Ruhi yaradıcılığında bədii ədəbiyyat şəklində tarixə daxil olub. Ruhi ictimai məzmunlu əsərlərində həyatın kəskin konfliktlərini şeirə çox cəsarətlə gətirən, elə bu xüsusiyyətlərinə görə də yalnız Bağdad mühitində deyil, yaxın Şərq poeziyasında ictimai məzmunlu şeirin mövzu dairəsini genişləndirən, sonrakı dövrlərdə də oxucusunu tapan sənətkar, daha çox ictimai tənqid və təfəkkür şairidir.

Kitab üçün maraqlı olan cəhətlərdən biri ictimai motivlərin geniş aspektdə işlənməsi məsələsidir. Azərbaycan ədəbi-nəzəri fikrində bu problemin bir şairin yaradıcılığı əsasında monoqrafik araşdırılması olmayıb. Ş.Səlimbəyli bu baxımdan ədəbi-nəzəri fikirdə yeni bir ənənənin başlanğıcını qoyub.

Monoqrafiya Ruhi Bağdadinin dövrün ictimai-siyasi hadisələrini, şairin cəmiyyətə baxışını ortaya qoymaqla yanaşı, dövründə insanların yaşam tərzi haqqında da hərtərəfli təsəvvür yaradır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!