Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Hüseyn Həşimli dünyasını dəyişib.
Hüseyn Həşimli 25 avqust 1965-ci ildə Culfa rayonunun Teyvaz kəndində dünyaya göz açmışdı. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, təyinatla həmin ali məktəbdə əmək fəaliyyətinə başlamış, baş laborantlıqdan professorluğadək yol keçmişdi. Naxçıvan Dövlət Universitetində dekan müavini (1998-2003), tədris işləri üzrə prorektor (2003-2011) vəzifələrində çalışmışdı. AMEA Naxçıvan Bölməsi İncəsənət, dil və ədəbiyyat institutunun elmi işlər üzrə direktor müavini idi.
1998-ci ildə "Azərbaycan ədəbiyyatında sentimentalizm" mövzusunda namizədlik (fəlsəfə doktorluğu), 2011-ci ildə "Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar" mövzusunda elmlər doktorluğu dissertasiyaları müdafiə etmişdi. Professor H. Həşimli "Ədəbiyyat nəzəriyyəsi kursunda sentimentalizm ədəbi cərəyanının öyrədilməsi"(1990),"XX əsr Azərbaycan ədəbiyyatında yeni lirik janrlar" (2002), "Azərbaycan poeziyasında sonet və terset" (2003), "Azərbaycan mənsur şeirinin təşəkkülü" (2006), "Azerbaycan mensur şiirinin tarihi" (Ankara, [2007), "Əli Səbri" (2007), "Azərbaycan ədəbi mühiti və türk dünyası" (2009] "Əli Məhzun və "Ədəbiyyata dair" əsəri" (2009), "Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı" (2009), "Türk halklarının edebiyat ilişkilerine dair araştırmalar" (Ankara. 2009) , " Азербайджанское стихотворение в прозе" (Москва. 2011). "Пути развития Азербайджанского стихотворения в прозе" (Севастополь. 2011) , "Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri" (2012), "Fərhad Ağazadənin "Ədəbiyyat məcmuəsi"ndə ədəbi-elmi fikir" (2012), "Səid Səlmasi" (2013), "Məmmədəli Sidqi və "Şeypur" jurnalı" (2014), "İzzəddin Həsənoğlunun ədəbi irsi" (2016) və s. kitabların müəllifidir. "Yeni füyuzat" və "Şeypur" jurnallarının bütün saylarını toplayaraq müasir əlifba ilə çap etdirmişdi. 2009-cu ildə Türkiyədə "Türkiyə-Azərbaycan kültür və ədəbiyyatına hizmət ödülü"nə layiq görülmüşdü.
Azərbaycan Yazıçılar Birliyi və “Ədəbiyyat qəzeti”nin yaradıcı kollektivi adından ailəsinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!