Edebiyyatqazeti.az xəbər verir ki, Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Məhtimqulu və Türk dünyası” adlı beynəlxalq onlayn konfrans keçirilib. Məhtimqulu Fəraqinin Poeziya günü münasibəti ilə təşkil olunan konfransda Azərbaycanla yanaşı, Türkmənistandan olan elm xadimləri də iştirak ediblər. Konfransı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki, uzun illərdir Türkmənistan Elmlər Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əlaqələr inkişaf edir, bu günə qədər bir çox faydalı işlər görmüşük və bundan sonra da davam edəcəyik.
Akademik vurğulayıb ki, illərdir Türkmənistanla olan əlaqələrimizdə Türkmənistan ədəbiyyatının böyük klassiki Məhtimqulu irsini öyrənmək və təbliğ etmək istiqamətində apardığımız işləri önə çəkmişik. Bu təsadüfi deyil, Məhtimqulu Fəraqi türkmən xalqının bütün türk dünyasına və ümumən dünya mədəniyyətinə verdiyi böyük şəxsiyyətlərdəndir. Məhtimqulu Fəraqi türk dünyasında XVII-XVII əsrlərdən başlanan yeni ədəbiyyatın əsasını qoyanlardan biridir. Məhtimqulu Fəraqi həm də Türkmənistanın milli birliyinin rəmzidir. Onun Azərbaycanla bağlı səfərləri, yaradıcılığındakı Azərbaycanla bağlı səhifələr iki xalqın qardaşlığının qədim tarixə və böyük ənənələrə malik olduğunu sübut edən amillərdir. Şeirlərindən görünür ki, o, Şəkidə olmuş, Azərbaycanda gördüklərini yaradıcılığında əks etdirmişdir.
Həmçinin bildirib ki, Prezidentlərimizin apardığı işlər Türkmənistan- Azərbaycan əlaqələrinin hər gün inkişaf etməsinə yol açır, dəstək verir. Biz Məhtimqulu irsini Türkmənistanla birgə öyrənmək istiqamətində uzun illərdir birgə fəaliyyət göstəririk. Məhtimqulu bizim ortaq böyük şairimizdir. Artıq neçə ildir ki, Türkmənistanın Bakıdakı səfirliyi ilə bir yerdə hər il Məhtimqulu Fəraqiyə həsr olunmuş konfranslar təşkil edirik. Məhtimqulu Azərbaycanla-Türkmənistan arasında bir qardaşlıq, mədəniyyət və ədəbiyyat körpüsüdür. AMEA-nın arxivindən tapdığımız Məhtimqulu Fəraqinin “Divan”ı Buxaradan sonra ilk dəfə Bakıda akademiyanın vasitəsilə çap olunub. Həmin nüsxə 1914-cü ildə Buxarada daş basması ilə çap olunmuşdu. Bakıda tapılan nüsxə hər iki ölkənin alimlərinin birgə səyi ilə hazırlanıb çap edildi.
Sonra Türkmənistanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Mekan İşanquliyev də iki qardaş ölkə arasındakı əlaqələrin inkişafında belə konfransların keçirilməsinin önəmini vurğulayıb. Həm öz adından, həm də səfirliyin adından Azərbaycan Milli Elmlər Akademiyasına təşəkkürlərini bildirib. Eyni zamanda bu işə dəstək olan Türkmənistanlı alimlərin əməyini də yüksək qiymətləndirib.
Onlayn konfransda Türkmənistan Elmlər Akademiyasının elmi katibi Rəhman Əsədullayev “Müstəqil dövlətimizin tərəqqisi dövründə Türkmənistan-Azərbaycan elmi əməkdaşlığı” mövzusunda məruzə ilə çıxış edib. Ardınca Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş direktoru (ТürkPA) Altunbek Mamayusupov da çıxış ediblər. Həmçinin Türkmənistan Elmlər Akademiyası Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun direktoru Davut Orazsəhedov “Türkmənistan-Azərbaycan münasibətlərində Məhtimqulu yaradıcılığının yeri” adlı məruzəsini diqqqətə çatdırıb.
Daha sonra filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı “Məhtimqulunun ədəbi irsinin Türk dünyasında nəşri tarixindən” adlı məruzə ilə çıxış edib. Şairin əsərlərinin sovet və müstəqillik illərindəki tərcümə və nəşr tarixi haqqında ətraflı məlumat verib. 2019-cu ildə AMEA-da “Məhtimqulu Fəraqi – Azərbaycan-Türkmənistan qardaşlığının rəmzi kimi” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirildiyini, tədbir çərçivəsində akademik İsa Həbibbəyli və İsmixan Osmanlının müəllifliyi ilə çap olunmuş “Məhtimqulu Fəraqi və Azərbaycan” kitabının təqdimatı olduğunu da əlavə edib.
Videokonfransda Türkmənistan Elmlər Akademiyası Tarix və arxeologiya İnstitutunun direktoru Bayram Taqanov “Böyük Məhtimqulu XVIII əsr türkmən elmi-intellektual dünyagörüşünün mənbəyi kimi” və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova “Məhtimqulunun əsərlərinin Azərbaycanda tədqiqi məsələləri” adlı məruzələrində mövzu ilə bağlı fikirlərini bölüşüblər. Eyni zamanda Türkmən Dövlət Universitetinin kafedra müdiri Aman Şıxnepesov “Şair Məhtimqulu yeni türkmən ədəbi dilinin banisidir” və Türkmənistan Elmlər Akademiyasının Dil-ədəbiyyat, tarix və pedaqogika Elmləri bölməsinin müdiri Mırat Tuvakov “Məhtimqulunun yaradıcılığında humanizm ideyaları” mövzusunda məruzələrlə çıxış ediblər.
Videokonfransa Ədəbiyyat İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov da qatılıb.
Gülnar Səma - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!