Edebiyyatqazeti.az xəbər verir ki, bu günlərdə Fikrət Sadığın 90 illik yubileyi ərəfəsində Azərbaycan Yazıçılar birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə tanınmış şairin “Mən ot basmış bir cığıram” adlı kitabı işıq üzü görüb.
"AybKitab” layihəsində çap olunan kitabın tərtibçisi və redaktoru Aysel Fikrətdir. Kitabda şairin son illərinə qədər çap olunmayan şeirləri nəşr olunub. Bu şeirlərlə yanaşı, şairin məşhur və sevilən şeirləri də nəşrdə yer alıb.
Kitabda 1954-1959-cu illərə qədər Bakı Dövlət Universitetinin qəzetində çap olunmuş ilk şeirlərindən son kitabına qədər olan seçmə nümunələr verilib. Kitab bir neçə bölmədən ibarətdir. Birinci bölmədə şairin ilk şeirləri, ikinci bölmədə çap olunmayan şeirləri, üçüncü bölmədə şairin son şeirləri, sonuncuda isə şairin ən çox sevdiyi iki şeiri nəşr edilib. Kitab şairin dünyasını dəyişdikdən sonra çap olunan ilk kitabdır.
Qeyd edək ki, Fikrət Sadıq Azərbaycan ədəbiyyatının sevilən, seçilən şairlərindən biri olub. 60-cı illərdən Rəsul Rzanın xeyir-duası ilə ədəbiyyata gələn şairin son günlərinə qədər ədəbiyyatımızın inkişafında böyük rolu olub. Onun tərcümələri, fəlsəfi şeirləri, uşaq şeirləri dillər əzbəridir. Şair ömrünün son gününə qədər yazıb-yaradıb. Bu kitabda onun 86 yaşında yazdığı şeirlərə də yer verilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!