Mustafa Çəmənli- müasir Azərbaycan nəsrinin və publisistikasının tanınmış bir nümayəndəsi, mənim tələbəlik illərindən dostluq etdiyim bu gözəl insan yetmiş yaşına gəlib çatdı. 1947-ci il, sentyabrın 10-da Ağdamın Çəmənli kəndində dünyaya göz açan, orta məktəbi bitirib bir neçə il Mingəçevirdə, Bakıda fəhlə işləyən, yalnız 25 yaşında ADU-nun jurnalistika fakültəsinə daxil olan Mustafa Şura oğlu Mustafayev əsl həyat yolu keçib. Bu həyat yolunun hər ili, hər ayı, mübaliğəyə varmadan deyə bilərəm ki, hər saatı da işlə-güclə yoğrulub. Universiteti bitirəndən sonra Mustafa "Yazıçı", sonra "Gənclik", indi isə "Təhsil" nəşriyyatında çalışıb. Nəşriyyat elə bir məkandı ki, Mustafa demək olar ki, hər gün əsərlərini oxuduğu yazıçılarla görüşüb, onların kitablarını redaktə eləyib, çapa hazırlayıb. Amma bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. İlk hekayəsi "Ləpirlər" 1973-cü ildə "Mingəçevir işıqları" qəzetində dərc edilib. İlk hekayəsinin çapından bu günə qələr- qırx dörd il ərzində Mustafanın 24 nəsr və publisistika kitabı işıq üzü görüb.
Mustafanın ilk nəsr kitabı - "Mənim dünyamın adamları" - daha sonra ikinci kitabı-"İtirilmiş səs" onun həyatı, insanları, gerçək hadisələri yaxşı duyduğunu sübut elədi. Hiss olunurdu ki, onun müşahidə qabiliyyəti güclüdür, oxuduğu kitablardan deyil, həyatdan görüb-götürür. Onun "Yaddaş" povesti ədəbiyyatda ilk uğurlu addımı idi. İki insanın yaddaşını oyadan, ötən günlərini vərəqləyən Mustafa iki həyat tərzini, iki insan psixologiyasını təsvir edirdi. Bir vaxtlar yaşadığı kəndin sosial-mənəvi problemlərini əks etdirirdi və hiss olunurdu ki, Mustafa Çəmənli povest və hekayələrində həyat həqiqətlərini bədii həqiqətə çevirə bilir.
Doxsanıncı illərin əvvəllərində isə Mustafa "Xallı gürzə" romanını çap etdirdi. Doğrusu, müasir həyat həqiqətlərindən tarixi hadisələrə dönüş o zaman çoxlarına qəribə gəlirdi. Artıq iki tarixi romanın müəllifi olan Mustafa Çəmənli Azərbaycan tarixi romanının ənənələri ilə yaxşı tanışdır və hər iki romanında bu ənənələrə sadiq qalır, amma eyni zamanda, yazdığı əsərlərdə tarixə münasibətdə özünün mövqeyini də ortaya qoyur. Bu, o deməkdir ki, bir müəllif kimi o, tarixə, tarixi hadisələrə və şəxsiyyətlərə "necə varsa, elə" prinsipi ilə yanaşmır, "belə də ola bilərdi" prinsipinə də əməl edir. "Xallı gürzə" Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın həyatından bəhs edirdi. Hiss olunurdu ki, Mustafa tarixi mənbələrə yaxşı bələddir, "Qarabağnamələr"i diqqətlə oxuyub, amma bu əsər tarixi xronika deyildi, insan-şəxsiyyət haqqında roman idi. Hər bir tarixi roman, əgər belə demək mümkünsə, yaşanılan tarixin bədii-fəlsəfi dərkidir. Görkəmli yazıçı və tənqidçi Mehdi Hüseyn məşhur "Yazıçı və tarix" məqaləsində yazırdı: "Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi-bədii əsər yarana bilməz. Bir qədər də sadə desək, tarixçi "nələr olmuşdur?" sualına cavab verirsə, sənətkar "nələr ola bilərdi və necə ola bilərdi?" suallarına da cavab verir. Yazıçının vəzifəsi heç də tarixi şəxsiyyətlərin fəaliyyətini başdan-başa izləyib bədii tərcümeyi-hal yaratmaqdan ibarət deyildir". Müstafa Çəmənlinin "Xallı gürzə" romanı da tarixi dövrün psixologiyasını təşrih edən bir əsərdir. Tarixi roman həm də müasirlərə ibrət dərsi missiyasını yerinə yetirir.Pənahəli xan dövründə də bədnam qonşularımız məkrli niyyətlərindən əl çəkmirdilər. Cəmi beş kiçik məliklikdən ibarət olan bir ərazidə ermənilər o vaxt da torpaqlarını genişləndirmək, ayrıca dövlət yaratmaq iddiasına düşmüşdülər. Lakin o zaman sayca çox az idilər. Həmin o erməni məliklərindən biri - Məlik Ulubab Qara Keşiş babasından qisasçılıq dərsi alıb bütün məlikləri Pənah xanın üzərinə qaldırır. Bəs sonu?
