Günəş adlı sonuncu qəhrəman - Xatirə Nurül

Bəzən onu "öz nəğmələri ilə Sovet imperiyasını silkələyən inqilabçı" adlandırırlar. Mahnılarındakı əzm, döyüşkən ruh dinləyicilərə bunları deməyə əsas verir. O, "Kino" qrupunun yaradıcısı və lideri, Sovet rok məktəbinin öncüllərindən olan, gözəl şeirlər və mahnılar müəllifi, bir neçə filmdə rol alan, Sovetin "Yenidənqurma" dövrünün gənclər arasındakı kumiri Viktor Tsoydur.

Elmi-texniki istiqamətli ziyalılardan ibarət ailənin - Koreya əsilli mühəndis atanın və bədən tərbiyəsi müəlliməsi rus ananın yeganə övladı olan Viktor Tsoy 1962-ci ildə Leninqradda dünyaya göz açmışdır. Onun ata babası Tsoy Sın Dyun koreyalı idi. Yaradıcılığa hələ orta məktəb illərində "Palata № 6" adlı rok qrupla başlayan Viktor daha sonralar "Kino" qrupunu yaratmışdır. Gənclik illərində Mixail Boyarskinin və Vladimir Vısotskinin, o cümlədən idmançı Bryus Linin pərəstişkarı olmuşdur. Müğənninin imicinin formalaşmasında, əsasən Bryus Linin "izləri" açıq-aydın sezilir - özünü ona bənzətməyə çalışan V.Tsoy kunq-fu ilə də məşğul olmuş, hətta çəkildiyi "İqla" ("İynə") adlı filmdə döyüş səhnələrini özü canlandırmışdır.

Onu 90-cı illərin əvvəllərində "Kino" qrupunun vallarını dinləyərkən "Zvezda po imeni solntse" ("Günəş adlı ulduz") mahnısı ilə tanımışdım. Daha sonra "Posledniy qeroy" ("Sonuncu qəhrəman"), "Koqda tvoya devuşka bolna" ("Rəfiqən xəstə olduğu zaman") kimi mahnıları da sevərək dinlədiklərim sırasına daxil oldu. Səsindəki amiranəlik nə qədər hürküdücü olsa belə, mahnılarda toxunduğu mövzular o qədər qəlbə, ruha yaxın idi. Rok janrını sevməyimə səbəb olan bu səs sonralar məni Freddi Merkurinin, "Eagles"ın daimi dinləyicisinə çevirdi. Yeri gəlmişkən, "Günəş adlı ulduz" mahnısı "İynə" filminin çəkilişləri zamanı Qazaxıstanda yazılmış və filmdə də səsləndirilmişdir. Həmçinin, 1989-cu ildə yaradıcısı və lideri olduğu "Kino" qrupunun eyni adlı albomu işıq üzü görmüşdür. Mahnıda müharibənin yaşının dünyanın yaşı ilə eyni olduğunu qeyd edən Tsoy gənclərin ölümünün baiskarı olan savaşı həyatın lənəti hesab etdiyini nəzərə çatdırır.

Müğənninin Əfqanıstandakı hərbi münaqişələrə həsr olunmuş "Qruppa krovi" ("Qan qrupu") adlı mahnısı da var. Sovet ordusunda xidmət edənlərin nişanlarında, həmçinin hərbi formalarının itirə biləcəkləri bədən üzvləri olan yerlərində qan qrupu qeyd olunmurdu.  Sözügedən mahnıda bu fakt xüsusi olaraq nəzərə çatdırılır.

Rus rok musiqisinin klassikası hesab edilən "Posledniy geroy" ("Sonuncu qəhrəman") mahnısı isə orijinallığı ilə seçilir. Dinləyicilərin mahnıdakı sonuncu qəhrəmanın Tsoy olduğu düşüncələri qarşılığında müğənninin mahnının mövzusu haqqındakı açıqlaması bu qənaəti dəyişməyə yönəlmişdi, amma şəxsən mən onun buna müvəffəq olduğunu hesab etmirəm. "Bu, əlbəttə ki, mahnıdakı qəhrəmandır. Belələri çoxdur. Bu, sadəcə olaraq azad insandır. Və ya azad olmaq istəyən insan. Ya da ona belə gəlir ki, azaddır. Amma bu, mən deyiləm. Mən qəhrəman deyiləm".

Ümumiyyətlə, Viktor Tsoyun şeirləri üçün mövzu müxtəlifliyi xarakterikdir. Saysız-hesabsız gözlənilməz məqamlarla zəngin olan bu şeirlər insanı əməlli-başlı düşünməyə vadar edir. "Qapını ört, mən gedirəm", "Qarışqa yuvası",  "Ana anarxiya", "Quşa çevril" kimi poetik nümunələr yaradıcılığında müstəqil olduğu qədər, səmimi olduğunu da bəyan edir.

