Böyük insanlar böyük yollara bənzəyirlər. Onlar bir ailənin isti qucağından pöhrələyib, bir fərdin uşaq dünyasından, arzu, ümid cığırlarından çıxıb zəhmət və istedad qanadlarıyla yüksəlir, xalqın bütöv tale, tarix yoluna qovuşaraq yeni güc, özünəməxsus töhfələr verirlər. Böyük insanlar böyük fikir yolu, fenomenal yaradıcılıq eşqi, milli-mənəvi enerji axınlarıyla ümumxalq həyatında bir növ katalizator rolunu oynayır, xalqın, millətin ruhən saflaşmasında, səfərbər olunmasında, kompleks inkişafında, intibahında müstəsna iş görürlər. Bu, nəsil-nəsil böyük insanların, qüdrətli dövlət xadimlərinin, seçilmiş mədəniyyət, elm və sənət adamlarının xalq, millət yaradıcılığı işidir. Bu, böyük şəxsiyyətlərin tale qismətidir, xalqın, millətin tərəqqisi naminə fədakar əməlpərvərliyi, milli missiyasıdır...
Və mən bu sözləri yaza-yaza Azərbaycan xalqının tarixində, taleyində mühüm, müstəsna rol oynayan nəsil-nəsil böyük insanları - böyük yolları düşünürəm. Belə nadir şəxsiyyətlərin müəyyən qismi də milli mətbuat tariximizlə bağlıdır.
Bəli, "Əkinçi" qəzeti ilə ilk addımını atan Azərbaycan milli mətbuatı tarixində də elə böyük şəxsiyyətlər var ki, onların fədakar fəaliyyəti əsas istiqamətləri müəyyənləşdirdi, taleyüklü uğurlara yol açdı. Həsən bəy Zərdabi, Məhəmmədağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyli kimi belə böyük ziyalılar, milli mətbuat korifeyləri sırasında Nəsir İmanquliyevin özünəməxsus yeri var.
Belə böyük insanlar təkcə doğum və xatirə günlərində yox, həmişə xatırlanmalı, yad edilməlidirlər. Ona görə də milli mətbuatımızın korifeyi, müəllimlər müəllimi Nəsir İmanquliyev haqqında yazdığım bu məqaləni mətbuat günü ərəfəsində, onun doğum və xatirə günlərində deyil, adi bir gündə təqdim edirəm möhtərəm oxuculara.
* * *
1911-ci il 22 dekabr. Bakı... Soyuq, küləkli bir gün... Həmin şaxtalı, buz nəfəsli gündə Bakıya yağan qarı hər ev, hər ailə öz vəziyyətinə, ovqatına uyğun qarşılayırdı. Lakin Əsəd kişinin evində, ailəsində tamam fərqli bir sevinc yaşanırdı. Həmin gün dünyaya gələn, Nəsrulla adı qoyulan uşaq doğma evi, ailəni bahar sevinclərinə qərq etmişdi. Sanki yağan soyuq qar deyildi, göylərdən uşaq təbəssümü kimi şirin, isti bahar çiçəkləri tökülürdü...
On bir yaşında, inqilabın ilk illərində anasını itirən Nəsir bir qədər sonra - 1925-ci ildə Sabunçu rayonundakı peşə məktəbini bitirir. Çilingərlik peşəsinə yiyələnən gənc daha böyük arzularla yaşayırdı. Bu arzular onu 1934-cü ildə Lassal adına Neft Texnikumuna gətirdi. Burada oxuya-oxuya "Kommunist", "Gənc işçi", "Yeni yol" qəzetlərində çalışırdı. Mətbuat onu qeyri-adi bir qüvvəylə özünə çəkirdi. Qəlbində, taleyinin alın yazılarında haqdan yanan mətbuat çırağı onu öz işığına, öz yoluna çağırırdı...
O, jurnalistikaya, mətbuat sahəsinə həyatdan gəlmişdi. Peşə məktəbini bitirib çilingərlik edəndə də, Neft texnikumunda təhsil alanda da, iyirmi bir yaşından başlayaraq "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərində müxtəlif vəzifələrdə çalışanda da, Mərkəzi Komitədə şöbə müdiri, Radioinformasiya idarəsində rəis, Televiziya və Radio Verilişləri Komitəsində sədr müavini işləyəndə də, özü yaratdığı "Bakı", "Baku" qəzetlərinə otuz ildən artıq bir müddətdə baş redaktor kimi böyük uğurlar qazandıranda da sadəlik, təvazökarlıq, prinsipiallıq, qeyri-adi işgüzarlıq, düzlük, həyat həqiqətlərinə sədaqət ən böyük amalı olmuşdu. 1942-ci ilin yanvarında siyasi işçi kimi müharibəyə, Krım cəbhəsinə göndərilib, "Döyüşən Krım" qəzetində məsul katib, hərbi hissədə tərcüməçi olanda, Rəsul Rza, Cəfər Cəfərov, Əli Vəliyev, Abbas Zamanov kimi ziyalılarla birlikdə işləyəndə ağır sınaqlardan şərəflə çıxmışdı, haqqın, həqiqətin cəsarətli müdafiəçisi kimi şöhrət qazanmışdı Nəsir İmanquliyev. Bu yüksək keyfiyyətlərinə görə onu hamı sevir, layiqincə qiymətləndirirdi.
