“Məhəmməd Hadinin sənət idealları və müasir dövr” adlı onlayn elmi konfrans keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Məhəmməd Hadinin 140 illik yubileyinə həsr olunmuş “Məhəmməd Hadinin sənət idealları və müasir dövr” adlı onlayn elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki, bu konfrans Prezidentin Sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyinə həsr olunmuş tədbirlər planınına uyğun olaraq təşkil olunub. AMEA Humanitar Elmləri Bölməsinin bu istiqamətdə gördüyü işlərin nəticəsi olaraq konfransı Ədəbiyyat İnstitutunun Yeni dövr şöbəsinin yaxından iştirakı ilə keçiririk.   

Akademik İsa Həbibbəyli Məhəmməd Hadini Azərbaycan romantizminin əsas simalarından biri adlandıraraq onun “Əlvahi intibah” poemasının ədəbiyyatımızda xüsusi mövqeyindən danışıb. Bildirib ki, şairin irsini ilk dəfə Əziz Mirəhmədov araşdıraraq 1978-ci ildə çap etdirib. Əsərlərinin iki cildliyini hazırlasa da, həmin vaxt yalnız birinci cild işıq üzü görüb. İndi İslam Qəriblinin rəhbərlik etdiyi şöbədə iki cildliyin hər iki cildi çapa hazırlanıb və akademiyanın “Elm” nəşriyyatının planına salınıb. Bunlardan əlavə Azərbaycan Yazıçılar Birliyi də Sərəncamdan irəli gələrən tədbirlər planına uyğun olaraq Qulu Ağsəsin baş redaktorluğu ilə “Ulduz” jurnalının bir nömrəsini Məhəmməd Hadiyə həsr edib.

Sonra Yeni dövr ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İslam Qəribli “Məhəmməd Hadi: şair, tərcüməçi, publisit” adlı məruzə ilə çıxış edərək rəhbərlik etdiyi şöbədə hazırlanan nəşrlər barəsində ətraflı məlumat verib. Şairin 246 orijinal şeirinin, 4 poemasının və 27 poetik tərcüməsinin məlum olduğunu vurğulayıb. Məhəmməd Hadinin indiyə qədər digər kitablarında çap olunmayan 64 şeirinin, 4 poetik tərcüməsinin, 125 məqaləsinin, 3 məktubunun, 4 mənsur şeirinin ilk dəfə olaraq iki cildlikdə yer alacağını bildirib.

Videokonfransda filologiya elmləri doktoru Abid Tahirli “M.Hadi poeziyası – istiqlalın əbədi məşəli”, doktor – dosent Mehdi Gəncəli “Türkiyədə M.Hadi irsinin tədqiqi”, dosent Namiq Abbasov “M.Hadi yaradıcılığı yeni kulturoloji təfəkkürdə” məruzələri ilə şairin həyatı və fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Onlayn konfransda “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Uşaq Ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Elnarə Akimova da çıxış ediblər. Ədəbiyyat İnstitutunun elmi əməkdaşlarından filologiya elmləri doktoru dosent Lütviyyə Əsgərzadə, “Azərbaycan istiqlal mübarizəsi və M.Hadi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Vahabova “M.Hadi yaradıcılığında tolerantlıq”, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Abdullayeva “M.Hadi Tofiq Fikrət və onun ədəbi irsi haqqında”, İnstitutun direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli “M.Hadi romantizmində ədəbi-fəlsəfi cərəyanların izləri” adlı məruzələrlə çıxış ediblər.

Gülnar Səma - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!