Müsahibələrinin birində öz populyarlığına yumor hissi ilə yanaşdığını deyir, amma mahnıları ilə stereotip yaratdığını inkar etmirdi. Dövrün gəncləri onu çox sevirdi. Yadımdadır, hazırda orta yaşlı nəslin nümayəndəsi olan qohumum hətta tələbəlik illərində onun Moskvadakı konsertinə getmək üçün son pullarından keçdiyini deyirdi.

Mental dəyərləri müəyyən qədər zəiflətməyə nail olmaqla insanların şüuruna təsir edən mifləri dağıtmağa cəhd göstərən Tsoyun çəkildiyi filmlər də özünəməxsusluğu ilə seçilirdi. Dövrün problemlərini əks etdirən bu ekran əsərlərində rejissorlar Viktor Tsoyun yaradıcılığını hərtərəfli qabardırdı. Rus rok musiqisinin təsvirinə yönəlmiş "Rok" sənədli filmi ilə debüt edən musiqiçi, "İqla" ("İynə") filmində narkotik aludəçisi olan keçmiş rəfiqəsi Dinanı bu bəladan xilas etməyə çalışan gənc Moronu canlandırırdı. Moro Dinanı pis vərdişdən çəkindirmək məqsədi ilə Aral dənizi sahillərinə istirahətə aparır. Qız burada narkotik asılılığından qurtulsa da, şəhərə dönən kimi yenidən əvvəlki vərdişinə geri qayıdır. Bu zaman Moro narkotik yayanları tapıb zərərsizləşdirmək qərarına gəlir. Lakin, dəstə nüfuzlu şəxslərin başçılığı ilə fəaliyyət göstərir. Nəticədə, bir qış gecəsində qətlə yetirilən Moro insanları məhv edən "ağ ölüm" alverçilərinin daha bir qurbanına çevrilir. 1988-ci ildə ekranlara çıxan film ətrafına milyonlarla tamaşaçı toplamış, Viktor Tsoy isə ilin ən yaxşı aktyoru seçilmişdir.

Musiqiləri ilə Sovet rejiminə köklü təsir edən Viktor Tsoyun qəfil ölümü isə pərəstişkarlarına əməlli-başlı şok yaşatdı. Müğənninin 1990-cı ildə keçirdiyi, ölümünə səbəb olan qəza müəmmalarla dolu idi. İstintaqın qəbul etdiyi versiyalardan birində onun sükan arxasında ikən hərəkət zamanı maqnitofon kasetinin üzünü dəyişərkən fikrinin yayındığı və nəticədə faciənin baş verdiyi bildirilirdi. Lakin yaxın dostu olan musiqiçilərdən biri 2002-ci ildə verdiyi müsahibədə insanların düşüncəsində formalaşdırılmış mifi dağıtmağa müvəffəq oldu. Həmin müsahibədə qeyd edilir ki, sözügedən kaset faciə yerində ola bilməzdi, çünki o Tsoyda deyil, məhz dostunun cibində olub. İstintaqın digər versiyasına görə isə Viktor Tsoy sükan arxasında yuxuya gedib və idarə etdiyi “Moskviç” avtomobili qarşıdan gələn “İkarus”la toqquşub. Onu Boqoslovskoye məzarlığında dəfn etdilər. Sevimli ulduzun dəfninə minlərlə insan toplaşmışdı. Onlar kumirləri olan "Sonuncu qəhrəman"ı son mənzilə yola salırdı. Onun ölümündən sarsıntı keçirən fanatların bir neçəsi isə intihar etmişdi.

Tsoy haqqında bu gün də müxtəlif əfsanələr yaranmaqda davam edir. Hətta üç-dörd il əvvəl Rusiya Dövlət Dumasının deputatlarından biri onun ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində çalışdığını, SSRİ-nin dağılmasında birbaşa səbəbkar olduğunu bəyan etmişdi. Deputatın sözlərinə görə, bunu onun musiqilərindən də görmək olar. Əvvəllər neytral mövzulara toxunan müğənninin yaradıcılığında birdən-birə köklü dəyişikliklər baş vermişdi. Bunu hətta Tsoyun oxumaq manerasında da görmək olar. Yeri gəlmişkən, elə Vladimir Vısotskini də CİA agenti olmaqda günahlandırır, mahnılarında Sovet rejimini dağıtmağa yönələn nüanslar tapmağa çalışırlar.

Bu gün onun oğlu Aleksandr Tsoy da atasının yolunu davam etdirir. "Para Bellum" qrupunda rok musiqiçi və gitaraçı kimi fəaliyyət göstərən Aleksandrın 2017-ci ildə dinləyicilərə təqdim etdiyi "Şepot" ("Pıçıltı") adlı sinqlı dinləyən fanatlar "Viktor Tsoy geri döndü" deyə reaksiya vermişlər.

Bu il Viktor Tsoyun 55 yaşı tamam oldu. Lakin bu "Günəş adlı sönməyən ulduz" hafizələrdə hər zaman 28 yaşında, çılğın ruhlu "Sonuncu qəhrəman" olaraq qalacaq, üfüqlərdə parlamağa davam edəcəkdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!