Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyinin xüsusi bandrolu ilə “Akademisyen Kitabevi” nəşriyyatında AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Naxçıvan ədəbi mühiti Şərq–Qərb kontekstində” monoqrafiyası işıq üzü görüb.
Edebiyyatqazeti.az xəbər verir ki, monoqrafiya həmin problemə həsr olunmuş ilk sistemli elmi-tədqiqat işi kimi əhəmiyyətlidir. Monoqrafiyada Naxçıvan ədəbi mühitində qədim və orta əsrlərdən başlanan və XIX-XX əsrlərdə daha da inkişaf edən Naxçıvan ədəbi mühitində Şərq-Qərb ənənələri geniş şəkildə tədqiq edilərək ümumiləşdirilib. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 21 fevral 2020-ci il tarixli 04/13 qərarı ilə çapa tövsiyə olunan monoqrafiya giriş və üç fəsildən ibarətdir. Monoqrafiyanın birinci fəsli Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələrindən istifadə meyilləri, ikinci fəsli XIX əsrdə və XX əsrin əvvəllərində Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələrinə münasibət, üçüncü fəsli isə XX əsrdə və müstəqillik dövründə Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələrindən istifadənin yeri və əhəmiyyəti adlanır.
250 səhifədən ibarət monoqrafiyanın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri isə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Tehran Mustafayev, filologiya elmləri doktoru, professor Əjdər İsmayılov və AMEA Naxçıvan Bölməsi Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovdur. Monoqrafiya əvvəlində akademik İsa Həbibbəylinin elmi tədqiqat əsəri haqqında dəyərli fikirləri öz əksini tapıbdır.
Multikulturalizm və azərbaycanlı gənc alimlərin dünyaya inteqrasiyası aspektindən yanaşıldığı zaman aydın olur ki, elmi əsər əhəmiyyətli, sanballı komprativistik elmi təhlil və mülahizələri özündə birləşdirir.
Monoqrafiyada verilən elmi faktlarla tanışlıq zamanı aydın olur ki, XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyillərinin formalaşması konkret tarixi epoxada tarixi hadisələr və zamanın meydana çıxardığı tələblər əsasında milli zəmində yaranıb inkişaf edib. Bu dövrdəki ədəbiyyatda yaranan Şərq və Qərb meyilləri dünya elmi təcrübəsinə əsaslanmaqla milli dəyərləri yeni forma və məzmunda ifadə etmək demək idi. Tədqiqat işində XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri müasir elmi-nəzəri tələblər baxımdan araşdırılıbdır. Tutarlı elmi və nəzəri faktlar ortaya qoyulub.
Qeyd edək ki, əsərin Türkiyə Respublikasının 50-dən çox kitab evində satışa təqdim olunması onun elmi əhəmiyyəti və ümumbəşəri dəyərindən xəbər verir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!