Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarovun “Adam Mitskyeviç və Azərbaycan” adlı monoqrafiyası işıq üzü görüb. Kitabda görkəmli şair Adam Mitskyeviçin həyat və yaradıcılığı ilə əlaqədar bir çox faktlar ilk dəfə Azərbaycan ədəbiyyatşünaslığında yer alıb. Kitabı Azərbaycan-polyak ədəbi-mədəni əlaqələrinin araşdırılmasında yeni mərhələ hesab etmək olar.
Tədqiqatın elmi redaktoru AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Rəyçisi həmin institutun şöbə müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır. “Elm və təhsil” nəşriyyatında çap olunan kitab 104 səhifədən ibarətdir. Monoqrafiya Ədəbiyyat İnstitutunun Elmi Şurasının 23 yanvar 2020-ci il tarixli 1 saylı qərarı ilə çap olunub.
Görkəmli polyak şairi və ictimai xadimi, Polşa ədəbiyyatında romantizmin banisi Adam Mitskyeviç öz ölkəsinin tanınmış simalarından biri olmaqla yanaşı, həm də Polşa ədəbiyyatını Şərq motivləri ilə zənginləşdirib. Onun yaradıcılığı ilə Avropa ədəbiyyatında Şərqə doğru yeni üfüqlər açılıb. Əsərləri dünya dillərinə tərcümə olunan Adam Mitskyeviç Azərbaycanda da tanınır. Görkəmli polyak şairinin əsərləri dəfələrlə Azərbaycan dilinə tərcümə edilib, haqqında məqalələr yazılıb. Bununla belə, Adam Mitskyeviç və Azərbaycan mövzusu sistemli şəkildə araşdırılaraq öyrənilməyib. Monoqrafiya bu mövzuda yazılmış ilk ümumiləşdirilmiş elmi əsər kimi əhəmiyyətlidir. Nəşr Azərbaycan və polyak xalqlarının dostluğu və həmrəyliyi haqqında da geniş elmi təsəvvür yaratmağa imkan verir.
Gülnar Səma - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!