"Pənah xan Məliyin nizəyə taxılmış kəsik başını görəndə təzədən qəzəbləndi. Məliyin qana bulaşmış saqqallı sifətinə, papağını itirmiş daz başına, qapanmamış, harasa baxan (əslində, Pənah xana baxırdı) gözlərinə baxdı və üzünü hələ də qılınclarını qına qoymamış qoşununa tutdu:
- Bunların, əliylə məlul-müşgül dayanmış məğlubları göstərdi - kəsilmiş başlarından burada, bax bunların gözlərinin qabağında bir minarə qurun, - susdu. Sonra: - Lap axırda Məlik Ulubabın başını qoyun. Qoy mənim üzümə ağ olan, torpağımda ağa olmaq fikrinə düşənlərə ibrət dərsi olsun".
Mustafa Çəmənlinin romanında təkcə tarixi hadisələr və şəxsiyyətlər deyil, həm də Qarabağın - bu xanlığın mədəni-etnoqrafik mənzərəsi də gözlərimiz qarşısında canlanır. Folklora, xalq adət-ənənələrinə, Qarabağ koloritinə yaxşı bələd olması da hiss olunur.
"Ölüm mələyi" adlı ikinci tarixi romanında da Mustafa Çəmənli "Xallı gürzə"dəki yolu davam etdirir. Romanda Azərbaycan tarixinin çox mürəkkəb və olduqca ziddiyyətli bir dövrü bədii tədqiq obyektinə çevrilir. Əsərdə Azərbaycan tarixi ərzində bəlkə də ən çox şahlıq taxtında oturmuş (düz əlli iki il-1524-1576) I Təhmasibin ömrünün son günləri təsvir olunur. Amma "son günlər" ifadəsi şərtidir, zahiri xarakter daşıyır, müəllif I Təhmasibin son günlərinin təsviri fonunda onun bütün ömür yolunu canlandırmağa cəhd edir. Romanda həmçinin II Şah İsmayılın qısa sürən (1576-1577) hakimiyyətindən də söz açılır. Beləliklə, "Ölüm mələyi"ndə XVI əsr Azərbaycan tarixinin yarım əsrdən artıq ictimai, siyasi, mənəvi həyatı canlandırılır, bir sarayda baş verən hadisələr, ziddiyyətli, təzadlı münasibətlər, hakimiyyəti ələ keçirmək uğrunda davam edən mübarizələr öz əksini tapır.
Azərbaycan tarixində Səfəvilər dövrü iki əsrdən artıq davam etmiş və bu iki əsrdə bir-birindən fərqli hökmdarlar hakimiyyətdə olmuşlar: I Şah İsmayıl, I Təhmasib, II İsmayıl, Məhəmməd Xudabəndə, I Abbas, I Səfi, II Abbas, Süleyman, Sultan Hüseyn, II Təhmasib, III Abbas. Tarixdən məlumdur ki, Nadir şah Əfşar 1736-cı ildə Səfəvilər sülaləsinin hakimiyyətinə son qoymuşdur.
"Ölüm mələyi"nin əsas qəhrəmanlarından biri - I Təhmasib I Şah İsmayıldan sonra Səfəvilər dövlətinin ən qüdrətli hökmdarlarından olmuş, mərkəzi hakimiyyəti qüvvətləndirərək dövlətin sərhədlərini xeyli genişləndirmişdi. Təhmasib bir çox təzkirələrdə deyildiyi kimi, savadlı bir şəxs idi, şairləri, musiqiçiləri, rəssamları himayə edirdi, özü də bədii yaradıcılıq və xəttatlıqla məşğul olurdu.
Tarixi roman müəllifi təsvir elədiyi dövrü, o dövrün müxtəlif xarakterli insan çeşidlərini sanki həmin dövrdə yaşayırmış kimi təsvir etməlidir, Azərbaycan tarixi romanının ənənələri bunu təsdiqləyir və Mustafa Çəmənli də Səfəvilər sarayındakı hadisələri, şahdan tutmuş onun qohum-əqrəbasına, yaxın adamlarına, hakimiyyət uğrunda mübarizə aparan və bu yolda ölüb-öldürməkdən çəkinməyən bütün şəxslərə qədər hamısını bircə-bircə bizə tanıdır. Xüsusilə, II Şah İsmayıl və onun bacısı Pərixan bəyimin obrazları çox canlıdır. İyirmi il həbsdə yatan, sonra hakimiyyəti ələ keçirən II Şah İsmayılın çılğın hərəkətləri, qətllər törətməsi və özünün də məhvi bizi XXI əsrdən XVI əsrə aparır. Şah sarayının görkəmindən tutmuş orada baş verən münaqişələrə qədər hər şey inandırıcı görünür.Yeri gəlmişkən qeyd edim ki, Mustafa Çəmənli bu romana görə "Qızıl kəlmə" mükafatına layiq görülüb.
