Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Füzuli ədəbi məktəbinin ən layiqli davamçılarından olan Seyid Əzim Şirvaninin 185 illik yubileyi münasibətilə bir sıra layihələrin həyata keçirilməsini planlaşdırır.

Bu münasibətlə AMM-nin sifarişi ilə şair və tərcüməçi Tahir Qahhar S.Ə.Şirvaninin 233 qəzəlini özbək dilinə çevirib.

Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi nəinki Azərbaycanda, bütün Şərq ölkələrində, xüsusilə Özbəkistanda böyük maraqla qarşılanır. Bu il AMM-nin layihəsi ilə S.Ə.Şirvaninin əsərlərindən ibarət kitabın Daşkənddə nəşri nəzərdə tutulub.

Qeyd edək ki, Tahir Qahhar Mədəniyyət Mərkəzinin sifarişi ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin və Hüseyn Cavidin əsərlərini də özbək dilinə tərcümə edib.

Mədəniyyət Mərkəzinin layihəsi ilə Seyid Əzim Şirvani haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə də yaradılıb, Azərbaycan və rus dillərindəki bölmələr zənginləşdirilib.

AMM bu il dahi şairin 185 illik yubileyi münasibətilə “Azərbaycan və Şərq ədəbiyyatının nadir inciləri – Seyid Əzim Şirvani qəzəlləri” adlı beynəlxalq elmi konfransın keçirilməsini də planlaşdırıb. Tədbir Azərbaycan və Özbəkistan alimlərinin iştirakı ilə reallaşacaq. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!