Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətnşünaslıq sahəsində uğurlu nəşrlərindən biri olan “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Səlim Rəfiq Rəfioğlu. Füzuli” adlı üçüncü cildi işıq üzü görmüşdür.
Seriyanın baş redaktoru Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, cildin məsul redaktoru İnstitutun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Nikpur Cabbarlıdır.
Kitabı əlyazma əsasında nəşrə hazırlayan, ön söz, qeyd və şərhlərin müəllifi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun müdiri, filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir.
Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 17 dekabr 2018-ci il tarixli (protokol № 15) qərarı ilə çap olunub.
Kitaba Azərbaycan mühacirət ədəbiyyatşünaslığının tanınmış nümayəndə-lərindən biri olan Səlim Rəfiq Rəfioğlunun (1905-1980) “Füzuli” adlı doktorluq dissertasiyası daxil edilmişdir. Səlim Rəfiqin ilk dəfə nəşr edilən bu araşdırması özünün mövzu, problematika və əhatə dairəsi baxımından olduqca mükəmməlliyi ilə seçilir. Əsərdə Füzulinin həyatı, yaradıcılığı, elmi görüşləri və başqa problemlər toplu halında tədqiqata cəlb edilmişdir. Müəllifin 1940-cı illərdə qələmə aldığı bu əsərdə araşdırılan bir çox məsələlər bugünkü füzulişünaslığımız üçün də öz aktuallığını qoruyub saxlamaqdadır.
Gülnar Səma - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!