AYB bəyanat verdi

Azərbaycan Yazıçılar Birliyinin katibliyi son günlər keçmiş adı «26»  olan kafe ilə bağlı qaldırılan süni qalmaqalı müzakirə etmiş və buna münasibət bildirməyi qərara almışdır.
Öncə məsələnin tarixçəsi. Uzun illərdir ki Yazıçılar Birliyinin əmlakı olan birinci mərtəbədəki sahə kirayə verilir. Bu  kirayədən gələn gəlirlər qəpiyinəcən Birliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi, xəstə və ehtiyacı olan yazıçılara yardım üçün və ara-sıra kiçik kitabların nəşrinə xərclənir, hamısının dəqiq hesabatı aparılır. «Buranı bağlayacayıq, qoymayacayıq» və s. deyənlərin buna nə hüquqi, nə mənəvi haqqı çatır. Neçə-neçə  ağır maddi durumda olan yazıçını köməksiz qoymaq heç kəsə başucalığı gətirməz. Doğrudur, xalqımız onu da yaxşı deyib ki, toxun acdan xəbəri olmaz.
Qalmaqalın özü barədə. Nədən başladı rəsmi şəxslərin və qabaqcadan  xəbərdar edilmiş media nümayəndələrinin iştirakıyla keçirlirən bu basqın, reyder reysi?
Kiminsə ağlına gəlib ki, dünya kafelər şəbəkəsi kimi məlum olan 26 rəqəmini  adı bədnam Bakı komissarlarıyla əlaqələndirsin. Güllələnmiş adamların şərəfinə kafe? Bu fikir o qədər gülünc və absurddur ki, heç cavab verməyə də dəyməzdi. Amma  bu uydurma bəhanəylə kimlərinsə coşub özündən çıxması, «asacayıq, kəsəcəyik» deyə xox gəlməsi acı təəssüf doğurur. Kafeni işlədənlərin  atası və qardaşının ermənilər tərəfindən qətlə yetirildiyini  yada salanda  şəhid ailəsini erməni havadarlığında suçlamaq abırsızlığın son həddidir. Bu azmış kimi hətta Yazıçılar Birliyinə də əl və dil uzadırlar. O təşkilata ki, Qarabağ fitnəkarlığı ortalığa atılandan bəri  həmişə  erməni millətçiləriylə  mübarizənin ən fəal iştirakçısı olub. Bir çox yazıçılarımız, o cümlədən Birliyin rəhbərləri Bakıda, Moskvada, Türkiyədə, Avropa ölkələrində xalqımızın     haqq işini  müdafiə edən, erməni təcavüzünü,  dinc əhaliyə qarşı vəhşiliklərini ifşa edən yazılar yazıb, çıxışlar ediblər.
Guya kiminsə arvadı ya dayısı ermənidir kimi populist sözləri  və psixi sapıntıları ciddi qəbul etmək düz deyil, onları sadəcə sayıqlama saymaq olardı, amma Bakının İcra başçısı Hacıbala Abutalıbov kimi mötəbər rəsmi şəxsin Birliyimizin katibi Çingiz Abdullayevə verdiyi  cavaba münasibət bildirməmək  də olmaz, çünki bu cavab  yumşaq şəkildə desək yanlışlıqlarla doludur. Əvvəla kafenin keçmiş adı  Hacıbala müəllimin dediyi kimi «26-lar» yox «26»dır. İkincisi,  kafenin  adının həm də ingiliscə yazılması da heç cür komissarlarla əlaqələndirilə bilməz. Onda gərək Bakıda yüzlərlə müəssisənin, idarənin, dükanın, bankın, otelin adlarının həm də ingiliscə yazılması da komissarlarla bağlı olsun. Bakının bir çox ictimai iaşə yerlərində olduğu kimi «Xanımlara qəlyan çəkmək pulsuzdur» ifadəsi  buranı əxlaqsızlıq yuvası və priton adlandırmağa əsas vermir. Əgər əxlaqsızlıq yuvaları axtarırlarsa, bəzi bağlarda və küçələrdə  müştəri axtaran həqiqi pozğunları  yığışdırsınlar.
Bəs bu lüzumsuz mərəkənin əsl səbəbi nədir? Bu çox sadə izah olunur. Sentyabrın 8-də «Yeni Müsavat» qəzetində  Bakının bir küçəsinin  foto şəkli verilmişdi. Küçə «26 Bakı komissarı» (!) adlanır. Özü də Sabunçu rayonundadır.
