Milli mətbuat günü ərəfəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının arxiv fondu “Əkinçi”, “İqbal”, “Açıq söz”, “Həyat”, “İqdam” və digər ilk dövri mətbuat nümunələrimizin orijinal nüsxələri ilə zənginləşmişdir.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın ötən ildən həyata keçirilməyə başladığı birgə layihə çərçivəsində XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda nəşr olunan milli mətbuatımızın ilk nümunələrindən olan “Əkinçi”, “İqbal”, “Açıq söz”, “Həyat”, “İqdam”, “Yeni İqbal”, “Yeni İqdam” və digər ilk dövri mətbuat nəşrlərimizin orijinal nüsxələrinin tam komplektləri Milli Kitabxanamızın arxiv fonduna daxil olub.
Uzun müddət Milli Kitabxana bu qəzetlərin Sankt-Peterburq, Moskva, Daşkənd, Aşqabad və digər şəhərlərdəki kitabxanalardan topladığı foto və surətlərini oxucularına təqdim edirdi və həmin qəzetlər əski əlifba (ərəb əlifbası) ilə çap olunduğundan onların surətlərində hərflərin üzərində və altında qoyulan nöqtələr və digər işarələr yaxşı oxunmadığına görə bir sıra çətinliklər yaranırdı. Milli Kitabxana bu çətinlikləri aradan qaldıraraq əksər ilk milli mətbuat orqanlarımızın orijinal nüsxələrini öz oxucularına çatdırmaq imkanı əldə edib. Hazırda həmin nəşrlərin rəqəmsallaşdırılması prosesinə başlanılıb və tezliklə onların elektron nüsxələri kitabxananın saytı vasitəsilə oxuculara təqdim olunacaqdır.
Bundan başqa Xalq yazıçısı Elçin “Azərbaycan” qəzetinin 1919-1920-ci illərdə rus dilində dərc olunan nüsxələrinin tam komplektlərini də Milli Kitabxanaya hədiyyə edib. Bütün bu yeni nəşrlər və onların rəqəmsallaşdırılmış variantları tezliklə oxucularımıza təqdim olunacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!