Mustafa Çəmənli ikimininci illərdə "Ruhların üsyanı" və "Üç yaşlı əsir" povestlərini yazdı. Hər iki əsərdə Qarabağda baş verən, son otuz ildə bizi narahat edən hadisələr təsvir olunur. "Ruhların üsyanı"nda Mustafa İbrahimxəlil xanla xəyali mükalimə yolu ilə iki əsr ərzində başımıza gələn bəlalardan söz açır. "Üç yaşlı əsir"də isə müharibə şəraitində yaşayan soydaşlarımız, onların həyəcanlı, sarsıntılı anları, bütün bunların fonunda isə qələbəyə inamlarını bir an belə itirməmələri təsvir olunur. Qarabağ uğrunda gedən döyüşlərə qoşulan Teymur 92-ci ildə əsir gətirdiyi üç yaşlı erməıni uşağını evinə aparır. Anası Qaratel müəllimə əsl azərbaycanlı qadına xas olan xislətini nümayiş etdirir, uşağa düşmən kimi baxmır və Sergeyin - bu erməni balasının anası gələndə sevinir ki, ana öz balasına qovuşur. Amma görəsən ermənilər də belə humanist hərəkət edərdilərmi? Atəşkəs dövründə də dinc dayanmayan bir erməni əsgərinin atdığı güllə Qaratel müəllimin baldırının bu üzündən girib, o üzündən çıxmışdı.Xəstəxanada oğlu Şakir ona deyir ki, bilirsənmi, səni yaralayan kimdi. "-Kimdi, ə? - Rəhmətlik Teymurun 92-ci ildə əsir gətirdiyi o üç yaşlı Sergey. - Ə, ağlına gələni danışma. -Gecələr layla çalıb özünlə yatırtdığın o ilan balasının indii neçə yaşı var, müəllimə? -İyirmi beş. - O, mənə güllə atmaz. - Atar, lap o yana da keçər".
Məgər bütün tarix boyu biz bu erməniliyin acısını dadmamışıqmı?
Mustafa dəfələrlə ön cəbhədə, hərbçilər arasında olub. Hərbi vətənpərvərlik mövzusunda qələmə aldığı "Fred Asif" sənədli povesti Azərbaycanın Milli Qəhrəmanının şərəfli döyüş yolundan söz açır.Həmin kitaba ön söz yazan Əli Əmirlinin belə bir fikrinə haqq qazandırıram: müharibə elə bir meyardır ki, bu vaxtacan çox az adamın tanıdığı, bəlkə də adi bir həyat yaşayacaq Asif Məhərrəmovu əfsanəvi qəhrəmana çevirdi.
Mustafa Çəmənli müasir Azərbaycan publisistikasında da öz izini, hətta deyərdim, üslubunu yaradan bir yazardır. O, lap gəncliyindən Azərbaycan xalq musiqisinin təbliği ilə məşğul olmuş, publisistikanın bu qolunun inkişafında əməyini əsirgəməmişdir. Musiqidən, bu musiqini yaşadan sənətkarlardan yazmaq üçün gərək ürəyində muğama, mahnıya əbədi bir məhəbbət olsun. Təbii ki, məhəbbət hələ azdır, bir az da musiqişünas olasan. Mən Mustafanın irili-xırdalı bu tipli yazılarını oxuyanda bu sevgini də, musiqiyə bələdliyi də hiss edirəm.
Mustafa kimlərdən yazmayıb? Səsi ilə təkcə sağlığında deyil, indii də ürəkləri, ruhları dilə gətirən Şövkət Ələkbərova haqqında hələlik alternativi olmayan gözəl bir kitab. Muğam dünyamızın Xanından. Xan əmi ilə bağlı xatirələr, onun həyatı, ustadi-əzəm kimi muğamda bir məktəb yaratması çox təbii, dəqiq faktlar mənzərəsində canlandırılır. "Nəğməli xatirələr" xalq artisti, ən gözəl Məcnun ifaçısı Əbülfət Əliyevi -onun sənətini əbədiləşdirir."Səsin ruhu"nda cavan ikən dünyasını tərk edən, amma hələ də musiqidə öz yolunu, öz üslubunu yaradan Səxavət Məmmədovdan söz açır.
Mustafa Çəmənli həm də arxivlərə baş vurmağı bacaran, bizə məlum olmayan sənədləri, faktları üzə çıxaran və həm də bu işdən hədsiz dərəcədə zövq alan bir müəllifdir. 2008-ci ildə Mustafanın "Leyli və Məcnun" 100 il səhnədə" kitabı çapdan çıxdı. Bəlkə də bir institutun bir ildə görə biləcəyi işi Mustafa təkbaşına həyata keçirdi. Bu kitabı artıq 109 ildir səhnədən düşməyən ilk milli operamız haqqında bədii ensiklopediya da adlandırmaq olar.Çox təəssüf ki, bu dəyərli kitabın əsl qiyməti verilməyib hələ.
Yetmiş yaşlı Mustafanın ən böyük arzusu nədir? Onun kəndi işğal altında deyil və Mustafa hər ay o kəndə, doğma ocağına baş çəkir, amma Vətən onun üçün təkcə Çəmənlidən ibarət deyil. Vətən həm də Adamın, Qarabağın işğal altında olan, Xarı bülbülləri haray çəkən kəndləridir, şəhərləridir, şəhid məzarlarıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!