Azərbaycan 26 ildir ki, müstəqilliyini elan edib. (26 rəqəmini ayrı yerə yozmayın ha)! Bu 26 ildə nəinki küçənin adı dəyişdirilməmiş, onun lövhəsi belə təzələnmiş və latın əlifbasıyla yenidən yazılıb divara vurulmuşdur. Xalqımızın cəlladlarının xatirəsinə havadarlıq etmək bax budur və  elə həmin gün, yəni qəzetdə bu məlumat və şəkil çıxan gün hədəfi ayrı ünvana yönəltməkçün bu “26” kafe avanturasına start verildi. Əhsən deyək ki, bu kompaniyanın təşkilatçıları  çox qıvraq hərəkət ediblər. Ayın 8-də olan hadisəyə 9-da çıxan rəsmi qəzetlərdə  dərhal geniş material həsr olunub və  həmişə hər şeyə hazır olanların rəyləri toplanıb. Elə bil yazıçılardan ermənilərlə mübarizə apardıqları üçün hayıf çıxırlar.
Sovet dövrünü yaşamış insanlar belə əcinnə ovlarını da, məsələnin əsl mahiyyətindən xəbərsiz «cəmiyyət nümayəndələrinin» əlüstü «ovçularla»  həmrəy olduqlarını da yaxşı xatırlayırlar. Elə Şaumyanı da, başqa komissarları da tərifləyib göylərə qaldıran, bu temalarda dissertasiyalar müdafiə edib yüksək elmi adlar alanlar öz tarixçilərimiz deyildimi? Hansı biri üzrxahlıq edib, O, Azərbaycan xalqından onu illər boyu aldatdıqları üçün üzr istəyib?
Hacıbala müəllim iddia edir ki, «Sözü gedən məkan əvvəllər fəaliyyət göstərmiş Məmməd Arif Dadaşzadə adına kitabxanaya, eyni zamanda görkəmli Azərbaycan şair və yazıçıları olan Hüseyn  Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu  Natəvan  klubuna aiddir. Belə bir yerə əxlaqsız gecə klubu olan «26-lar kafesi»nin   fəaliyyət göstərməsi bu dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir».
Dahilərin ruhuna və Azərbaycan xalqına hörmətsizlik bilmədiyin bir məsələ haqqında belə iddialı hökmlər verməkdir. Natəvan klubu  Yazıçılar Birliyinin o məkanında deyil, həmişəki kimi üçüncü mərtəbəsində yerləşir və indi də fəaliyyət göstərir, demək olar ki, hər gün bu klubda  ədəbi tədbirlər keçirilir. Əgər hörmətli Hacıbala müəllim bir dəfə Yazıçılar təşkilatına reyder reysiylə deyil, əziz müsafir kimi təşrif gətirsəydi onu məmnuniyyətlə dördüncü mərtəbədə yerləşən və fəaliyyət göstərən Məmməd  Arif kitabxanasıyla da tanış edərdik və bu böyük alimin binamızda vurduğumuz   barelyefini də görərdi.
Hacıbala müəllim Natəvan klubunda bir ədəbi tədbirimizdə iştirak etsəydi onu da bilərdi ki, mənhus 37- ci ildə repressiya qurbanları olmuş böyük Hüseyn Cavidin və Mikayıl Müşfiqin Natəvan klubundan xəbərləri ola bilməzdi, çünki bu klub 1939-cu ildə açılıb. (Elə Yazıçılar  İttifaqı da o vaxtdan  bu binaya  köçüb).  Axı nə qədər  yanlış sözlər deyib onlardan yanlış nəticələr çıxarmaq, ictimaiyyəti  xamlamaq olar. Yeri gəlmişkən bu böyük alimin - Məmməd Arifin  yaşadığı evə xatirə lövhəsi vurdurmağı Hacıbala  müəllimdən xahiş  edirik.
Ermənilərin və ermənipərəstlərin Azərbaycan Yazıçılar Birliyinin əleyhinə dedikləri, yazdıqları, Sovet vaxtı Moskvaya millətçiliyimiz haqqında  danos vermələrinin səbəbi aydındır. Bəs özümüzünkilər niyə bu təşkilata belə qənim kəsilib, əllərindəki bütün imkanlardan istifadə edərək  bu təşkilatı və ayrı-ayrı görkəmli  yazıçıları nüfuzdan salmağa çalışırlar? Yazıçıların nə külli miqdarda varı-dövləti, nə yüksək  vəzifələri, nə müxtəlif imkanları var. Bircə silahları var – o da qələmləridir, amma unudulmasın ki, bu çox güclü   silahdır və həmin silahla damğalananlar tarixdə bu damğayla qalacaqlar.
Bununla da bu mübahisəyə son qoymaq istəyirik və qarşı tərəfi də Yazıçılar Birliyi kimi nüfuzlu təşkilata daha təmkinlə və hörmətlə yanaşmağa çağırırıq.   

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!