1943-cü ilin sonunda ordudan tərxis olunaraq arxa cəbhəyə göndərilən Nəsir İmanquliyev "Kommunist" qəzetində məsul katib kimi fəaliyyət göstərir, hərbi vətənpərvərlik mövzusunda yazılan silsilə məqalələrlə mətbuatda çıxış edir. 1946-cı ildə Moskvada Mərkəzi qəzet kursunu bitirən Nəsir İmanquliyev məhsuldar jurnalist olmaqla kifayətlənməyərək, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində davamlı pedaqoji fəaliyyətə başlayır.
Daim təhsilə, öyrənməyə can atan, həyatın çətin yollarında şərəflə addımlayan Nəsir İmanquliyev 1948-55-ci illərdə qiyabi yolla Moskva Ali Partiya məktəbini bitirir. Bir müddət Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təbliğat-təşviqat şöbəsinin müdir müavini kimi fəaliyyət göstərir. O, işlədiyi bütün sahələrdə xalqına layiqincə xidmət edir, halal şöhrət, nüfuz qazanır, həqiqi ziyalı kimi seçilirdi. Yorulmaq bilməyən yaradıcılıq eşqi ilə uğurlardan-uğurlara doğru irəliləmək onun halal haqqı, tale qisməti idi.
Tale elə gətirdi ki, Nəsir İmanquliyev əsli-kökü Şamaxıdan olan gözəl bir qızla - Gövhər xanım Sultanzadə ilə evləndi, ailə qurdu. Gövhərin atası Yusif bəy, anası Fatma xanım əsilzadə nəslindən idi. 1915-ci ilin yadigarı olan bir fotoda balaca Gövhərin atalı-analı dünyasının xoşbəxt bir anı əbədiləşib...
Nəsir İmanquliyevlə Gövhər xanımın təzəcə qurulan sevinc, işıq dolu ailə həyatını ikicə sözlə ifadə etmək olardı: Xoşbəxtlik çırağı.
Ailənin yeganə övladı olan Aida dünyaya gəlişiylə bu xoşbəxtlik çırağını əbədi günəşə döndərdi. Kiçik yaşlarından qeyri-adi istedadı, təhsildə fərəhləndirici uğurları, heyranedici ağlı-kamalı, ilahələrə bənzər füsunkar gözəlliyi ilə seçilən Aida İmanquliyeva ata-anasının fəxri, xalqının fədakar alimi, ərəb məhcər ədəbiyyatının tədqiqi sahəsində Şərqdə ilk qadın elmlər doktoru oldu.
Yüzlərlə məqalənin, onlarla kitabın müəllifi, həmmüəllifi və tərcüməçisi olan, iyirmi ildən artıq bir müddətdə "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərində ədəbi işçi, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində çalışan Nəsir İmanquliyevin jurnalist fəaliyyətində "Bakı", "Baku" qəzetləri mühüm yer tutur, bütöv mərhələ təşkil edir. 1958-ci ildə yaradılan "Bakı" axşam qəzetinə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə baş redaktor təyin edilən Nəsir İmanquliyev qısa bir müddətdə öz siması, öz oxucu auditoriyası olan, milli mətbuat tariximizdə yeni söz deyən maraqlı bir qəzet formalaşdırmağa nail oldu. 10 yanvar 1958-ci ildə "Bakı" axşam qəzetinin ilk sayı işıq üzü gördü. Mirzə İbrahimov, Abdulla Şaiq, Mikayıl Abdullayev, Fikrət Əmirov kimi görkəmli sənətkarlar qəzetin ilk sayında təbrik sözü söylədilər. Xalq şairi Süleyman Rüstəm ürək sözlərini "Cürətlə addımla" şeirilə bildirdi:
Dostum! Bu od ürəkli xoşbəxtlər yuvasında
Qurub-yaradanları öz ətrafına səslə.
Şəhərin çil-çıraqban, işıqlı havasında
Qoy səni hər bakılı oxusun min həvəslə.
Adın dilində gəzsin şairin, mühəndisin,
Açılsın çiçəklərin həm qışda, həm baharda.
Qəhrəmanlar yanında ağ olsun hər gün üzün,
Cürətlə addımla sən boy atan bu diyarda.
40 il sonra Nəsir İmanquliyev unudulmaz 10 yanvar gününün sevincini belə xatırlayırdı:
- Hələ əllinci illərin ortalarında - Mərkəzi Komitədə işlədiyim vaxtlarda Azərbaycan dilində şəhər qəzeti çıxarmağın vacibliyi barədə məsələ qaldırmışdım. Həmin dövrdə Bakının azərbaycandilli sakinlərinin sayını və tələbatını nəzərə alaraq, təklifimi bəyəndilər, bu barədə müvafiq qərar qəbul olundu. O vaxtkı rejimin tələblərinə uyğun olaraq şəhər qəzeti yaratmaq barədə qərar təsdiq üçün Moskvaya - Sov.İKP MK-ya göndərildi. İş elə gətirdi ki, həmin dövrdə məni Azərbaycan Radio Verilişləri Komitəsinə sədr müavini təyin etdilər. Bu komitədə yeddi-səkkiz ay işləmişdim ki, Mərkəzi Komitədən mərhum Şıxəli Qurbanov mənə zəng çalıb bildirdi ki, şəhər qəzeti açmaq barədə qərarımızın Moskvadan təsdiqi gəlib.
Bu xəbəri eşidəndə sevincimin həddi-hüdudu olmadı. Mənə bütün təşkilati işləri görüb yeni qəzeti açmaq və ona rəhbərlik etmək həvalə olundu. Düzdür, Radio Komitəsindəki işimi dəyişib qəzetə redaktor keçməklə əmək haqqımda fərq olsa da, buna heyifsilənmədim: çoxdankı arzuma qovuşmuşdum...
1962-ci ildə qəzetin rusdilli versiyası - "Baku" nəşrə başlayarkən onun redaktorluğu da Nəsir İmanquliyevə həvalə edildi. Beləcə, milli mətbuat tariximizdə nadir hadisələrdən biri - eyni vaxtda iki qəzetə otuz illik uğurlu baş redaktorluq fəaliyyəti reallaşdı.
* * *
O, ötən əsrin 60-cı illərində ədəbiyyata gələn gənc istedadların qayğıkeş dostu, təəssübkeş himayədarı idi. Anar, Elçin, Fikrət Qoca və başqa neçə-neçə istedadlı qələm sahibi ən kəskin əsərlərini, publisistik yazılarını Nəsir İmanquliyevin baş redaktor olduğu qəzetlərdə çap etdirir, qərəzli hücumlardan onun gözəgörünməz xeyirxahlıq qalxanıyla müdafiə olunurdular. O, öz dövrünün ən cəsarətli qəzet redaktoru idi. İndi mətbuatımızda böyük nüfuz sahibi olan jurnalistlər - Nəsir İmanquliyevin tələbələri ustadın cəsarətli mühazirələrini heyrətlə xatırlayırlar. Hətta bir dəfə Nəsir İmanquliyev "sovet adamı" ifadəsinə prinsipial yanaşma ilə etiraz etmişdi: Adamın da soveti olar?! Jurnalistikanın birinci meyarı həqiqətdir...
Özünəməxsus jurnalist məktəbi, jurnalistlər ordusu yaradan Nəsir İmanquliyev "Bakı", "Baku" qəzetlərindəki 30 illik məhsuldar, qeyrətli, vətənpərvər, prinsipial fəaliyyəti ilə Azərbaycan ədəbiyyatına, milli mətbuatımıza misilsiz xidmətlər göstərmişdir.
Bu məqamda Azərbaycan televiziyasının ilk bünövrə daşlarını qoyanlardan, ilk yol açanlarından birinin məhz böyük insan və jurnalist, fədakar ziyalı, milli mətbuat fədaisi Nəsir İmanquliyevin olduğunu minnətdarlıqla qeyd etməyi, yada salmağı özümə borc bilirəm. O, bir müddət Mərkəzi Komitədə şöbə müdiri, Radioinformasiya idarəsində rəis, Televiziya və Radio Verilişləri Komitəsində sədr müavini, daha sonra, artıq qeyd olunduğu kimi, özü yaratdığı "Bakı" və "Baku" qəzetlərində otuz ildən artıq baş redaktor işləmişdir. Azərbaycan televiziyasının və radiosunun böyük uğurlar yolunda, əzəmətli zəfər zənglərində unudulmaz Nəsir İmanquliyevin özünəməxsus rolu, tarixi xidmətləri vardır. O, Azərbaycan televiziyasının ilk illərindən elə bir forma seçdi, Azərbaycanın zəngin milli mədəniyyətinin elmi-publisistik tədqiqi, təbliği, olduğu kimi təqdimi baxımından elə taktiki-strateji modellər, yollar müəyyənləşdirdi ki, bu, sonrakı on illər boyu bol bəhrəsini verdi. İndi cəsarətlə demək olar ki, Nəsir İmanquliyev Azərbaycan televiziyasında qazanılan davamlı, çoxsaylı, silsilə uğurların əsas ideya müəlliflərindən biri olmuşdur.
* * *
Pedaqoji fəaliyyət Nəsir İmanquliyevin bioqrafiyasında, onun ibrətamiz ömür kitabında mühüm yer tutur. 1947-ci ildən başlayaraq o, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində partiya və sovet mətbuatının nəzəriyyə və təcrübəsi fənnindən mühazirələr oxuyub. Milli mətbuatımızın bütün qəzet və jurnalları ilə davamlı əməkdaşlıq edən Nəsir İmanquliyev fəaliyyətində nəzəriyyə və plastikanı yaradıcı şəkildə birləşdirən görkəmli jurnalist və ictimai xadim idi. O, 1965-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1988-ci ildə Azərbaycan Dövlət Universiteti jurnalistika fakültəsinin dosenti, 1996-cı ildə isə məsləhətçi professoru seçilmişdi.
Öz dövrünün sayılıb-seçilən aparıcı, örnək ziyalısı ucalığına yüksəlmək hər elm, sənət, mətbuat adamına nəsib olmur. Nəsir İmanquliyev öz dövrünün belə böyük ziyalısı səviyyəsinə yüksəlmişdi. Ona "milli mətbuatımızın canlı klassiki", "qəzetçiliyin sonuncu magikanı", "mənəvi təmizlik ölçüsü", "jurnalistikamızın patriarxı", "doğma xalqına nur paylayan böyük ziyalı" deyirdilər. Xoşbəxtlikdən tale elə gətirdi ki, belə bir yüksək səviyyəli ziyalı, nurlu şəxsiyyət özü kimi saf, fədakar bir insanla - böyük yazıçı, alim, pedaqoq Mir Cəlal Paşayevlə qohum, quda oldu. Unudulmaz alim Yaşar Qarayevin bir məqaləsində "Şərqşünaslığın şərqli şahzadəsi" adlandırılan Aida İmanquliyeva Mir Cəlal ocağına gəlin köçdü, Arif Paşayevlə ailə qurdu. Hamının sevinib xeyir-dua verdiyi, ülvi saflığı, halallığı ilə seçilən bu xoşbəxt, bahar ömürlü gənc ailədə iki gözəl qız dünyaya gəldi: Nərgiz və Mehriban... Ata-anasının, bütün qohumların, xüsusilə, iki dostun, iki böyük babanın - Mir Cəlal və Nəsir İmanquliyevin sonsuz sevinc mənbəyinə döndü bu nəvələr...
O, 1926-1943-cü illərdə respublika komsomolunun, 1944-cü ildən isə Sov.İKP-nin üzvü olub. Lakin bütün partiyalardan, ictimai-siyasi qurumlardan, vəzifələrdən yüksəkdə Nəsir İmanquliyevin vətən, xalq, böyük Azərbaycan sevgisi dayanırdı.
O, bütün şüurlu həyatını tükənməz Azərbaycan məhəbbətiylə yaşadı, doğma Azərbaycana, Azərbaycan milli mətbuatının inkişafına həsr etdi. İyirmi il "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərində, otuz il "Bakı", "Baku" qəzetlərindəki ardıcıl, heyrətamiz, fədakar fəaliyyəti ilə özünəməxsus jurnalistika məktəbi yaratdı Nəsir İmanquliyev. Əməyi dövlət tərəfindən daim yüksək qiymətləndirilən, orden və medallara, fəxri adlara layiq görülən, "Qızıl qələm" mükafatı laureatı, əməkdar mədəniyyət işçisi, əməkdar jurnalist, professor Nəsir İmanquliyev böyük hərflərlə yazılan ziyalı, əsl mətbuat fədaisi idi.
1998-ci ilin 7 martında dünyasını dəyişdi, 87 illik ömrün hüdudlarından zamanın əbədiyyət yoluna çıxdı, xalqının əbədi yaddaş yurduna köçdü. Yaratdığı jurnalistika məktəbinin, yetişdirdiyi jurnalistlər ordusunun fəaliyyətində, yazdığı əsərlərində, vətən və xalq naminə gördüyü böyük, xeyirxah işlərdə yaşayacaq, əbədi ömür sürəcək Nəsir İmanquliyev. Bu, ömrü, əməyi xalqına qovuşan əsl ziyalının, böyük insanın, milli mətbuat korifeyinin şərəfli, xoşbəxt taleyidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!